ƏLİ KƏRİMLİ VƏ YALANLAR ÜZƏRİNDƏ QURULAN “SİYASİ FƏDAKARLIQ”

Vasif MƏMMƏDOV

Adətən siyasi nadanlıq bir çox bəlalara yol açır. Bəzən isə yalanlar üzərində qurulan “siyasi fədakarlıq” obrazı istək və instinktlərinə qul olan bir şəxsin maraqları ucbatından ətrafında toplaşan insanları, o cümlədən böyük bir siyasi hərəkatı da sonunda pis vəziyyətə salır. Bu cür “siyasi fədakarlıqla” Azərbaycan müxalifətində özündən qondarma lider düzəldən Əli Kərimlini lazımınca qiymətləndirməmək mümükün deyil. Hər zaman özünün hətta xırda maraqlarını belə güdərək, məqsəd və mənafelərinin həyata keçməsi xatirinə, yeri gəlsə, şeytanla da yol-yoldaşı olmaq onun üçün artıq adi bir hala çevrilib. Keçmişinə və siyasi fəaliyyətinə nəzər saldıqda, onun öz vətəninə, cəbhə yoldaşlarına qarşı nifrət nümayiş etdirməsi açıq-aydın görünür. Bunun səbəbi isə onun özünün utilitar fikirləri ilə mərkəzləşdirilmiş, vahid idarə olunan müxalifət ideyasını qurmaqla, “ilahiləşdirilmiş”, “xilaskar” Əli Kərimli obrazını tamamlamaq arzusunda olmasından ibarətdir.

25 ildən artıqdır var-gücünü cidd-cəhdlə ilahiləşdirilməsinə sərf edən Əli Kərimli yalnız və yalnız bir qrup qaragüruhçu dəstəsi tərəfindən təkzibedilməz bir kodeksə çevrilib. Məhz adlarını müxalifət qoymuş bu qaragüruhçular ölkəmizdə ictimai-siyasi proseslərdə uğur qazana bilməyib, içtimai dəstəkdən məhrum olunublar. Məkrli xarici qüvvələrin sifarişlərini yerinə yetirməklə, ölkədəki mövcud ictimai-siyasi sabitliyi pozmağa can atan Əli Kərimli və onun digər qaragüruhçuları, dünyanın müxtəlif ölkələrində xoşagəlməz hadisələr baş verəndə, özlərinin varlığını sübut etmək üçün fəallaşır və diqqət mərkəzinə düşməyə çalışırlar.

Hazırda ölkədə kütləvi etiraz aksiyalarının keçirilməsi üçün, emosional mühitin olmadığı bir vaxta, Milli Şuraya Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mitinq keçirilməsi məqsədilə Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” idman klubunun Qaradağ təlim-idman bazasında ayrılmış yerlərin təklif edildiyinə baxmayaraq, nədənsə, bu, Əli Kərimlini və onun bir qrup qaragüruhçu dəstəsini qane etməyib. Bunun səbəbi isə artıq Milli Şuranın siyasi iflasa uğramasıdır. Yenidən gündəm yaratmaq, ictimaiyyətə “çoxsaylı” tərəfdarlarının olduğunu sübut etmək niyyətli mitinq təşkilatçıları həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni Metropolitenin “28 May” stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə sosial şəbəkələrdə məlumatlar paylaşıblar. Məlum ərazi isə (metronun “28 May” stansiyası) əhalinin sıx olduğu yerdir. Mühafizə zonalarında aksiya zamanı istənilən arzuedilməz və xoşagəlməz hadisəyə görə məsuliyyəti kim daşıyacaq? Qanunla həmin ərazidə aksiyaların keçirilməsi qadağan edilir. Deməli, arzuedilməz və xoşagəlməz hadisələrin məsuliyyətini kimin daşıyacağı da məlumdur…

Maraqlısı odur ki, hazırda bu sayaq aksiyalardan daha çox xarici qüvvələr Azərbaycana qarşı istifadə edirlər. Bu, ölkənin iqtisadiyyatına, turizm potensialının inkişafına, sərmayə qoyuluşuna ciddi ziyan vurur. Ölkədə qarışıqlığın yaradılması şəraiti isə cəmiyyəti parçalamaq istəyənlərə sərf edir. Bundan belə qənaətə gəlmək olar ki, Əli Kərimlinin bu cür qanunsuz hərəkətləri erməni lobbisinin sifarişləri əsasında həyata keçirilir.

Digər tərəfdən, bir neçə gün əvvəl Əli Kərimli Osmanqızı TV-yə müsahibəsində Ermənistanda nasist Qaragen Nejdenin abidəsinin qoyulmasını dolayısı ilə alqışlayıb. Məlum məsələdir ki, Əli Kərimli indiyə qədər erməni lobbisinin maliyyələşdirdiyi təşkilatlar vasitəsilə milyonlarla pul alıb. Ona görə də Ermənistan haqqında mənfi söz işlətməyib, gizlin şəkildə bu ölkəni müdafiə edir, işlədiyi təşkilatlara qulluq göstərir. Bir sözlə, bu insan Azərbaycan xalqına və dövlətinə xidmət etmir. Artıq uzun illərdir ki, bu reallıq onun partiyadaşları tərəfindən də etiraf olunub. Bunun nəticəsi olaraq, həmin adamlar bəyanat verib, AXCP-nin sıralarını tərk ediblər.

Indiyə qədər AXCP sədrinin dünya mətbuat orqanlarının hər hansındasa Azərbaycanın maraqlarını müdafiə edən bir yazısına rast gəlinməyib. Görəsən, bunlar nədən xəbər verir? Əli Kərimli Ermənistanın işğalçı siyasətini tənqid etmək əvəzinə, harada antiazərbaycançı qüvvələr varsa, onlarla dostluq edir.

Bakıda sabitliyin pozulması həm Ə.Kərimlinin, həm də onu maliyyələşdirən, himayə edən qurumların arzusudur. Təbii ki, Azərbaycanın sabitliyini gözü götürməyən xarici dairələr çoxdur. Bir qrup mühacir dəstəsi isə sosial şəbəkələrdə Azərbaycanın əleyhinə qarayaxma kampaniyası aparır. Bunlar da eyni şəbəkənin nümayəndələridir desək, yanılmarıq. Sabitlik onlara sərf etmir.

Artıq xalq Milli Şuraya inanmır, etimad göstərmir. Əks təqdirdə, mitinqin hər hansı bir yerdə keçirilməsi insanların ora axışmasına, uzaq məsafə olsa belə, maneələr törədə bilməzdi. Amma görünən odur ki, Milli Şura çox primitiv yanaşma tərzi ortaya qoyaraq, insanları çaşdırmaq məqsədi güdür.

Bu gün Azərbaycan bütün dövlətlərlə bərabər hüquqlu münasibət qurur. Bu da iri dövlətlərə sərf etməyəndə, burada oturan vassallarının ipini dartırlar. Onlar da xalqı aldatmaq istəyir, sosial-iqtisadi vəziyyətlə bağlı sərsəm fikirlər səsləndirir, ölkədə iğtişaşların baş verməsi üçün əllərindən gələni əsirgəmirlər.