AZƏRBAYCAN XANLIQLARI RUSİYANIN İŞĞALÇILIQ SİYASƏTİNƏ QARŞI

Ziyad ƏMRAHOV

AMEA, Elm Tarixi İnstitutunun

Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, t.ü.f.d., dos.

(Üçüncü məqalə)

Şəmşədil sultanlığında Rusiya əleyhinə baş verən üsyan müstəmləkəçilər üçün daha təhlükəli xarakter almışdı. Bir çox xanlar və sultanlar ruslara qarşı vahid cəbhədə birləşmişdilər.

Bütün baş verənlərin fonunda Sisianov Azərbaycanın digər xanlıqlarını da cəzalandırmaq qərarına gəlmişdi. Mirzə Adıgözəl bəy yazır ki, Sisianov şirvanlı Mustafa xanı cəzalandırmaq üçün Şirvana tərəf irəlilədi. Mustafa xan öz qoşunları ilə Fit dağına tərəf çəkildi. Qüvvələr nisbətinin rusların xeyrinə olması Şirvan xanlığının işğalına gətirib çıxardı. 1805-ci il dekabrın 27-də Şamaxı xanlığı da Rusiya tabeliyini qəbul etdi.

Şirvan xanlığının ələ keçirilməsi nəticəsində ruslar Bakı və Lənkəran xanlıqlarını işğal etmək üçün birbaşa quru yolu qazanmış oldular.

Məlum olduğu kimi, Xəzərsahili vilayətlərin, o cümlədən liman şəhəri olan Bakının ələ keçirilməsi hələ I Pyotrun dövründən Rusiyanın müstəmləkəçi hərbi planlarına daxil idi və 1723-1735-ci illərdəki uğursuzluğu aradan qaldırmaq üçün məqam axtarılırdı. Bu məqam artıq yetişməkdə idi.

Rus generalının başı Abbas Mirzə Qacarın hüzuruna aparıldı

Mirzə Camal Cavanşir yazır ki, Böyük Sərdar Şirvandan keçib, Bakı tərəfə hərəkət etdi. General Sisianov Hüseynqulu xanla görüş ərəfəsində ona məktub göndərib, itaətkarlıq tələb edirdi. Məktubda deyilirdi: “Bakı xanlığında dini inam saxlanılır, Hüseynqulu xanın nəsli əsilzadə kimi tanınır, məhkəmə işlərində Bakı komendantının iştirakına toxunulmur”.

Çarəsiz qalan xan şərtləri qəbul edib, qalanın açarlarını P.D.Sisianova təhvil verdi. Onun şərəfinə qalada məclis oldu. Məclisdə P.D.Sisianov və onun köməkçisi Eristov qəlyan çəkdikləri yerdə öldürüldülər. Onları Cənubi Azərbaycandan gələn İbrahim bəy qətlə yetirdi. O, generalın başını kəsib, dərhal onu Qacar vəliəhdi Abbas Mirzənin hüzuruna apardı. Bu xidmətinin müqabilində ona xan rütbəsi verildi.

Beləliklə, Azərbaycanda genişmiqyaslı işğallar həyata keçirən general Sisianov özünü özgə torpaqların “sahibi” kimi aparsa da, layiqli cavabını almış oldu. Bakının ələ keçirilməsi Sisianova qismət olmadı. Onun öldürülməsi Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə bir müddət zərbə vurdu.

P.D.Sisianovdan sonra Qafqazdakı rus qoşunlarının baş komandanı vəzifəsinə qraf İ.V.Qodoviç təyin olundu. Qafqaza yeni baş komandanın təyin edilməsi Azərbaycanın başı üzərindəki təhlükəni yenidən gücləndirdi. Mirzə Camal Cavanşir yazır ki, 1806-cı ilin yay fəslində Qızılbaş qoşunu Qarabağ torpağına yenidən hücuma keçməyə başladı. Gizlincə adamlar göndərib, İbrahim xana yenidən vədə və ümidlər verməyə davam etdilər. Elə qüdrətli ordunun qarşısını almaq üçün Qarabağda mayor Lisaneviçlə yeger dəstəsindən başqa qoşun olmadığından və məhsul vaxtı gəlib çatdığından, İbrahim xan Qarabağ elləri və kəndlərinin ayaqlar altında məhv olmaması üçün, qızılbaşlarla xoşluqla rəftar etməyə başladı. İbrahim xan evini və köçünü Xan bağından köçürüb, qalanın yaxınlığına gətirdi. Gecə mayor bir dəstə qoşunla İbrahim xanın yanına gəldi. İbrahim xan və bir neçə nəfər əhl-əyalı orada öldürüldü. Digər məlumatlarda həmin vaxt xanla birlikdə 35 nəfərin qətlə yetirildiyi qeyd olunur.

