İran prezidenti kütləvi etirazlar qarşısında geri çəkildi

Şəlalə NOVRUZOVA

İllərdir İranda yaşanan gərginliklər azalmaq bilmir. Zaman-zaman bu ölkədə müxtəlif problemlər mövcud olub, həll edilməmiş problemlər aradan qaldırılmadan, yeniləri meydana gəlib. Son bir neçə gün isə İranda benzinin kəskin bahalaşmasına etiraz olaraq, bütün ölkəni bürüyən kütləvi nümayişlər təhlükəsizlik qüvvələri ilə toqquşmalarla müşaiyət olundu. Qəzəbli kütlə polis məntəqələrini, bankları, yanacaqdoldurma məntəqələrini yandırdı. Hətta baş verən qarşıdurmalar nəticəsində vətəndaş və hökumət nümayəndələri tərəfindən kifayət qədər ölənlər oldu. Artıq bunu İran rəsmiləri də təsdiqləyirlər.

İran benzinin qiymət artımına etiraz aksiyaları ilə çalxalandığı bir vaxtda, prezident Həsən Ruhani yanacağın bahalaşmasından zərər çəkmiş vətəndaşlara kompensasiya ödənilməsi ilə bağlı fərman imzalayıb. Antitezis.az xəbər verir ki, Ruhanı ölkə vətəndaşlarını sakitləşdirmək üçün güzəştə getməyə məcbur olub.

“Yanacağın qiymətinin artmasından zərər çəkən şəxslərə maddi yardımın ayrılması haqqında fərman imzaladım. Dövlətin maliyyə dəstəyi çərçivəsində ödənişlərə bu günlərdə başlayacağıq”, – deyə Ruhani bəyan edib.

Lakin bundan əvvəl İran prezidenti ölkədə yanacağın qiymətlərinin artdığını təqdir etmişdi.

Dörd ildir benzinin qiymətini qaldırmadıqlarını xatırladan Ruhani qiymət artımının əhalinin rifahının yaxşılaşdırılması və aztəminatlı vətəndaşlara yardım məqsədilə tətbiq edildiyini bildirmişdi.

İran prezidenti, iqtisadi böhrana baxmayaraq, hökumətin qiymət artımından qazanc əldə etmək məqsədi güdmədiyini, bütün gəlirlərin 60 milyon insana paylanacağını qeyd etmişdi.

İran Milli Neft Məhsullarının Satışı Şirkətinin verdiyi açıqlamaya görə, dövlət tərəfindən subsidiyalaşdırılmış benzinin litri – aylıq 60 litrə qədər olmaqla – min tüməndən 1500 tümənədək qaldırılıb. Hər maşına bir ayda 60 litrdən çox benzin alındığı təqdirdə, benzinin bir litrinin qiyməti 3 min tümənə qaldırılıb.

Dünyanın ən böyük neft hasilatçılarından biri olan İranda hər bir avtomobilə ayda 60 litr benzin dövlət tərəfindən subsidiyalaşdırılır.

İSNA agentliyinin məlumatına görə, İran hökuməti benzinin bahalaşmasından daha çox əziyyət çəkən imkansız təbəqələrə dünən axşamdan etibarən müavinətlər ödəməyə başlayıb. Müavinətlərin 19 milyona yaxın ailəyə veriləcəyi gözlənilir.

İqtisadiyyat ciddi böhranla üz-üzə

Son günlər ərzində İran İslam Respublikasında baş verən aksiyalarla bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Antitezis.az-a bildirb ki, İranda baş verən aksiyalar ABŞ-ın tətbiq etdiyi sanksiyaların nəticəsidir:

Sədrəddin Soltan

“İran bazarına xarici investisiya qoyuluşunda problem var. Eyni zamanda, İran neftlə yanaşı, digər məhsullarını da xarici bazarlara çıxara bilmir. Bütün bunlar kompleks şəkildə İran iqtisadiyyatına zərbə vurur. Baş verənlər İranın parçalanması, hakimiyyət çevrilişi deyil. Bu, İran iqtisadiyyatının ciddi böhranla üzləşməsidir”.

Qeyd edək ki, ABŞ-ın ardıcıl olaraq tətbiq etdiyi sərt sanksiyalar üzündən, İranda ciddi iqtisadi böhran hökm sürür. Ölkə neft ixracını iki dəfədən çox azaltmalı olub və hazırda nefti ancaq qeyri-leqal sxemlərin köməyi ilə bazara çıxara bilir.

Bu arada isə İran prezidenti Həsən Ruhani ABŞ-ın tətbiq etdiyi sanksiyaları ciddi səhv adlandırıb və bunu Birləşmiş Ştatların beynəlxalq hüququn, normaların pozulması kimi qiymətləndirib.

İran prezidenti vurğulayıb ki, amerikalılar tərəfindən tətbiq olunan sanksiyalar təhlükəsizliyə zərər vurur, regionda, həmçinin bütün dünyada sabitliyi pozur.

ABŞ İranı necə “qarışdırmaq” istəyir?

