“QARDAŞIM RÖVŞƏN CAVADOV, SƏN ÇİYƏLƏK OLMAYACAQSAN”

1995-ci ilin mart hadisələrinin pərdəarxası…

Elçin QƏMBƏROV, vəkil

(Altıncı məqalə)

“Bakı-Ceyhan kəməri Ermənistandan keçməlidir”

Almaniya xarici kəşfiyyat idarəsinin rəisi Valter Şellenberq deyirdi: “Kiçik yalan böyük inamsızlıq yaradır”. Turqut Ərin kitabı kiçik və böyük yalanlarla doludur. Adi vətəndaş nəyisə səhv sata bilər, amma özünü diplomat sayan şəxs sözünə məsuliyyətlə yanaşmalı, qeybət və küçə söhbətlərinə yol verməməlidir.

Turqut Ər kitabında tarixdən nümunələr gətirməyi xoşlayır. Belə ki, o yazır: “Stalin dövründə “Stalinin qılıncı” ləqəbi ilə tanınan Leonid (?!) Beriya gücləndikdən sonra vaxtilə onun Gürcüstandan Moskvaya gətirilməsində vasitəçi olmuş “Politbüro” üzvü və xarici işlər naziri Molotovun həyat yoldaşını həbsxanaya atdırdı. Çünki o, məhz belə bir sistemin yetirməsi idi. Əliyevi də Beriyanı yetişdirən sistem yetirmişdi”.

Fənni bilmədən, onu oxuculara sırımaq, ən azı, onlara qarşı hörmətsizlikdir.

Lavrenti Beriyanı karyerası boyunca üç nəfər himayə edib. Gənc yaşlarında Azərbaycan Fövqəladə Komissiyada (AzÇK) işlədiyi zaman “AzÇK”nin sədri Mircəfər Bağırov, Gürcüstanın rəhbəri olduğu dövrdə – “Politbüro”nun üzvü Serqo Orconikidze (Beriya oğlunun adını onun şərəfinə “Serqo” qoymuşdur) və Kommunist Partiyasının Zaqafqaziya Vilayət Komitəsinin 1-ci katibi vəzifəsində çalışdığı vaxtda – İosif Stalin. Beriyanın Moskvaya Xalq Daxili İşlər komissarı (NKVD) vəzifəsinə keçməsində Molotovun heç bir rolu olmamışdır. Belə bir mühüm vəzifəyə təyinata Stalin şəxsən özü, vasitəçisiz qərar verirdi. Bu vəzifədə Beriya 29 dekabr 1945-ci il tarixinə qədər çalışdı.

1946-cı ildən 1951-ci ilə qədər Dövlət Təhlükəsizlik Nazirliyinə (MQB) Viktor Abakumov başçılıq edib. 03 sentyabr 1948-ci ildə İsrailin ilk səfiri Qolda Meir (gələcək Baş nazir) Sovet İttifaqına gəlir və onun şərəfinə verilən ziyafətdə xarici işlər nazirinin həyat yoldaşı Polina Jemçujina ona yaxınlaşır və tanış olurlar. Qolda Meirin “Siz yəhudisiniz” sualına Polina “Mən yəhudi xalqının qızıyam”, – deyə cavab verir. Bu, Stalinin qəzəbinə səbəb olur və antiyəhudi kampaniyası zamanı onun göstərişi ilə 1949-cu ildə Abakumov Polinanı həbs etdirir. Maraqlısı odur ki, “Politbüro”nun iclasında Polinanın həbsi müzakirə olunan zaman səsvermədə Molotov bitərəf qalır. O zaman Beriya SSRİ Nazirlər Sovetinin sədri Stalinin müavini kimi başqa işlərlə məşğul olurdu. Yalnız Stalinin ölümündən sonra, 05 mart 1953-cü ildə Beriya Nazirlər Soveti sədrinin birinci müavini olmaqla yanaşı, daxili işlər naziri vəzifəsinə təyin edilir.

Bu vəzifəyə təyin olunduğu ilk vaxtlarda Beriya Polinanı həbsdən azad etdirir. Bununla bağlı Beriya Nazirlər Sovetinin sədri Georgi Malenkova 02 aprel 1953-cü il tarixli, N20/B saylı, tam məxfi məktubunda qeyd edir ki, P.Jemçujina Abakumovun saxtalaşdırdığı cinayət işi nəticəsində qanunsuz məhkum olunmuşdur.

Mövzudan kənara çıxaraq, tarixə ekskursun səbəbi Türkiyə kimi qüdrətli dövlətin diplomatının səviyyəsinə qiymət vermək deyil, sadəcə tarixin saxtalaşdırımasının qarşısını almaqdır.

