Müxalifətin «miqrasiya mafiyası» Avropada mühacir statusu almaq üçün ermənilərə də yardım göstərirmiş

Vasif MƏMMƏDOV

Azərbaycandakı müxalif partiyaların, ayrı-ayrı hüquq müdafiəçilərinin “mühacir biznesi” ilə məşğul olduqları barədə iddialar illərdir səsləndirilməkdədir. Son günlər isə bu iddiaların sayı və miqyası Almaniyada mühacirlərin qanunsuz yollarla ölkəyə gətirilməsi ilə bağlı aparılan həbslərdən sonra daha da artıb. Hazırda yayılan məlumatlarda ölkədə tanınmış şəxslərin, ictimai fiqurların, “Müsavat” Partiyası üzvlərinin adlarının bu qalmaqalda hallanması gündəmi zəbt edib.

“Leqat” İnteqrasiya Mərkəzinin ermənilərlə işbirliyi

Mühacir alverinə görə Almaniya polisi tərəfindən saxlanılan «Leqat» İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin hazırladığı bir çox saxta sənədlərin fotoları sosial şəbəkələrdə yayılmaqdadır.

Alman polisinin başladığı araşdırmalardan sonra bu kimi saxta arayışlar nəticəsində xeyli «mühacir»in üzə çıxacağı gözlənilir. Hətta onların mühacir statusunun ləğv olunması, Azərbaycana deportasiya ediləcəyi ehtimalı da böyükdür.

Məsələ ilə bağlı hazırda Almaniyanın Gütersloh şəhərində mühacir həyatı yaşayan Xəyal Rzayevin Antitezis.az-a bildirdiyinə görə, Əlövsət Əliyevin rəhbərlik etdiyi “Leqat” İnteqrasiya Mərkəzi Almaniyaya Ermənistandan qaçıb gələnlərə də mühacir statusu almaq üçün yardım göstərirmiş:

“Əlövsət Əliyevin rəhbərlik etdiyi “Leqat” İnteqrasiya Mərkəzi təkcə azərbaycanlılara deyil, ermənilərə də mühacir statusu almaq üçün pullu xidmət göstərirdi. Mənə bunu qaçqınlar üçün müvəqqəti saxlanılma düşərgəsində bir yerdə qaldığımız Akop Aqanisyan adlı erməni danışmışdı. O bildirirdi ki, Əlövsət Əliyev ona 5000 avro müqabilində Azərbaycanda döğulduğu barədə keçmiş SSRİ-nin doğum şəhadətnaməsini və eləcə də pasportunu düzəldib. Əlövsət Əliyevin “Leqat” İnteqrasiya Mərkəzinin verdiyi arayışlarında isə göstərilirdi ki, Azərbaycanda ermənilərə qarşı aparılan etnik təmizləmələrə görə, guya bu vətəndaşın həyatı təhlükədədir. Bunun nə demək olduğunu təsəvvür edirsiniz?! Bu, Azərbaycan xalqına və dövlətinə qarşı cinayətdir!”, – deyə Rzayev bildirdi.

Xatırladaq ki, Əlövsət Əliyev 1995-2000-ci illərdə Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı Baş İdarəsinin rəisi olub. Ehtimal etmək olar ki, Əlövsət Əliyev o dövrdə ləğv edilmiş SSRİ pasportlarının bir qismini “arxa plan” üçün özündə saxlayaraq, sonradan həmin pasportlardan gəlir əldə etmək məqsədi ilə yararlanırmış.

“Mühacir biznesi” uğrunda qızğın mübarizə

Miqrant alveri ilə məşğul olan “Müsavat” və AXCP partiyaları yaxşı anlayır ki, siyasi sığınacaq almağın asan yolu öz ölkəsində fəaliyyətinə görə təqib olunduğunu təsdiqləməkdən keçir. Ailəsinin və özünün həyatının təhlükədə olmasının rahat “sübutu” isə cibində müxalifət partiyasının vəsiqəsini gəzdirməkdir. Yaxud da kütləvi aksiyalarda çoxlu şəkil çəkdirib, həmin şəxslərdən məzlum obrazı düzəltməklə, özlərinə məxsus olan mətbu orqanlarda tirajlamaqdır. Maraqlıdır ki, Azərbaycandan olan iki radikal müxalifət partiyası bu cür vasitələrlə Avropa ölkələrini necə “barmaqlarına dolaya” biliblər?