Məlumatlar açıq şəkildə göstərir ki, Azərbaycanda siyasi pərakəndəliyin hökm sürməsi, xanlıqların birləşə bilməməsi həm cənub, həm də şimal ərazilərində vəziyyəti mürəkkəbləşdirmişdi. Cənubda hakimiyyəti ələ almağa çalışan Qacarlar sülaləsi, Gürcüstan ərazilərindən isə Rusiya təhlükəsinin yeni müstəviyə keçməsi Azərbaycanın sonrakı taleyinə də dərin izlər buraxdı. Azərbaycan əraziləri uğrunda Qacarlarla Rusiya arasında müharibə başlandı. Müharibənin əsas ağırlıq yükü isə Azərbaycanın, xanlıqların üzərinə düşürdü.

Bakı xanlığı rusların hədəfində

Şəki və Şamaxı xanlıqlarından sonra rus qoşunlarının əsas hədəfi Bakı xanlığı idi. Sisianovun Bakı xanlığında öldürülməsi rus qoşunlarının hücum planlarını bir qədər də gücləndirmişdi. Bütün hazırlıq tədbirlərindən sonra, 1806-cı il iyunun 22-də rus qoşunları Dərbəndin işğalı ilə Bakıya yaxınlaşdılar. General Bulqakov əhaliyə müraciət göndərərək, toxunulmazlıq vəd etdi. Müqavimətin mənasız olduğunu görən Hüseynqulu xan əvvəl Qubaya, oradan da İrana getməyə məcbur oldu. 1806-cı il oktyabrın 3-də isə Bakı işğal olundu. Müstəmləkəçilər Bakı xanlığını ləğv etdilər. Azərbaycanın şimal torpaqları, o cümlədən Bakı xanlığı Rusiyanın hakimiyyəti altına keçdi.

Beləliklə, Qacarlarla Rusiya arasında gedən müharibələrin birinci mərhələsində (1804-1813) Azərbaycanın şimal xanlıqlarında Rusiya əhəmiyyətli dərəcədə möhkəmlənə bildi, Qacarlar isə tədricən Azərbaycanın cənub ərazilərinə sıxışdırıldı.

Bəhs olunan dövrdə beynəlxalq vəziyyət Rusiyanın xeyrinə deyildi. Çar Rusiyasının Cənubi Qafqaza təcavüzü təkcə Qacarlar İranı deyil, Osmanlı imperiyası, Fransa və İngiltərənin də narazılığına səbəb olmuşdu.

Qafqazın ali baş komandanı Qudoviçin mərkəzə göndərdiyi məktublardan aydın olur ki, fransız mühəndisləri Üçkilsə monastırını da (İrəvanda – Z.Ə.) möhkəmləndirməklə məşğul idilər. Hətta fransızlar Qudoviçdən İrəvan diyarından çıxmasını tələb edirdilər [“İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”. Bakı: Azərbaycan, 2010].

Cənubi Qafqazı güzəştə getmək istəməyən Qacarlar dövləti Rusiyanın sülh təkliflərini əvvəlcə qəbul etməsə də, sonradan danışıqlara başlamışdı.

Qacarlar dövləti ilə Rusiya arasında 1813-cü il sentyabrın 27-də Qarabağda – Zeyvə çayı sahilindəki Gülüstan kəndində sülh danışıqları başlandı. Qacarları Mirzə Əbülhəsən Şirazi, rus tərəfini isə Qafqazın baş komandanı Nikolay Rtişev təmsil edirdi. Nəhayət, 1813-cü ilin 12 oktyabr tarixində Rusiya imperiyası ilə Qacarlar dövləti arasında 11 maddəlik sülh müqaviləsi imzalandı. Azərbaycanın Arazdan şimaldakı müstəqil xanlıqlarının (İrəvan və Naxçıvan istisna olmaqla) əraziləri çar Rusiyasının tabeliyinə keçdi. Beləliklə, Azərbaycan xalqının iradəsi nəzərə alınmadan, torpaqları Qacarlar dövləti və Rusiya arasında bölüşdürüldü. Bu, Azərbaycan torpaqlarının Qacarlar dövləti və Rusiya arasında birinci dəfə bölüşdürülməsi idi.