Turqut Ər yazır: “Prezident Süleyman Dəmirəl Əliyevlə dostluğundan istifadə edərək, Azərbaycanda çalışan rəsmi və qeyri-rəsmi qurumların, şəxslərin problemlərinin həll olunması üçün ona müraciətlə araşdırılmasını xahiş edirdi. Əliyev də 1996-cı ilə qədər bu xahiş və tələbləri dərhal yerinə yetirərdi”. 1998-ci ildən etibarən isə H.Əliyev xahişləri yerinə yetirməkdən imtina etdi. “Yəni Əliyev vaxtilə “Məni bura Süleyman Dəmirəl gətirdi, indi də qorumalıdır” dediyi insanla belə davranmağa başlamışdı”.

Turqut Ər

Turqut Ərin yazısından belə çıxr ki, S.Dəmirəl dövlətlərarası münasibətlərdən çox, şəxsi mənafedən irəli gələn məsələlərə diqqət yetirib, biznes sahəsində lobbiçiliklə məşğul olurdu. Adamın bir neçə xahişini yerinə yetirmək olar, amma şəxsi münasibətlərdən sui-istifadə etməyə dair azərbaycanlıların yaxşı bir deyimi vardır: “Abır-həya da yaxşı şeydir”. Azərbaycan Türkiyənin marioneti deyil ki, hər bir tələbi, göstərişi yerinə yetirsin, tarixi şəxsiyyətləri isə hansısa bir fərd yox, tarix özü önə çəkir.

Turqut Ərə inansaq, belə çıxır ki, Türkiyə rəhbərliyi Azərbaycanla münasibətlərə şəxsi prizmadan yanaşırdı.

Daha sonra Turqut Ər yazır: “Azərbaycan, müstəqilliyini qazandıqdan dərhal sonra, Türkiyə onun müstəqilliyini tanıyan ilk ölkə oldu. Azərbaycana gələn ilk diplomatlar həyat standartlarının bərbad olduğu Azərbaycanda qardaş ölkənin güclənməsi, inkişafı üçün yorulmadan çalışır. Əgər bu gün müstəqil, azad, bir çox nailiyyətlərə sahib olmuş Azərbaycan dövləti varsa, Azərbaycan türkləri bu ölkə üçün çalışan insanlara borcludur”.

Yanılırsınız, Turqut Ər! Azərbaycanlılar müstəqilliyini öz canı, qanı, şəhidləri hesabına qazanıb. Biz yox, Türkiyə bizə borcludur! Tarixi faktlardan qaçmaq mümkün deyil. Bizlər uzun müddət qardaşlıq naminə Türkiyənin bir çox əməllərinə göz yumub susmuşuq, siz isə bizə müstəqilliyimizi tanımanızla minnət qoyursunuz. Guya Azərbaycan Osetiya, Abxaziya kimi qondarma respublikadır. Tanımasaydınız nə olacaqdı? Azərbaycan müstəqil dövlət kimi xəritədə olmayacaq, BMT-yə qəbul edilməyəcəkdi?

Bəli, ilk türk diplomatları həyat standartlarının bərbad olduğu Azərbaycanda yorulmadan çalışırdılar: biznes qurub sərvət toplayır, daxili çaxnaşmalar yaradır, çevrilişlər təşkil edir, agentura şəbəkəsini qururdular. O ki qaldı standartların bərbad olduğu Azərbaycanda fəaliyyət göstərmələrinə, onda Türkiyə Xarici İşlər Nazirliyi Afrikada çalışan diplomatlarına heykəl ucaltmalıdır.

Türkiyə səfirliyinin əməkdaşları Fərman Dəmirkolun təsis etdiyi Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (ASAM) bütün iclaslarında iştirak edirdilər. İlk iclas istisna olmaqla, digər iclaslar Türkiyə səfirliyinin din müşavirliyində keçirilirdi. F.Dəmirkolun sədrliyi ilə keçirilən iclaslarda səfirliyin müşavirləri Ərtoğrul Güvən, Əbdülqadir Sezgin, Türkiyə İqtisadi İnkişaf Agentliyinin nümayəndəsi Sinan Oğan mütəmadi iştirak edirdilər. Şahid qismində dindirilmiş Asem Nauşabayeva Türkiyə səfirliyinin din müşaviri Əbdülqadir Sezginin türk, rus və qazax dilləri üzrə tərcüməçisi və katibəsi vəzifəsində çalışdığını bildirmişdi. 1995-ci ilin yanvar ayından Ə.Sezginin tapşırığı ilə o, din müşavirliyində keçirilən ASAM-ın iclaslarında katibə qismində iştirak edib, iclasların əvvəlindən axırınadək diktofon lentinə yazılmış çıxışları olduğu kimi kağız üzərinə köçürərək, yazılı mətnini əks etdirib. İclaslar Ə.Sezginin xidməti otağında keçirilirdi və Sezgin ona, əmək haqqından əlavə, gördüyü işin müqabilində hər ay 40-50 dollar da verirdi.

