AZƏRBAYCAN XANLIQLARI RUSİYANIN İŞĞALÇILIQ SİYASƏTİNƏ QARŞI

Ziyad ƏMRAHOV

AMEA, Elm Tarixi İnstitutunun

Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, t.ü.f.d., dos.

 (İkinci məqalə)

Gəncə xanlığı ətrafında qurulan məkrli planlar

Aparılan araşdırmalardan məlum olur ki, Qafqazda general Knorrinqin fəaliyyətsizliyi çar I Aleksandrı qane etmirdi. Tezliklə çar fərmanı ilə Knorrinqi Qafqazdakı rus qoşunlarının yeni ali baş komandanı P.D.Sisianov əvəz edir. P.D.Sisianov bu vəzifəyə 1803-cü ilin fevralında başlayır.

Mənbələrdən aydın olur ki, 1802-ci ilin dekabrında general Knorrinq P.Sisianova yazdığı məktubunda “Gürcüstandan kənarda olan vəziyyəti” təsvir edərkən, ona Cavad xan haqqında aşağıdakı məlumatı vermişdi: “Gəncəli Cavad xan Gürcüstanı ən birinci istəməyənlərdəndir. Onun Gəncə ilə həmsərhədd olan Gürcüstan vilayəti Şəmşədilə qarşı iddiası var, guya bura bineyi-qədimdən Gəncənin olub”.

Göründüyü kimi, Qafqazın ali baş komandanı vəzifəsinin icrasına başlayar-başlamaz, Sisianov Gəncə xanlığı haqqında məkrli planlarına keçdi.

1803-cü ilin fevralında Gürcüstana gələn Sisianov 23 fevralda Cavad xana Rusiyanın himayəliyini qəbul etmək və sadiqliyini təsdiq etmək məqsədilə, guya oğlu Uğurlu ağanı girov kimi Tiflisə yollamaq tələbli məktub göndərdi. Məktubda deyilirdi: “Mənim bu tələbimin yerinə yetirilməsini Sizin açıq ürəkdən xoş niyyətinizin təminatı hesab edirəm və onda… Gəncə ilə Gürcüstan arasında heç bir fərq olmayacaq…”

Bütün baş verənləri diqqətlə nəzərdən keçirən Cavad xan Sisianovun tələblərinə rədd cavabı verdi. Hadisələrin sonrakı inkişafı göstərdi ki, çar Rusiyası Qafqazın işğalından əl çəkmək niyyətində deyil. Cənubi Qafqazda həyata keçiriləcək hərbi əməliyyatların planını göstərən “ali çar” fərmanının elan edilməsi də deyilənləri təsdiq edirdi. Fərman 1803-cü il martın 19-da elan olundu. Çarizmin “şərq siyasətini” əks etdirən bu plana Azərbaycan torpaqlarının da işğalı daxil idi [Всеподданнейший рапорт Цицианова от 27.04.1803 г. АКАК, т. 2, с. 289, док. № 566].

Çara cavab məktubunda qoşununun sayca azlığını bildirən Sisianov Gəncənin ələ keçirilməsini “birinci yerə qoyur” və bunu Cavad xanın tez-tez Şəmşədilə basqınlar etməsi ilə izah edirdi.

Çar tərəfindən elan olunmuş digər bir reskriptdə isə Sisianovun öz məqsədlərinə çatmaq üçün erməni əhalisinin xidmətlərindən yararlanması və onları Rusiyanın tərəfinə çəkməsi göstərilirdi. Reskriptdə deyilirdi: “Ermənilər bir sənayeçi və Asiyanın bir hissəsinin bütün ticarətini əllərində saxlayan xalq kimi, bizim diqqətimizə və müdafiəmizə layiqdirlər, Belə ki, onlar Persiyada sıxışdırıldıqları halda, özlərini Rusiya hökumətinin qənaətbəxş təşkilatçılığı ilə nə qədər tez təmin olunmuş hesab etsələr, çox hissəsinin Gürcüstanda məskən salacağına şübhə ola bilməz”. Beləliklə, məlumatlar göstərir ki, çar hakim dairələri Qafqazın işğalı üçün “bütün imkanları” nəzərdən keçirməklə, hücumun çox qısa zamanda başlanmasını planlaşdırmışdılar. Hətta bu yolda, yuxarıda qeyd etdiyimiz kimi, ermənilər də unudulmamışdı.

Onu da qeyd etmək lazımdır ki, bütün ermənilərin katolikosu Danil məhz bu vaxt Tehranda həbsdə saxlanılırdı. Sisianov yerli erməni əhalisinin rəğbətini qazanmaq və gələcəkdə onların köməyini əldə edə bilmək üçün katolikosu həbsdən azad etməyi düşünürdü.