Donald Tramp ABŞ prezidenti seçiləndən sonra anti-İran siyasəti Ağ Ev üçün əsas prioritetə çevrildi. İndiki məqamda gərgin atmosfer təkcə İrana yox, bütün bölgəyə də təsir edir. Hazırda ABŞ İrana qarşı iqtisadi təzyiqlərini artırmaqdadır. Xarici siyasətdə bu böhrandan istifadə etməyə çalışan ABŞ İranda siyasi sistemin dəyişməsinə səy göstərir. İrana qarşı təzyiq strategiyasını əks etdirən çıxışında isə, ABŞ dövlət katibi Mayk Pompeo İran xalqının liderini yenisi ilə əvəz etmək üçün zamana ehtiyac olduğunu dilə gətirib. Aydın məsələdir ki, ABŞ-ın İranla bağlı müxtəlif planları mövcuddur. Bu isə zaman-zaman özünü göstərir. Lakin İran rejimi də düşünüldüyü qədər miyana deyil. Hazırda İran ətrafında məngənə daralsa da, bu ölkənin siyasi sistemi çökmə astanasına gəlib çatmayıb. Rəhbərliyin sarsılmadığını xüsusilə iki amil aydın şəkildə göstərir. Birincisi, son qırx ildə rejim artan sanksiyalar qarşısında tab gətirə bilib. Sanksiyaların yeni dövrü ərəfəsində İranın dözüm gətirdiyi əvvəlki mərhələdən daha pis olma ehtimalı yoxdur. Bunu Ağ Evdə də yaxşı anlayırlar. Ona görə də hazırda ABŞ, sanksiyalarla yanaşı İranda, Misir, Suriya, Livan, Yəmən və İrak da daxil olmaqla, oxşar ssenarilər üzərində çalışır.

“Ərəb baharı” da sosial problemlərdən başlayaraq siyasiləşmişdi və bu gün Suriyada qlobal mübarizəyə çevrilib. Yaxın keçmişə nəzər salsaq görərik ki, ərəb ölkələrində aksiyalardakı şüarlarla İrandakı şüarlar arasında bənzərlik var: Misirdə insanlar “biz evlənmək istəyirik!” şüarı altında sosial problemləri gündəmə gətirərək, küçələrə çıxdılar və nəticə etibarilə, Mübarək devrildi. İranda da bu gün sosial problemləri əlində bayraq edərək küçəyə axışanlar sonradan siyasi şüarlar səsləndirdilər. Hazırda ümumi mənzərə İranda “inqilab ssenarisi”nin növbəti cəhdinin edildiyinə işarə edir. Burada əsas sual isə prosesin arxasında kim(lər)in dayandığıdır. Etirazçıların qaldırdığı sosial problemlər uydurma deyil, həqiqətən də İranda bahalaşma, iqtisadi geriləmə, işsizlik mövcuddur və insanların buna etiraz etməsi təbii qarşılana bilər. Bu, aksiyaların “idarəolunan xaos” nəzəriyyəsi əsasında kənardan idarə edildiyi ehtimalını gücləndirir. Təbii ki, aksiyaların sonrakı davamı nəticəyə təsir edəcək, lakin hazırkı məqamda etirazçılar nəyəsə nail olmasalar belə, prosesin artıq işə düşdüyünü hesab etmək olar.

İğtişaşlar 80 faiz səngiyib

İranda benzinin bahalaşması ilə əlaqədar baş verən iğtişaşlar artıq 80%-dən çox səngiyib.

Bunu, Antitezis.az-ın məlumatına görə, İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, qalan cüzi məsələlər bir-iki günə tam həllini tapacaqdır:

“Benzinin qiymətinin bahalaşmasından sonra öz məişət durumundan nigaran olan İran vətəndaşları haqlı olaraq dinc etirazlar ediblər. Amma bəziləri bu vəziyyətdən sui-istifadə edərək, bankları və yanacaqdoldurma məntəqələrini yandırıb, qaz və digər infrastrukturlara ziyan vurublar”, – deyə Əli Rəbii vurğulayıb.

Bundan əlavə, İran hökumətinin rəsmisi bildirib ki, etirazlar zamanı həmin şəxslər tərəfindən dəfələrlə odlu və soyuq silahlardan istifadə olunub.

Rəbiinin sözlərinə görə, İran dövləti etiraz haqqını xalqının haqqı hesab edir, amma xalqla iğtişaşçılar arasında fərq vardır.

Ölənlərin sayı 200-dən çoxdur?

Beynəlxalq “Amnesty International” hüquq-müdafiə təşkilatının açıqladığı məlumatda İranda noyabrın 15-dən başlayan etirazlarda 106 nəfərin öldürüldüyü bildirilib. Təşkilatının əldə etdiyi etibarlı məlumatlara görə, 21 şəhərdə ən azı 106 etirazçı öldürülüb. “Amnesty International” hesab edir ki, ölənlərin sayı bundan daha çox ola bilər və bəzi məlumatlara görə, 200 nəfərin öldüyü ehtimal olunur.

