AZƏRBAYCAN XANLIQLARI RUSİYANIN İŞĞALÇILIQ SİYASƏTİNƏ QARŞI

Ziyad ƏMRAHOV,

AMEA, Elm Tarixi İnstitutunun

Tarixşünaslıq və Mənbəşünaslıq şöbəsinin müdiri, t.ü.f.d., dos.

(Birinci məqalə)

Azərbaycan Səfəvilər imperiyasının süqutundan sonra, Təbriz mərkəz olmaqla, imperiyanın əvvəlki itirilmiş siyasi və iqtisadi qüdrətini bərpa etmək cəhdləri Nadir şah Əfşarın dövründə müvəqqəti sabitlik yaratsa da, uzun müddət davam edə bilmədi. Azərbaycan XVIII əsrin birinci yarısına siyasi dağınıqlıqla qədəm qoydu. 1828-ci ilədək davam edən bu siyasi və iqtisadi dağınıqlıq dövrü Azərbaycan tarixində müstəqil və yarımasılı dövlət qurumları – xanlıqlar dövrü kimi daxil oldu.

Azərbaycan ərazisində ilk müstəqil xanlıqların yaranması XVIII əsrin 40-cı illərinə aiddir. Belə ki, onlardan bəziləri Nadir şah Əfşarın öldürülməsindən sonra meydana gəlmişdisə, digərləri hələ Nadirin sağlığında mərkəzi hakimiyyətə qarşı mübarizə nəticəsində formalaşmağa başlamışdı.

Mərkəzi hakimiyyətin dağılmasından istifadə edən yerli feodallar var-gücləri ilə müstəqilliyə can atır, hər kəs öz xanlığını yaradıb, siyasi mübarizəyə girişmək üçün dəridən-qabıqdan çıxırdı. Şimali Azərbaycanda hələ Nadir şahın sağlığında Hacı Çələbinin simasında özünü göstərən məkəzdənqaçma cəhdləri Nadirin ölümündən sonra geniş miqyas almağa başladı. Şimali Azərbaycan ərazisində Şəki, Bakı, Naxçıvan, İrəvan, Qarabağ, Şamaxı, Gəncə, Quba, Lənkəran xanlıqları [Azərbaycan tarixi. Bakı: Elm, 1999], Azərbaycanın cənub torpaqlarında isə Təbriz, Xoy, Maku, Qaradağ, Marağa, Ərdəbil, Sərab və Zəncan xanlıqları yarandı.

Artıq XVIII əsrin 40-cı illərinin sonlarına yaxın Şəki xanlığı güclü siyasi qüvvəyə çevrilmişdi. Hacı Çələbinin hakimiyyəti dövründə Şəki xanlığı yeni torpaqlar ələ keçirmək uğrunda Kartli-Kaxetiya çarlığı ilə fasiləsiz müharibələr aparırdı.

Aparılan araşdırmalar göstərir ki, tərəflərin növbə ilə qələbə çaldığı bu müharibələr hər iki xanlıqda məhsuldar qüvvələrin inkişafına dağıdıcı təsir göstərirdi.

Nadir şahın ölümündən sonra Şimali Azərbaycan torpaqlarında yaranmış xanlıqlardan biri də Gəncə xanlığı idi. Gəncə xanlığının ərazisi qədim Gəncə şəhəri ətrafında, Murovdağ silsiləsindən Kür çayınadək olan ərazini əhatə edirdi. Xanlığın əsası Ziyadoğlu soyundan olan Şahverdi xan tərəfindən qoyulmuşdu [E.Babazadə. «Gəncə xanlığının tarixindən». Bakı: Şərq-Qərb, 2012].

Hakimiyyətinin ilk illərində Şahverdi xan qarabağlı Pənah xan və şimal qonşuları olan ləzgilərlə dostluq münasibətləri saxlayırdı. Mənbələrin yazdığına görə, bu zaman carlılar və talalılarla Gəncə hakimi Şahverdi xan arasında tam həmrəylik hökm sürürdü.

Bu dövrdə Kartlı çarı II Teymuraz, yaranmış vəziyyətdən istifadə edərək, Gəncəni və ona tabe olmayan torpaqları, hətta imkan düşərsə, Qarabağı tutmaqla, öz mülklərini genişləndirməyə çalışırdı. Teymurazın bu planlarının həyata keçirilməsinə onun oğlu, hələ 1744-cü ildə Nadir şahın Kaxetiya çarı təyin etdiyi II İrakli kömək göstərirdi.

1749-cu ilin əvvəlində, ürəyində Gəncə torpaqlarına da sahib olmaq iddiası daşıyan qarabağlı Pənah xan gürcü çarlarını qabaqlamaq istədi, bu məqsədlə o, gəncəli Şahverdi xanı, şəkili Çələbi xan Qurban oğlunu, şamaxılı Hacı Məmmədəli xanı öz tərəfinə çəkmək istədi.