Aparılan araşdırmalar İrəvan xanı Məhəmmədin bu dövrdə Danili İrəvana buraxmadığını göstərir. Çünki Üçkilsədə bu zaman xanın yaxın adamı David katolikos taxtına əyləşmişdi.

İrəvanlı Məhəmməd xanın haqlı tələblərini və addımlarını həzm edə bilməyən Sisianov Məhəmməd xana göndərdiyi məktubunda da ondan itaətkarlıq tələb edir, Rusiyanın təbəəliyini qəbul etməsini bir şərt kimi irəli sürürdü. Lakin İrəvan xanı Məhəmməd vəziyyəti düzgün qiymətləndirərək, Sisianovun heç bir şərtini qəbul etmir.

Bütün diqqətini bəhs olunan dövrdə Gəncə üzərinə yönəldən Sisianov yürüşü mümkün qədər tez başlamaq üçün qəti addımlar atır. Bu məqsədlə Gürcüstana daha iki alay gətirilir. Noyabrın 22-də Gəncə xanlığı üzərinə yürüş başlanır. Noyabrın 29-da Şəmkir yaxınlığına gələn Sisianov Cavad xana xəbər göndərib, Gəncə qalasının verilməsini tələb edir və bu tələbini belə əsaslandırır: “Gəncə torpaqlarına ayaq basaraq, gəlişimin səbəbini Sizə bəyan edirəm: birincisi, Gəncə və onun dairəsi çariça Tamaranın dövründə Gürcüstana mənsub olub və gürcü çarlarının zəifliyi üzündən onlardan alınıb. Ümumrusiya imperiyası Gürcüstanı özünün yüksək qüdrətli himayə və təbəəliyinə qəbul etməklə, Gürcüstanın parçalanmasına laqeyd qala bilməz və Allahın ucaltdığı Rusiya imperiyasının gücü və yüksək qüdrətli ləyaqəti ilə Gürcüstanın mülkü və hissəsi kimi Gəncənin yad əllərdə qalmasına razı olmaz. İkincisi, Siz, zati-aliləri mənim Gürcüstana gəlişimdən sonra oğlunuzu əmanət olaraq tələb etdiyim məktuba altı il əvvəl Rusiya təbəəsi olduğunuz halda, Qacarlardan ehtiyat etdyiniz cavabını verdiniz…”

İşğalçılıq planlarının ruhuna uyğun yazılmış məktubdan da göründüyü kimi, Sisianov Gəncənin işğalını, guya tarixin ədalətli dəlili ilə əsaslandırmağa çalışırdı. Gəncənin guya nə vaxtsa çariça Tamarın (1184-1213) hakimiyyəti altında olduğunu təqdim etməklə, tarixdən də xəbərsiz olduğunu nümayiş etdirirdi.

Bu məktuba cavabında Cavad xan Sisianova tarixi həqiqətləri ətraflı izah etmişdi. Məktubda deyilirdi: “Sən çariça Tamaranın dövründə Gəncənin Gürcüstanın tabeliyində olduğunu yazırsan. Bu hekayətinə heç kim inanmaz, bizim əcdadlarımız olan Abbasqulu xan və başqaları Gürcüstanı idarə ediblər. İnanmırsansa, Gürcüstanda çoxdan yaşayanlardan soruş…” Cavad xanın məktubu Sisianova şəhəri öz xoşu ilə verməyəcəyini və öz mülkü uğrunda sonadək mübarizə aparacağını bir daha təsdiqləyirdi.

Sisianovun Gəncə xanı Cavad xana eyni məzmunlu məktubu bir neçə dəfə təkrar olundu. Lakin Cavad xanın təslim olmadığını görən Sisianov dekabrın 2-də hərbi əməliyyatlara başladı. Rus hərb tarixçisi N.F.Dubrovin yazır ki, gəncəlilərin şiddətli müqavimətinə baxmayaraq, bu döyüşdə onların tərəfində vuruşan 200 şəmşədilli və 300 erməni podpolkovnik Simanoviçin ordusu ilə toqquşmadan sonra təslim oldular. Sisianovun 1803-cü il dekabrın 9-da Cavad xana göndərdiyi növbəti məktubunda da Gəncənin dərhal təslim edilməsi tələb olunurdu. Məktubda deyilirdi: “Knyaz Sisianov bir daha zati-aliləri gəncəli Cavad xandan qalanı Rusiya “naçalnikinin” qoşunlarının ixtiyarına təslim edib-etməyəcəyini soruşur”. Dekabrın 11-də Sisianov Cavad xandan “Əvvəl qalanın mühasirəsi götürülsün, sonra danışıqlar başlaya bilər!” məzmunlu cavab alır.