Bu isə ASAM-ın texniki və maliyyə dəstəyinin səfirlik tərəfindən həyata keçirildiyinə dəlalət edir.

ASAM-ın yaradılması və fəaliyyəti nəyə xidmət edirdi, hansı məqsədləri güdürdü?

Fərman Dəmirkol öz ifadəsində göstərirdi ki, ASAM-ın yaradılması fikir istehsalı ilə bağlı idi. ASAM-a cəlb olunanların seçilmə meyarı əməkdaşlıq etməyə uyğun ola bilən, ruspərəst olmayan şəxslərə üstünlük verilməsindən ibarət idi.

Qeyd etdiyim kimi, ASAM 1994-cü ilin oktyabr hadisələrindən sonra, həmin ilin dekabr ayında yaradılıb.

F.Dəmirkolun planına əsasən, Mərkəz siyasi və hərbi müxalifətin birləşməsinə xidmət etməli idi. ASAM-ın fəaliyyət məqsədi, Türkiyə xüsusi xidmət orqanlarının tapşırığına əsasən, R.Cavadovun dövlət çevrilişi istiqamətindəki fəaliyyətini yönəltmək, nəticə etibarilə, Azərbaycanda qanuni hakimiyyəti devirməklə, öz mənafelərinə uyğun vəzifə bölgüsü aparmaq və Respublikanın mövcud iqtisadi potensialından faydalanmaq olub.

ASAM-ın 07 yanvar 1995-ci il tarixli ikinci iclasında F.Dəmirkol demişdir: “Onların (silahlı dəstələrin) içində ən yaxşılarına imkan versək nə olar və belə birinə imkan verməkdən başqa yol yoxdur”, “Milli Məclis xəttilə mövcud iqtidarın yeni hakimiyyətlə əvəz olunmasına imkan verilməyəcək, ona görə də Azərbaycanda gələcəkdə bərqərar olacaq siyasi hakimiyyətin hərbi qüvvəyə də ehtiyacı olacaq, quldur dəstəsi bilinən bu dəstə siyasi müxalifətin qüvvəsi olacaq”.

ASAM-ın 14 yanvar 1995-ci il tarixli 3-cü iclasında F.Dəmirkol çıxış edərək bildirmişdi: “Siyasi müxalifət iqtidara hazır olmalıdır, Azərbaycanda güclü müxalifət və güclü hərbi qüvvə yaradılmalıdır. Bu ikisinin koalisiyası ilə hakimiyyət ələ alınmalıdır. Yəni bu hakimiyyətin yerinə başqa cür hakimiyyət yox, tamamilə yeni hakimiyyət yaradılmalıdır. Türkiyənin bu sahədə son vəziyyətini nümunə kimi götürməliyik. Burada demokratik yolla heç bir şeyə nail olmaq mümkün deyil. Hər şey dövlət çevrilişi yolu ilə mümkündür. Çevrilişdən sonra üç il hazırlıq görülməli, sonra müstəqil partiyalar yaradılaraq, proses davam etdirilməli, onların öhdəsinə buraxılmalıdır”.

Həmin iclasda çıxış edən R.Cavadov dövlət çevrilişini həyata keçirməli olan hərbi müxalifətin siyasi müxalifətlə birləşdirilməsi zəruriliyini izah edərək deyirdi: “Əsl siyasi müxalifət yarada bilsək, yaxşı olar. Hamıya yaxşı məlumdur ki, Heydər Əliyevi Prezident postundan uzaqlaşdırmaq çətin deyil. Biri var planlı çevriliş olsun, biri də var – plansız. Siyasi xaos ola bilər, təşəbbüs göstərən qurum olmalıdır. Sabah lazım olduqda, meydana çıxa bilməlidir”.

İclasın sonunda Rasim Musabəyov çıxış edir: “Biz strateji mərkəziksə, hər birimizin mövqeyi olmalıdır. Bunları çap etməyə ehtiyac yoxdur. Məsələni uzatmamalıyıq. Bizim söhbətlərimizin yekunu olmalıdır. Lazım gələrsə, gizli saxlamalıyıq”.