Azərbaycandan saxta arayışla Avropa ölkələrinə mühacir göndərilməsi biznesinin arxasında məhz AXCP-“Müsavat” cütlüyü dayanır desək, heç də yanılmarıq. Vaxtilə 1 illik hakimiyyətləri dövründə ölkəni bərbad günə qoyan bu komanda indi də ölkəmizdə siyasi mühacir biznesi yaradaraq, vətəndaşlarımızı yoldan çıxarıb, dövlətçiliyimizə məqsədli şəkildə zərbələr vurmaqla məşğuldur. Ancaq artıq zaman yetişib və Avropa öləkələri, o cümlədən başda Almaniya dövləti olmaqla, saxta siyasi mühacirlərə qarşı ciddi mübarizə aparmağa qərar veriblər. Təbii ki, Azərbaycan hüquq-mühafizə orqanlarının da bundan sonra ölkə daxilində mühacir biznesi ilə bağlı ciddi araşdırmalara başlayacağını deyə bilərik. Çünki ortada çox ciddi təkzibedilməz faktlar mövcuddur.

Bir neçə il əvvəl Azərbaycanın Baş Prokurorluğu tərəfindən qanunsuz mühacir biznesi ilə bağlı cinayət işinin açılmasına və bu cinayət işi ilə əlaqədar ifadələrinin alındığına baxmayaraq, başda Arif Hacılı olmaqla, “Müsavat” Partiyasının rəhbərliyi öz çirkin niyyətlərindən daşınmayıblar.

Getdikcə artan narazılıqlar

Miqrant alverçilərinin hamısının birbaşa “Müsavat” Partiyası ilə əlbir olması isə bu partiya ilə az-çox əlaqəli olan şəxsləri qəzəbləndirib. Onlar sosial şəbəkələrdəki şəxsi səhifələri vasitəsilə narazılıqlarını dilə gətiriblər.

“Müsavat”da hazırkı idarəçiliyə və qanunsuzluqlara qarşı çıxan sabiq məclis üzvü Alya Yaqublu baş verənləri “Əsrin fırıldağı” adlandırıb: “Bizi bu adamlara görə düşmən elan elədilər. Onlara qarşı çıxdığımız üçün. Şəxsən mənə buna görə “Sizin maraqlarınız hakimiyyətin maraqları ilə üst-üstə düşür” dedilər. Halbuki böyük Məmmədəmin Rəsulzadə hələ 100 il əvvəl xəbərdarlıq eləmiş, “Şübhəsiz, həqiqət bir gün parlayacaqdır” demişdi. Tərifləyənlər və dəstəkləyənlər, utanın! Susanlar, siz də!”

“Müsavat” başqanının sabiq müavini Elman Fəttah da saxta mühacir biznesindən çoxdan xəbərdar olduğunu yazıb: “İndi həbs olunduqları deyilən və hələ adı çəkilməyənlərin də aid olduğu dəstənin saxta siyasi mühacir işi ilə əlaqəli olduqlarından çoxdan şübhələnirdik. Partiya rəhbərliyində təmsil olunduğum vaxt bu mühacir rüsvayçılığının davasını çox apardım. Heç nəyə nail ola bilməyəcəyimi anladığımda isə, müavinlikdən istefa verdim. Anlaşılan, hər şey üzə çıxmağa başlayır”.

Qısaca olaraq xatırladaq ki, mühacir alveri ilə məşğul olduğu bildirilən bu şəbəkə Azərbaycandan vətəndaşları aldadaraq, pul müqabilində onlara saxta sənədlər, arayışlar verib, habelə onların Almaniyaya səfərini təşkil edib, orada yerləşdirib və s. xidmətlər göstərib. Uzun illər ərzində minlərlə insan bu şəbəkənin xidmətlərindən yararlanıb, əksəriyyətinin külli miqdarda vəsait xərclədiyinə baxmayaraq, oturum ala bilməyib və ölkədən deport olunublar.

Biz isə, öz növbəmizdə, qeyd etmək istərdik ki, hamı xoş güzəran, yaxşı təhsil, mükəmməl səhiyyə arzusundadır. Lakin Vətəni tərk edərək, dünyanın hansısa ölkəsində ikinci dərəcəli adama çevrilmək vəziyyətdən çıxış yolu deyil. Maarifçilərimiz «yolumuz Avropayadır» deyəndə, ölkəni tərk etməyi, qərib diyara sığınmağı yox, Vətəni Avropaya çevirib, müasir təfəkkürlü olmağı nəzərdə tuturdular. Azərbaycanda vətəndaşın öz potensialını reallaşdırması üçün heç də bütün imkanlar tükənməyib, sadəcə buna inanmaq və səy göstərmək gərəkdir.