Beləliklə, Gəncənin rus qoşunları tərəfindən mühasirəsindən bir ay keçir. Bu vaxt ərzində Sisianov Cavad xana şəhərin təslim olunmasını tələb edən altı məktub göndərmiş və hamısına rədd cavabı almışdı. Belə bir şəraitdə, 1804-cü il yanvarın 1-də Sisianov general-mayor Portnyaginin, polkovnik Karyaginin də üzv olduqları Hərbi Şuranı toplayır. Şuranın qərarı ilə qalaya hücum 1804-cü il yanvarın 3-ə təyin olunur.

Gəncəlilərin hər qarış torpaq uğrunda mətanətli mübarizəsi

Mənbələr yazır ki, düşmən qüvvələrinin sayca üstünlüyünə baxmayaraq, gəncəlilər hər qarış torpaqları uğrunda mətanətlə mübarizə aparır, öz şəhərlərini işğalçılardan qorumağa çalışırdılar. Bütün bunlara baxmayaraq, müdafiəçilərin qüvvəsi tükənməkdə idi. Rus qoşunlarına başçılıq edən Karyaginin ikinci qoşun dəstəsi ciddi müqavimətdən sonra “Qafar bəy qalası”, “Hacı xan qalası” qüllələrini tutdu. Lisaneviçin başçılıq etdiyi dəstələr ön cərgələrdə vuruşan Cavad xanı və döyüşçülərini tüfənglə qətlə yetirdilər [“Взятие Гянджи”. Московский телеграф. 1825, т. 5].

Həmçinin mənbələrdən rus qoşunlarının qarətinin dəhşətli şəkil aldığı da məlum olur. Şəhər əhalisinin əksəriyyəti Cümə məscidində gizlənmişdi. Qeyd edək ki, Gəncə xanlığı bütün Azərbaycanın açarı hesab olunurdu və bunu diqqətlə izləyən Sisianov məhz bu qələbəyə böyük əhəmiyyət verirdi. O, qraf A.Vorontsova göndərdiyi xəbərində yazırdı: “Gəncə qalası bütün Azərbaycanı qorxu içində saxlayır və Xəzər dənizi ilə gürcülərin ticarət etmələrinə imkan yarada bilər”. Sisianov eyni məzmunlu məktubu yanvarın 8-də Qafqazın mülki qubernatoru Kasparova da göndərmişdi.

1804-cü il yanvarın 10-da Sisianov qələbə münasibətilə Rusiya imperatoru I Aleksandra rus ordusunun “şücaətlərindən” iftixarla bəhs edərək, Gəncənin alınmasında olan rolunu həddən artıq şişirdirdi. Sisianov bir az da irəli gedərək, məktubunda çara iltifatla Gəncənin adının dəyişdirilməsini təklif etmişdi. Məktubda deyilirdi: “Əlahəzrət imperator mənim bu acizanə xahişimi bəyənilməyə layiq bilib izin versə, həmin yerin adının imperatriçə həzrətləri Yelizaveta Alekseyevnanın müqəddəs adı şərəfinə Yelizavetpol qoyulmasını xahiş etməyə cəsarət edərdim”.

Mənbələrdən aydın olur ki, I Aleksandr şəhərin adının dəyişdirilməsinə razılıq verir və knyaz Volkonskiyə 19 may 1804-cü il tarixli reskriptindəki sərəncama görə, Gəncə xanlığının bütün camaatına imtiyaz verərək, onları bir ilin vergisindən azad edir.

Beləliklə, çarizmin işğalçı siyasəti nəticəsində günahsız insanların qırğınları ilə yanaşı, Gəncədə uzun müddət hakimlik etmiş Ziyadoğlular sülaləsinin hakimiyyətinə də son qoyuldu, Şimali Azərbaycan xanlıqlarının müstəqilliyinin süqutu başlandı.

Mənbələrdən Gəncə xanı Cavad xanın aqibətinin ağır olduğu görünür. Cavad xan və ortancıl oğlu Hüseynqulu Gəncə qalasının müdafiəsi zamanı qəhrəmanlıqla həlak oldular. İki oğlu – Uğurlu xan və Əliqulu xan isə hücum zamanı blokadanı yarıb düşməndən qurtularaq, Qarabağ xanlığına gedib çıxa bilmişlər.