ASAM-ın 04 fevral 1995-ci il tarixli 6-cı iclasında R.Cavadov çıxış edərək deyirdi: “Müxalifət aktivləşir. Bunun üçün şərait yaranmışdır. Vəziyyət gündən-günə ağırlaşır. Bundan da İran və Rusiya faydalanacaq. Heydər Əliyev yaxın günlərdə ölkənin daxili siyasətində dəyişiklik etməzsə, vətəndaş müharibəsi başlaya bilər. Heydər Əliyev bir prezident kimi buna cavabdehdir və hadisələr belə sürərsə, o, məhkəmədə cavab verməli olacaq. Azərbaycanla əlaqəsi olan ölkələr bu vəziyyətə laqeyd qalmayacaq. Vəziyyət dediyim kimidir və hərbi müxalifət aktivləşməkdədir”.

F.Dəmirkol öz ifadəsində R.Cavadovun ASAM-ın iclaslarına cəlb olunması barədə göstərirdi: “Bu adamı cəlb etməyimizin səbəbi cari məsələlər haqqında məlumat, informasiya almaqdır, eyni zamanda, strateji bir mərkəz içərisində biliyi, məlumatı artsın, nəzəriyyəsi çoxalsın, hazırlansın, öyrənsin. Bu adam gərək bəzi insanların əlində oyuncaq olmasın. Yəni çiyələk olmasın, çiyələk üç aylıq üçündür. Rövşən Cavadovun reytinqi yüksəkdir, ancaq oyuncaqdır, onun silahlı dəstələri başqalarının əlində oyuncaq olmasın deyə, daim bu sözü təkrar edirdim: qardaşım, Rövşən bəy, sən çiyələk olmayacaqsan, çiyələk nədir, üç aylıqdır. Onu Azərbaycan üçün siyasətə hazırlamaq lazım idi”.

ASAM-ın iclaslarında müxtəlif məsələlərdə müzakirə təhlil olunurdu. Azərbaycan-İran, Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya münasibətləri, neft kontraktları, Şimali Qafqazdakı vəziyyət, Bakı-Ceyhan kəməri mövzularında müzakirələr aparılırdı.

ASAM-ın 11 fevral 1995-ci il tarixli yeddinci iclasında Bakı-Ceyhan kəmərinin marşrutu ilə bağlı fikir mübadiləsi olmuşdur.

R.Cavadov: Sabit bəy (Bağırov), mən sizin Ermənistan yolu ilə bağlı fikrinizi bilmək istərdim.

S.Bağırov: İqtisadi baxımdan ən faydalısı Ermənistandır.

R.Cavadov: Amerikada fəaliyyət göstərən erməni diasporası da bunun lehinədir. Bu borunun Ermənistandan keçməsi stabilliyin təmin olunmasına zəmanət verir. Çünki Amerika, İngiltərə və Türkiyə boru xəttinin işlənməsi üçün səy göstərəcək. Dünyada olan bütün maliyyə orqanları da bu iş üçün pul ayıracaq. Mənə elə gəlir ki, Ermənistan yolu daha faydalıdır. Rusiya ilə razılıq əldə etməliyik. Rusiya ilə razılıq əldə etməsək, Rusiya Qərbin Azərbaycanda olan fəaliyyətinə təsir edə bilər.

F.Dəmirkol: Xəttin Ermənistandan keçməsi Rusiya üçün faydalı deyil.

R.Cavadov: Moskvada fəaliyyət göstərən erməni diasporası bu işi rüşvət verməklə həll edə bilər.

F.Dəmirkol: Azərbaycan Türkiyənin payına 5% əlavə etdi və indi Türkiyənin payı 6,75% oldu. Ancaq Türkiyənin illik neft ehtiyatında bu miqdar çox deyil.

S.Oğan: Azərbaycan neftindən Türkiyəyə daha 5% verərsə, bundan sonra Türkiyənin payına düşən miqdar təxminən Türkiyənin illik neft ehtiyatının 1/5-i qədər olacaq.

F.Dəmirkol: Ancaq həm strateji, həm də münasibətlərin yaxşılaşdırılması baxımından buna əhəmiyyət vermək lazımdır.

ASAM sıradan bir qeyri-hökumət təşkilatı deyildi. Real agentura ilə bərabər, Türkiyə xüsusi xidmət orqanları təsir agentlərini də baş verəcək dövlət çevrilişinə hazırlayırdı.

İclasların Türkiyə səfirliyinin din müşavirliyində keçirilməsi onun diplomatik toxunulmazlığı ilə bağlı idi. Bu, həm də təhlükəsizliyi təmin etmək üçün əlverişli yer idi.