Rus hərb tarixçisi P.Q.Butkov yazır ki, irəvanlılar bu haqda II İraklini xəbərdar etdilər və o, öz hazırlığı ilə həmin birliyin qarşısını ala bildi. Müəllif yazır ki, bu hadisədən sonra müttəfiqlərin arası dəydi, Gəncəni mühasirəyə alan Pənah xan İrəvanı təhdid etdi [П.Г.Бутков. «Материалы для новой истории Кавказа с 1722 по 1803 г.»].

Mənbələr qeyd edir ki, bu dövrdə İrəvan və Gəncə xanlıqlarında yaşayan ermənilər yaranmış təhlükə ilə bağlı II Teymuraza müraciət etdilər. Bütün bu yardım və müraciətlərə baxmayaraq, XVIII əsrin 50-ci illərində Gəncə xanlığı Qarabağ xanlığından asılı vəziyyətə düşür, hətta Şahverdi xan özü ailəsi ilə birlikdə Qarabağda dustaq saxlanılır. Butkovun məlumatına görə, sonralar, 1761-ci ildə Şahverdi xan Qarabağdan Gürcüstana qaçır və gürcü çarı II İraklidən kömək istəyir. Qeyd etməliyik ki, bu fakt heç də Gəncənin Kartli-Kaxeti çarlığına tabe olmasını bildirmirdi, belə ki, Şahverdi xan ona göstərilən bu hərbi yardım müqabilində çox böyük miqdarda fidyə ödəmişdi.

1768-ci ildə, Şahverdi xanın ölümündən sonra Gəncə taxtının varisi onun böyük oğlu Məhəmməd Həsən xan oldu. Məhəmməd Həsən xanın hakimiyyətə gəlişindən sonra xanlıq üzərində xarici təsirlər yenidən artmağa başladı. Bəhs olunan dövrdə əsas təhlükə yenidən Gürcüstandan, Kartli-Kaxeti çarlığından başlandı. Azərbaycanın görkəmli tarixçisi A.A.Bakıxanov yazır ki, Qaytaq usmisi Əmir Həmzə 3000 süvari seçmə dəstəsi ilə Dərbənd, Quba, Şirvanı keçib, Ərdəbilə hücum etdi. Bu yerləri viran qoyduqdan sonra o, Qarabağdan keçərək, Gəncəyə hücum etdi, onun ətraflarını Ərdəbil mahalından daha pis xaraba qoydu.

Gəncə xanlığı ətrafında yaranmış təhlükə 1768-1774-cü illər Rusiya ilə Osmanlı arasında yeni müharibənin başlanmasından sonra bir az da dərinləşdi. İndi Gəncə üzərində yeni bir təhlükə, Osmanlı təhlükəsi də xanlığı narahat edirdi. Bununla yanaşı, çar Rusiyasının müharibədən qalib ayrılması Rusiyanın Cənubi Qafqaz üzərində təsirlərini möhkəmlətmişdi. Çünki bu müharibədə Gürcüstan çarlıqları Rusiyanı öz müttəfiqi kimi görür, dolayısı ilə, gürcü çarlarının Gəncə xanlığı üzərində təsirlərini də möhkəmlətmiş olurdu. Beləliklə, məlumatlardan da göründüyü kimi, gürcü çarı II İraklinin Gəncəni ələ keçirmək istəkləri olduqca güclü idi.

Öz istəklərini təkbaşına gerçəkləşdirməyin mümkün olmadığını görən gürcü çarı II İrakli 1782-ci ilin sonunda Rusiyanın himayəsinə qəbul edilməsi xahişi ilə imperatriçə II Yekaterinaya müraciət etdi. Onun təqdim etdiyi şərtlər içərisində Gürcüstana yaxın ərazilərin, o cümlədən Gəncənin əhalisi üçün həyati əhəmiyyət daşıyan tələblər – İraklinin Gəncə və İrəvana olan hüquqlarının təsdiq olunması, Axalsıx və Qars vilayətlərinin ələ keçirilməsinə kömək edilməsi, eləcə də ləzgilərin ələ keçirdikləri torpaqların geri qaytarılması var idi. Bu şərtlər yerinə yetiriləcəyi təqdirdə, İrakli həm Qacarlar, həm Osmanlı ilə aparılacaq müharibələrdə Rusiyaya xidmətlərini vəd edirdi [А.Г.Цагарели. “Грамоты и другие документы 18-го столетия, относящиеся к Грузии”].