Gəncə xanlığının çarizmin Azərbaycandakı işağlçılıq siyasətinə müqavimətinin məğlubiyyətlə başa çatması Azərbaycanı gözləyən gələcək fəlakətlərdən xəbər verirdi.

İbrahimxəlil xanın təslimçilik mövqeyi

Şimali Azərbaycan xanlıqları arasında öz qüdrəti ilə seçilən Qarabağ xanlığı da yarandığı gündən müstəqil xanlıqlardan biri kimi Azərbaycan tarixində öz izini qoydu.

“Qarabağnamə”nin müəllifləri Qarabağ xanlığının yaranmasını sarıcallı Pənahəli xanın adı ilə əlaqələndirirlər. Mənbələrdən aydın olur ki, Pənahəli xanın qüdrətli bir Qarabağ hakimi kimi tanınmasında Hacı Çələbi və onun müttəfiqlərinin Qarabağ üzərinə uğursuz yürüşü mühüm rol oynamışdı. Hacı Çələbi Qarabağdan qayıdarkən demişdi: “Pənahəli xan bu vaxta qədər bir parça gümüş idi, biz gəldik, ona sikkə vurduq və qayıtdıq” [Mirzə Adıgözəl bəy. “Qarabağnamə//Qarabağnamələr”. Birinci kitab. Bakı: “Yazıçı”, 1989].

Aparılan araşdırmalar göstərir ki, Pənah xan Qarabağı vahid xanlıq halında birləşdirmək uğrunda mübarizəsini bir an da olsun dayandırmırdı. Pənahəli xanın müəyyən bir müddət Gəncə, İrəvan, Naxçıvan və xüsusilə Ərdəbil xanlıqları üzərində güclü təsiri olmuşdu.

Azərbaycanın görkəmli tarixçisi A.A.Bakıxanov yazır ki, xanlığın artan qüdrəti qısa zamanda ətraf bölgələrə də yayılmışdı. Bununla əlaqədar xanlıqda bir çox qalalar tikilmişdi. Şuşa qalasının əsası 1750-ci ildə qoyulmuşdu.

Qarabağ xanlığının ərazisinin getdikcə genişlənməsi, qonşu xanlardan bir neçəsinin Pənah xana tabe olması və nəticədə yeni şəhərin də hərbi-strateji baxımdan sərfəli bir yerdə inşası, sözsüz ki, Azərbaycan uğrunda mübarizə aparan qüvvələr tərəfindən yaxından izlənilirdi. Bu, Azərbaycanın cənubunda bütöv Azərbaycan yaratmağa çalışan Qacarların, şimaldan isə gözlənilən Rusiyanın təcavüzü idi.

Qacarların Şuşa ətrafında uğursuz hərbi əməliyyatlarından, Gəncə xanlığının işğalından sonra meydanı Rusiya tutmuşdu. Məlum olduğu kimi, 1801-1802-ci illərdə Qafqazdakı Rusiya qoşunlarına K.Knorrinq komandanlıq etmiş və onu bu vəzifədə 1802-ci ildən etibarən P.D.Sisianov əvəz etmişdi.

XIX əsrin əvvəllərində Qarabağ xanlığının daxili vəziyyəti son dərəcə mürəkkəb olaraq qalırdı. Ağa Məhəmməd şah Qacarın hücumlarından sonra əhali səfalətə uğramış, qıtlıq başlanmışdı. Burada başqa səbəblər də var idi. Xanlıq ərazisində yaşayan xristianların bir hissəsinin Rusiya imperiyasına meyllənməsi Qarabağ xanlığının vəziyyətini çətin duruma salmışdı.

Mirzə Camal Cavanşir yazır ki, Sisianov mayor Lisaneviçi Gəncə qalasından İbrahim xanın yanına göndərib, “onu mərhəmətli Rusiya padşahına itaət etməyə dəvət etdi və İbrahim xan mayora xoş cavablar verərək, onu ehtiramla və hörmətlə yazılmış məktublarla yola saldı”.

Rus çarizminin Qafqazdakı ordularının komandanı Sisianovun Gəncədəki qırğınları Azərbaycanın digər xanlıqlarına da ağır təsir etmişdi. Aparılan araşdırmalar göstərir ki, İbrahimxəlil xanın sarayında ikitirəlik yaranmışdı. Bir qrup Qacarlara meyllənir, digər qrup isə Gəncə xanlığının aqibətini yaşamamaq üçün, Rusiya tərəfinə meyl edirdi. Gərgin fikir ayrılıqlarına baxmayaraq, rusiyameylli qüvvələr son nəticədə qələbə çaldı.