İnsan haqları təşkilatının verdiyi məlumata əsasən, videogörüntülər, şahidlərin ifadələri, habelə xaricdəki hüquq müdafiəçiləri tərəfindən toplanan məlumatlar İran təhlükəsizlik qüvvələrinin etirazçıları dağıtmaq üçün odlu silahlardan, su şırnağından, gözyaşardıcı qazdan istifadə etdiyini və nümayişçiləri dəyənəklərlə döydüyünü bildirir.

“Amnesty International” tərəfindən araşdırılmış videogörüntülərdə insan kütlələrinə damlardan snayperlərlə və bir halda helikopterdən atəş açıldığı göstərilir. Təşkilat İran hakimiyyətini vətəndaşların dinc toplaşma və ifadə azadlığı hüquqlarına hörmət etməyə və İnternet xidmətinin dayandılırlmasına qəti şəkildə son qoymağa çağırıb.

“Rəsmilər dərhal bu qəddar və ölümcül basqıları dayandırmalı və insan həyatına hörmət göstərməlidir”, – deyə “Amnesty İnternational” təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Filip Luter bildirib.

“Etirazçıların az bir qismi zorakılığa əl atsa da, polis həmişə təmkinli olmalı və üzləşdiyi zorakılığa cavab olaraq mütləq, mütənasib və qanuni olandan artıq güc tətbiq etməməlidir. Bir neçə şəxs tərəfindən göstərilən zorakılıq intizamsız və düşüncəsiz reaksiyaya əsas vermir”, – deyə Filip Luter bildirib.

“Düşmən agentləri” kimlərdir?

Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi və Zəncan vilayətinin baş prokuroru Höccətül-İslam İsmayıl Sadıqi bu barədə mətbuata məlumat veriblər. Zəncan vilayətinin baş prokuroru etiraz aksiyalarında tutulan vətəndaşları “düşmən agentləri” adlandırıb.

“Tasnim” agentliyinin xəbərinə görə, vali Məhəmmədrza Purməhəmmədi Şərqi Azərbaycan vilayətində təqribən 40 nəfərin nəzarət altına alındığını bildirib. Purməhəmmədi tutulanların bir çoxunun “yerli olmadığı” haqqında iddia irəli sürüb.

“Təbrizdə yerli olmayan iğtişaşçılar tutulub. Tutulanlar arasında bu vilayətin sakini olanların sayı azdır”, – deyə vali bildirib.

Zəncan vilayətinin baş prokuroru Höccətül-İslam Sadıqi isə Zəncanda etirazlara qatılan 30 nəfərin saxlanıldığını bildirib.

BMT-nin narahatlığı və ABŞ-ın çağırışı

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Bürosu İranda təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı güc tətbiq etməsi ilə bağlı dərin narahatlığını bildirib. BMT-nin İnsan Hüquqları Bürosu çərşənbə axşamı günü İran təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı döyüş güllələrindən istifadə etməsindən dərin narahatlığını ifadə edərək, hakimiyyəti yanacağın qiymətinin artmasına səbəb olan etirazları dağıtmaq üçün güc tətbiqindən imtina etməyə çağırıb.

BMT-nin İnsan Hüquqları Bürosunun sözçüsü Rupert Kolvill İran hakimiyyətini şənbə günündən bəri dayandırılmış İnternet xidmətlərini bərpa etməyə və etirazçıların ifadə azadlığı və dinc toplaşma hüquqlarını tanımağa çağırıb. O həmçinin deyib ki, Birləşmiş Millətlər Təşkilatının əldə etdiyi məlumatlara görə, İranda etirazlar əsnasında onlarla insan həyatını itirib. O, Cenevrədə keçirilən brifinqdə itkilərin miqyasının “çox ciddi” olduğunu əlavə edib.

ABŞ dövlət katibi Maykl Pompeo da İran hakimiyyətini xalqa qarşı güc tətbiqini dayandırmağa səsləyib. “Biz bu rejimin İran xalqına qarşı törətdiyi hər hansı bir zorakılıq hərəkətini qınayırıq və bir neçə ölüm hadisəsi ilə əlaqədar narahatlıq keçiririk. İslam Respublikası öz xalqına qarşı zorakılığı dayandırmalı və bütün iranlıların pulsuz və açıq İnternet əldə etmək imkanlarını dərhal bərpa etməlidir. Dünya baxır», – deyə ABŞ dövlət katibi bildirib.

Londonda yerləşən NetBlocks İnternet müşahidəsi idarəsinin direktoru Alp Toker “Amerikanın Səsi”nə bildirib ki, İranda İnternetin bloklanması veb-səhifələrinə çıxışı qeyri-mümkün edib.

«Bu, əslində qaranlığa yaxınlıqdır. Ölkədən kənarda bir neçə İnternet marşrutu var, amma bunlar hazırda çox texniki olduqlarından, əksəriyyət üçün bu tədbirləri aşmaq praktiki deyil. Texniki cəhətdən fərasətli iranlılar mobil cihazdan çox sabit bir xətt və ya genişzolaqlı bağlantıdan istifadə edərək, İnternet əldə edə bilərlər”, – deyə Toker əlavə edib.