Azərbaycanın şimal ərazilərinin Rusiya tərəfindən itirilməsi ilə barışmayan Qacarlar dövləti 1826-cı il iyulun 19-da Rusiyaya müharibə elan etdi. Əvvəlki mövqelərinin itirilməsi, İrəvan xanlığının qoşunlarının Gürcüstan sərhədlərinə yaxınlaşması Rusiyanın Qafqaza yeni hərbi hissələr göndərməsi ilə nəticələndi. Rusiyanın indi əsas məqsədi İrəvan və Naxçıvan xanlıqlarını işğal edib, Təbrizə qədər olan ərazilərə nəzarət etmək idi.

1826-cı il iyulun 18-də Abbas Mirzənin komandanlığı altında 60 minlik ordu Şimali Azərbaycana soxuldu. Müharibənin ilk günlərində İran ordusu Şimali Azərbaycanın içərilərinə, hətta Şamxora qədər gəlib çıxsa da, rus hərbi qüvvələrinin təzyiqi altında geri çəkilməyə məcbur oldu. 1827-ci ilin əvvəllərinədək Şimali Azərbaycanın, demək olar ki, bütün əyalətləri Qacarlar ordusundan təmizləndi.

Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin sənədlərindən aydın olur ki, müharibənin ilk aylarında – daha dəqiq desək, 1827-ci il martın 12-də imperator I Nikolay Cənubi Qafqazda rus qoşunlarının baş komandanı Yermolova töhmət elan etməklə (Qeyd: Səlahiyyətlərdən sui-istifadə etdiyinə görə imperator I Nikolayın göstərişi ilə Baş Qərargah rəisi İvan İvanoviç Dibiç tərəfindən Yermolova ciddi şəkildə töhmət elan edilmişdir – Z.Ə.), onu İ.Paskeviçlə əvəz etdi.

Beləliklə, göründüyü kimi, bir sıra tədbirlərə əl atan çar hökuməti fəal hərbi əməliyyatlara üstünlük vermişdi. Lakin rus qoşunlarının İrəvan və Naxçıvan uğrunda gedən döyüşlərinin ilkin mərhələsi uğursuzluqla nəticələndi. Naxçıvan və İrəvan şəhəri uğrunda döyüşlərin ilk mərhələsində rus qoşunlarının məğlubiyyətini F.Əliyev belə şərh edir: “Abbas Mirzənin İrəvan qalasında saxladığı qarnizon daha güclü müqavimət göstərirdi. İrəvan xanlığı uğrunda gedən döyüşlərin ilk mərhələsində Paskeviç uğur qazana bilmədi. Çünki bir tərəfdən İrəvanda ingilis silahı ilə yaraqlanmış qarnizon, digər tərəfdən isə rus ordusunun arxasında soyğunçuluqla məşğul olan kürd tayfaları komandanlığın diqqətini yayındırırdı. İqlimin sərtliyi də rus əsgərlərinə mənfi təsir göstərirdi”.

Bütün bunlara baxmayaraq, rus ordusunun yeni qüvvələrinin yaxınlaşması ilə heyətini daha da gücləndirən Paskeviçin komandanlığı altında olan hərbi hissələr İrəvan qalasını yenidən mühasirəyə aldı. Tezliklə rus komandanlığı İrəvan qalasını toplardan atəşə tutdu və oktyabrın 1-də, qanlı döyüşün nəticəsi olaraq, İrəvan qalası tutuldu.

İrəvan şəhərinə daxil olan rus qoşunları azərbaycanlılara divan tutduqları halda, ermənilərə toxunmadılar. I Rusiya-Qacarlar müharibəsi dövründə olduğu kimi, II Rusiya-Qacarlar müharibəsində də ermənilər böyük həvəslə və ümidlə rus ordusuna kömək edir, İrəvan şəhəri, xanlığın coğrafi mövqeyi, döyüş qurğuları və s. haqqında rus komandanlığına xəbər verirdilər. Buna səbəb Rusiya tərəfinin verdiyi vədə əməl edəcəyinə və İrəvan xanlığı ərazisində yeni erməni dövlətinin yaradılmasına kömək edəcəyinə ümid bəsləmələri idi. Bu, istər Rusiyada, istər Cənubi Qafqazda, istərsə də digər ölkələrdə yaşayan ermənilərin fəaliyyətinin əsas məqsədi idi. Həmin məqsədə çatmaq üçün başlıca maneə İrəvan xanları idi ki, onlar da aradan götürülmüşdü.

