Zamirə Hacıyeva ilə Əli Kərimlini nə birləşdirir?

Ramiz QAFAROV

Bir-birinə bağlı olmayan iki dünya mövcuddur. Biri həqiqi, o birsi isə bir qadının gözü ilə baxılan dünya. Adətən bu tip qadınların həyat gerçəkliyi daha təsirli olur. Onların tamahkarlıq mülahizələri qarşısında tab gətirmək hər kişinin işi deyil. Onların dəyişməz vərdişlər dairəsi sonsuz xəyallar aləmində yaşamaları, romantik macəralar axtarışında olmaları, cazibədar olmaq istəyi və fantaziyalarını əminliklə reallaşdırmaları ilə məhdudlaşmır.

Bu cür qadınlar sırasında yer alan, iqtisadi cinayətləri ilə dünya mediasının gündəmindən düşməyən, Böyük Britaniyada korrupsiyaya qarşı mübarizə qanununun ilk hədəfi olan qadın Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevadır.

Bəlkə də indi məhbəs həyatı yaşayan Cahangir Hacıyevin 16 illik məhbus həyatının daha cəlbedici olmasından ötrü Onore de Balzakın “Tərk edilmiş qadın” əsərini vərəqləyib, gözəl, cazibədar, xoşbəxt sevgisinin və ya qəddar xəyanətinin nəzərdən keçirilməsi üçün kifayət qədər vaxtı vardır. Zamirə Hacıyeva isə, öz növbəsində, Böyük Britaniyada nəzərə çarpacaq qədər fərqlənmək üçün, milyonlarla funt sterlinqi sağa-sola xərcləməklə, ingilis cəmiyyətinə uğursuz canlı bir axın gətirməyə çalışır. Bütün bunlardan sonra Zamirə Hacıyeva Londonda siyasi, mənəvi və hətta sevgi görüşlərinə qədər uzanan yolayrıcına çıxaraq, indi Azərbaycanda inqilab ab-havasının yaradılması üçün Əli Kərimlinin oğlu Türkel Kərimli vasitəsilə ruhsuz müxalifətə maliyyə dəstəyi göstərmək arzusunda olduğuna işarə edir. Maraqlıdır, görəsən Zamirə Hacıyeva Azərbaycandan oğurladığı pullar hesabına “Tereza Ana” və ya “Janna Dark” olmaq arzusuna düşməyib ki?.. Bəlkə də indi Əli Kərimli və onun ruporu olan Qənimət Zahid Fransada oturub, gələcəkdə Zamirədən “zəmanəmizin qəhrəmanı” obrazını yaratmaq istiqamətində düşünüb-daşınırlar. Əli Kərimliyə gəlincə isə, onun itirilmiş illüziyalarını gerçəkləşdirmək arzusu sizə heç də qəribə gəlməsin.

Zamirə Hacıyevanın Londonda misli görünməmiş xərcləri barədə dünya mətbuatında kifayət qədər təfərrüatlar dərc edilib. Hazırda Z.Hacıyeva Londondakı evində yaşayır, ona şəhəri tərk etmək qadağan olunub və hər gün polisdə qeydiyyatdan keçməlidir. Buna baxmayaraq o, vaxt tapıb, Azərbaycana qarşı olan çirkin niyyətinin həyata keçirilməsi istqamətindəki səylərini əsirgəmir.

London Yüksək Məhkəməsi Böyük Britaniyanın Cinayətkarlıqla mübarizə üzrə Milli Agentliyinin (National Crime Agency) sorğusu əsasında Zamirə Hacıyevaya məxsus olan bəzi əmlaklara həbs qoyulub. Bunlar Naytsbricdə yerləşən, qiyməti 15 milyon funt sterlinq olan malikanə, 11 milyon funt sterlinq dəyərində qolf-klub, 50 milyon dollar dəyərində “Gulfstream” təyyarəsi və zinət əşyalarıdır.

Bundan əlavə, Cahangir Hacıyevin həyat yoldaşının Azərbaycan Beynəlxalq Bankının buraxdığı 35 kredit kartı ilə Londonun məşhur “Harrods” univermağında 16 milyon funt sterlinq xərclədiyi də müəyyən edilib. Xərclər arasında “Boucheron” təmtəraqlı zərgərlik əşyalarına xərclənmiş 4 milyon funt sterlinq seçilir. 1,75 milyon funta Hacıyeva saatlar və “Cartier” zərgərlik əşyaları alıb. 1 milyon “Harrods”un oyuncaq satılan şöbəsində xərclənib ki, burada hansısa bir alışa 790 min funt ödənilib. Daha 250 min funt ətriyyat şöbəsində xərclənib.

Həmçinin Hacıyeva dəbli dizayner geyim brendlərinə də yüz minlərlə funt sterlinq sərf edib, o cümlədən, 131 300 – “Dennis Basso”dan paltara, 144 000 – “Celine”nin mallarına, 136 000 funt – “Fendi” məhsullarına, 143 000 funt – “Christian Dior” brendinə. Qeyd edək ki, bütün bunlar cəmi bir dəfə mağazaya daxil olmaqla alınıb.

“Godiva” şokolad satışı mağazaları şəbəkəsində Hacıyeva 30 min funt sterlinqlik şirniyyat alıb. Daha 2400 funt şəraba və spirtli içkilərə sərf olunub.

Bəzi tranzaksiyalar pulların məhz nəyə xərcləndiyini göstərmir. “Harrods”da illik 10 min funtdan artıq xərcləmiş müştərilər üçün mükafatlandırma sxemi mövcuddur. Varlı müştərilər üçün sərf olunmuş hər funt müqabilində 3 bal hesablanır. Toplanmış 500 bal loyallıq kartının sahibinə 5 funt qazandırır. Bu səbəbdən, 16 milyon xərcləyərək, Zamirə Hacıyeva 480 min futnluq bonus əldə edə bilib.

Hazırda Böyük Britaniya hakimiyyəti Cahangir və Zamirənin “Harrods”dan piyada bir neçə dəqiqəlik məsafədə yerləşən 11,5 milyon funtluq evi və 10,5 milyon futluq qolf-klubu necə aldıqları barədə araşdırmalarını davam etdirir.

Ev 2009-cu ildə Britaniyanın Virginiya adalarında qeydiyyatdan keçmiş şirkət tərəfindən alınıb. Hazırda ev 15 milyon funt həcmində qiymətləndirilir. Qolf-klub sövdələşməsi isə 2013-cü ildə Hernsi adasında qeydiyyatdan keçmiş şirkət tərəfindən bağlanıb, lakin müstəntiqlər hər iki obyektin Hacıyevaya və onun ərinə məxsus olduğunu hesab edirlər.

Varlı investorlar üçün nəzərdə tutulmuş Britaniya vizasının alınması məqsədilə Hacıyeva İsveçrə bankındakı 1 milyon funtdan artıq olan hesabı təqdim edib. O, Böyük Britaniya istiqrazlarına 1 milyondan artıq vəsait yatırıb.

Sənədlərdə həmçinin İtaliyanın Sardiniya adasındakı 15 milyon funtluq evin, Bakıdakı 5 milyon funtluq evin və 2 milyon funtluq mənzilin adları çəkilir. Müstəntiqlərin hesablamalarına görə, Hacıyevlər cütlüyü “Gulfstream G550” təyyarəsinin alışına 33 milyon funt xərcləyib.