Görkəmli Azərbaycan tarixiçisi Əhməd bəy Cavanşir bununla bağlı yazır ki, Məhəmməd Həsən Ağa öz tərəfdarları ilə birlikdə qəti qələbə çaldı. Onun təkidi ilə bir neçə nəfər adlı-sanlı bəy xanın adından knyaz Sisianova məktub apardılar. Həmin məktubda xan iranlıların niyyətindən şikayətlənib, rus imperatorunun təbəəliyinə daxil olmaq haqqında özünün, öz əyanları və təbəələrinin qəti arzusunu bildirmişdi…

Xanlıqda Rusiyameylli qüvvələrin üstünlüyü xanlığın gələcək taleyini birdəfəlik həll etdi. 1805-ci il mayın 14-də xanlığın sərhəddində, Kürəkçay sahilindəki düşərgədə knyaz Sisianov Qarabağ xanlığının rus imperatoruna sədaqəti haqqında andını qəbul etdi. 14 may 1805-ci ildə Gəncə yaxınlığındakı Kürəkçay sahilində Sisianovla şuşalı İbrahim xan arasında bağlanan müqaviləyə görə, Qarabağ xanı yalnız Rusiyanın ali hakimiyyətini tanıyır, qonşu dövlətlərlə müstəqil əlaqə saxlamaqdan məhrum edilirdi. Eyni zamanda, İbrahimxəlil xan Şuşada 500 nəfərlik rus qarnizonu yerləşdirməli, Rusiya imperiyasına ildə 8 min çervon bac ödəməli və nəvəsini həmişəlik Tiflisdə qalmaq şərtilə girov verməli idi.

Məsələnin belə asan yolla həll olunmasından sevincək olmuş Sisianov I Aleksandra göndərdiyi məlumatında yazırdı: “Sizi imperiyanızın ərazisinin yenidən genişlənməsi münasibətilə təbrik edirəm. Rusiyanın bir əyalətinə çevrilən bu ərazi nə qılınc, nə də hərbi yolla ələ keçirilmişdir”. Məlumatlardan göründüyü kimi, Gəncə xanlığından fərqli olaraq, Qarabağ xanı İbrahimxəlil xan təslimçilik mövqeyi tutaraq, müqavimət göstərməkdən yayındı. Bu hadisə başqa xanların da təslimçiliyi üçün geniş yol açdı, digər xanlıqların Rusiya imperiyasının qoşunları tərəfindən işağlını sürətləndirdi.

Mirzə Camal Cavanşir yazır ki, Qarabağ və Şəki xanlıqlarını həvəsləndirmək üçün, Sisianovun təqdimatına əsasən, İbrahim xana və Səlim xana general-leytenantlıq, Məhəmməd Səəsən ağaya və Mehdiqulu ağaya isə polkovnik rütbəsi verilməsi haqqında imperator I Aleksandra ərizə yazıldı. Dörd aydan sonra bu iltifat və daimi məvacibli dərəcələrin verilməsi haqqında imperatorun fərmanı elan olundu.

Qarabağ xanlığı tərəfindən imzalanmış Kürəkçay müqaviləsi bir həftə sonra, 21 may 1805-ci il tarixində Şəki xanı Səlim xan tərəfindən də imzalandı. Yalnız fərq ondan ibarət idi ki, Qarabağ xanlığı ildə 8 min çervon, Şəki xanlığı isə 7 min çervon xərac verməli idi.

Mirzə Camal Cavanşir yazır ki, Kürəkçay müqaviləsi imzalandıqdan sonra, may ayının sonlarından etibarən, Şuşada itaətsizlik başlamışdı. Xalq dini cəhətdən ona yad olan işğalçılardan azad olmaq üçün, cənubdan Abbas Mirzə Qacarın hücumuna böyük ümid bəsləyir, hər vəchlə ona kömək etməyə hazır idi.

Mənbələr yazır ki, yerli türk-müsəlman əhalisinin böyük əksəriyyətinin Qacar qoşunlarını səbrsizliklə gözlədiyindən xəbərdar olan Sisianov İbrahim xana məktubunda heç bir əsas olmadan xanı ittiham edir, onun sədaqətinə inanmırdı.

Kürəkçay müqaviləsindən sonra rus qoşunlarının Qarabağ xanlığında özbaşınalığı tüğyan edirdi. Əhaliyə qarşı edilən zülmlər son həddə çatmışdı. Məhz buna görə də yerlərdə narazılıq dalğası başlanmışdı. Narazılıq dalğası 1805-ci ilin iyulunda, demək olar ki, bütün Azərbaycanı bürümüşdü.

(Davamı var)