Türkmənçay müqaviləsi və ermənilərin köçürülməsi

Tezliklə məğlubiyyətin qaçılmaz olduğunu anlayan Qacarlar tərəfi sülh danışıqlarına başladı. 1828-ci il fevralın 10-da Təbriz şəhəri yaxınlığındakı Türkmənçay adlı yerdə sülh müqaviləsi imzalandı. Müqavilənin digər şərtləri ilə yanaşı, İrəvan və Naxçıvan xanlıqları da Rusiya imperiyasının tərkibinə daxil edildi.

Türkmənçay müqaviləsinin 15-ci maddəsinə görə, şah hökuməti müharibə dövründə öz dövlətinə xəyanət edərək, ruslara xidmət etmiş şəxslərin (yəni ermənilərin – red.) Rusiya tabeliyində olan ərazilərə köçməsinə mane olmamalı idi. Bununla da Qacarlar dövlətində yaşayan ermənilərə sərbəst surətdə Rusiyanın himayəsinə keçmək hüququ verildi [А.С.Грибоедов. «Записка о переселении армян из Персии в наши области». Москва, 1971].

Araşdırmalar təsdiq edir ki, ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi layihəsi hələ 1827-ci ildə A.S.Qriboyedovun başçılıq etdiyi Cənubi Qafqaz diyarının diplomatik dəftərxanasında hazırlanmışdı. Rusiyanın İrandakı səfiri A.S.Qriboyedov İranda yaşayan ermənilərin yenicə işğal edilmiş Şimali Azərbaycan torpaqlarına köçürülməsində fəal iştirak edirdi.

Köçürülən ermənilərin yerləşdirilməsi, onlara “vətən qurulması” üçün də çar hakim dairələri ciddi şəkildə çalışırdılar. 1828-ci il martın 21-də İranla müharibənin başa çatması və Rusiya ilə İran arasında sülhün bağlanması haqqında manifest verildi. I Pyotrun zamanından Azərbaycan torpaqlarının işğalı üçün onun etnik mənsubiyyətinin cidd-cəhdlə dəyişdirilməsi burada təsbit edildi. Yeni işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının torpaqları əsasında “Erməni vilayəti”nin yaradılması barədə fərman verildi.

Erməni vilayətinin yaradılmasından sonra bölgədə demoqrafik vəziyyət də xristianların, ermənilərin xeyrinə dəyişməyə başlamışdı. Çar hökumətinin göstərişi ilə fransız mənşəli rus tədqiqatçısı İ.İ.Şopenin 1829-1832-ci illərdə rəsmən həyata keçirdiyi kameral təsvirin nəticələrinə görə, artıq burada 31201 ailə, 164450 nəfər əhali qeydə alınmışdı. Onlardan 16078 ailə (51,53%) – 81749 nəfər (49,71%) müsəlmanlar (azərbaycanlılar); 4428 ailə (14,19%) – 25151 nəfər (15,29%) köçürülməyə qədər burada yaşayan ermənilər; 6949 ailə (22,27%) – 35560 nəfər (21,62%) İrandan köçürülmüş ermənilər; 3682 ailə (11,80%) – 21666 nəfər (13,17%) Türkiyədən köçürülmüş ermənilər idi. Bu faktlardan aydın olduğu kimi, vilayətə İran və Türkiyədən ümumilikdə 10631 ailə (ümumi sayın 34,07%-i) – 57226 nəfər (34,79%) erməni köçürülmüşdü. Belə bir vəziyyət İrəvan şəhərində də müşahidə edilirdi. Rusiyanın İrəvanı işğal etdiyi dövrdə burada 1807 ailə – 7331 nəfər azərbaycanlı (3749 kişi, 3582 qadın), 567 ailə – 2369 nəfər erməni (1220 kişi, 1149 qadın) qeydə alınmışdı. O zaman İrəvanın 9700 nəfərlik əhalisinin 75,6%-i azərbaycanlı, 24,4%-i erməni idi. Çarizmin erməniləri İran və Türkiyədən kütləvi şəkildə Şimali Azərbaycan torpaqlarına köçürməsi nəticəsində İrəvan şəhərində də ermənilərin sayı artdı. 1829-1832-ci illərdə həyata keçirilən kameral təsvirə görə, İrəvan şəhərinə İrandan 366 ailə – 1715 nəfər erməni (903 qadın, 812 kişi), Türkiyədən 11 ailə, yəni 48 nəfər (25 kişi, 23 qadın) köçürülmüşdü. Bu köçürmə nəticəsində İrəvan şəhəri əhalisinin sayı ermənilərin hesabına artaraq, 11463 nəfərə çatmışdı. Nəticədə, azərbaycanlıların sayı 64%-ə enmiş, ermənilərin sayı isə 36%-ə qalxmışdı [И.И.Шопен. «Исторический памятник состояния армянской области в эпоху ее присоединения к Российской империи». СПб., 1852].

Beləliklə, Azərbaycan Səfəvilər imperiyası süqut etdikdən sonra tarixi Azərbaycan ərazilərində siyasi pərakəndəlik hökm sürmüşdü. Əvvəlki imperiyanın itirilmiş siyasi və iqtisadi qüdrətini Nadir şah Əfşar bərpa etməyə cəhd etsə də, bu, uzun müddət davam edə bilmədi. Azərbaycan XVIII əsrin birinci yarısına siyasi dağınıqlıqla qədəm qoydu. 1828-ci ilədək davam edən bu siyasi və iqtisadi dağınıqlıq dövründə yaranmış müstəqil və yarımasılı dövlət qurumları – xanlıqlar da siyasi cəhətdən birləşə bilməmiş, dağınıq şəkildə fəaliyyət göstərmişlər. Regionda yaranmış siyasi pərakəndəlikdən qonşu dövlətlər, xüsusilə çar Rusiyası, Osmanlı imperiyası və Azərbaycanın cənubunda dirçəlməkdə olan Qacarlar dövləti çox məharətlə istifadə etmişlər. Cənubi Qafqazda Osmanlı imperiyasının təsirini heçə endirən çar Rusiyası bu mübarizədən qalib çıxmış, imperiyanın sərhədlərini işğalçılıq yolu ilə Azərbaycan torpaqları hesabına xeyli genişləndirə bilmişdi. Azərbaycan xanlıqlarının xarici müdaxiləyə qarşı vahid cəbhədə birləşə bilməməsi isə çar Rusiyasının işğalçılıq planlarını bir qədər də tezləşdirmişdi. Bununla yanaşı, Rusiyanın müstəmləkəçilik planları Azərbaycan xanlıqları tərəfindən heç də asanlıqla qəbul olunmamış, çar orduları bu planlarını gerçəkləşdirmək üçün Azərbaycan ərazilərində 30 ilə yaxın mübarizə aparmış, xeyli itkilər vermiş, bir çox ordu komandanları, xüsusilə Sisianov kimi qəddar və azğın ali baş komandan öz layiqli cəzasını almışdır. Azərbaycan xanlıqlarının müstəmləkə rejiminə qarşı dirəniş və milli-azadlıq mübarizəsi xüsusilə Gəncə xanlığında, Bakı xanlığında, İrəvan və Naxçıvan xanlıqlarında ən üst səviyyəyə qədər yüksəlmişdi. Bu, həm də Azərbaycan xalqının müstəmləkə rejimini asan şəkildə qəbul etməyəcəyinin göstəricisi idi.

Çar Rusiyası və Qacarlar dövləti arasında gedən çəkişmələrin, müharibələrin əsas ağırlıq yükünün Azərbaycan torpaqlarına düşməsi, son nəticədə, Azərbaycan ərazilərinin iki imperiya arasında parçalanması da Azərbaycanın sonrakı tarixi taleyinə təsirsiz ötüşmədi. Vahid Azərbaycan əraziləri, 1828-ci il Türkmənçay müqaviləsinin şərtlərinə görə, iki yerə parçalandı, Cənubi və Şimali Azərbaycan terminləri, sadə dildə desək, həyata vəsiqə qazandı. Proseslər bununla da yekunlaşmadı, Azərbaycanın İrəvan və Naxçıvan xanlıqlarının əraziləri xristianlar, ermənilər üçün vətən seçildi, ermənilərin bölgəyə köçürülməsi sürətli şəkil aldı, bölgənin demoqrafik vəziyyəti ermənilərin xeyrinə dəyişdirilməklə, bu gün də davam edən Ermənistan-Azərbaycan müharibəsinin təməli qoyuldu.