Göründüyü kimi, çar II İraklinin Rusiya imperatoruna müraciətində Azərbaycan xanlıqlarını ələ keçirmək müqabilində xidmət təklif olunur, bu xidmətləri isə Azərbaycan xanlıqları üzərində qurmaq planlaşdırılırdı. Qeyd etmək lazımdır ki, bəhs olunan dövrdə çar Rusiyasının Qafqazdakı işğalları aktiv fazaya qədəm qoymuşdu. Hələ I Pyotrun dövründən fəallaşan bu xarici işğallar Şimal müharibəsindən sonra yenidən Rusiya gündəmində əsas məsələ olaraq qalırdı. Şimal müharibəsinin 1720-ci ildə uğurla başa çatması isə çar Rusiyasının nəinki Avropada, həmçinin Qafqazda əl-qolunun açılmasına şərait yaratmışdı. Çar Rusiyasını I Pyotrun ölümündən sonra saray çevrilişləri bir müddət “bu siyasətdən” ayrı qalsa da, II Yekaterinanın dövründə yenidən xarici hücumlar, işğallar, genişlənmə strategiyası başlanmışdı.

Lakin 1783-cü ildə himayədarlıq haqqında “dostluq” müqaviləsinin layihələrinin tərtibi II İrakliyə istədiyi nəticəni vermədi. Çox keçmədən aydın oldu ki, Gürcüstanın özü Rusiyadan asılı vəziyyətə düşüb. II İraklinin Gəncə xanlığını rus qoşunlarının köməyi ilə ələ keçirmək xahişinə cavab olaraq, P.Potemkin 1783-cü ildə yazırdı ki, hər halda, şuşalı İbrahim xana nisbətən “çarın”, II İraklinin üstünlüyü olmalıdır. Məlumatlardan da aydın olduğu kimi, çar Rusiyası Gürcüstanın güclənməsi proqramını qəbul etsə də, onun köməkliyi ilə bütün Cənubi Qafqazı ələ keçirmək istəyirdi.

Cavad xanın taxta oturması gürcü və rus çarlarını narahat edirdi

Şərqi Gürcüstanın Rusiyanın protektoratına keçməsi Osmanlı hökumətini də narahat edirdi. Rusiyanın Axalsıx, Axalkələk, Qarsa birbaşa təsirlərinin güclənməsini Osmanlı dairələri qəbul etmirdi.

Gəncə xanlığı ətrafında yaranmış gərginlik, regionda siyasi vəziyyətin tədricən rus qüvvələrinin əlinə keçməsi xanlıqda hakimiyyət dəyişikliyinə gətirib çıxardı. 1786-cı ildə İbrahim xanın köməkliyi ilə Gəncədə hakimiyyət Şahverdi xanın oğlu Cavad xan Ziyadoğlunun əlinə keçdi. Rus hərb tarixçisi P.S.Butkov yazır ki, hakimiyyəti ələ keçirmək üçün Cavad xana, guya II İrakli kömək edirdi. Aparılan araşdırmalar isə göstərir ki, II İraklinin Cavad xana, xüsusilə onun Gəncə xanı təsdiq edilməsinə, heç bir təsiri belə olmamışdır.

Cavad xanın Gəncə xanlığında taxta oturması təkcə gürcü çarlarının deyil, həm də Rusiyanın dərin narahatlığına səbəb olmuşdu. Narahatlığı doğuran səbəb isə xanlığın müstəqil xarici siyasət xətti idi. Bunu yaxından izləyən çar II İrakli 1787-ci ilin əvvəlində çar Rusiyasının Qafqazdakı ali baş komandanı S.D.Burnaşevə Gəncə və Qarabağa birgə yürüş etmək təklifini verdi. Lakin Azərbaycan xanları ilə əlaqədar gözləmə mövqeyi tutan S.Burnaşev Qarabağın, guya Qacarlara tabe olduğunu əsas gətirərək, bu təklifdən boyun qaçırdı.

Gəncə xanlığında baş verən növbəti çaxnaşmalar Osmanlı imperiyası ilə müharibə ərəfəsində Cənubi Qafqazdakı daxili vəziyyəti bir qədər də mürəkkəbləşdirdi. Yerli əhali II İraklinin qarabağlı İbrahim xanın adamı hesab etdiyi Cavad xanı Gəncədən qovmaq tələbini yerinə yetirməkdən boyun qaçırdı. Belə vəziyyətin yarandığını görən II İrakli Gəncə üzərinə yürüş elan etdi.

Mənbələr məlumat verir ki, bu arada S.D.Burnaşevin qoşunları Gəncəyə yetişib, şəhərin 3 verstliyində düşərgə saldılar. Çox keçmədən buraya gələn Dərbənd və Nuxa xanlarının elçiləri öz xanlarının adından gəncəli Cavad xana dəyib-dolaşmamağı təklif etdilər…

Araşdırmalar göstərir ki, II Yekaterinanın ölümündən sonra I Pavelin hakimiyyətə gəlişi ilə Rusiyanın Cənubi Qafqaza təsiri tədricən zəifləməyə başlayır. Rusiya taxtına çıxan və xasiyyətcə mülayim olan I Pavel (1796-1801) rus qoşunlarının tezliklə Qafqazdan çıxarılmasına göstəriş verdi. Qafqaz xəttinə yerləşdirilən bütün qoşunların komandanlığı istefaya çıxmış V.Zubovu əvəz edən general Qudoviçə həvalə olundu.

Beləliklə, rus qoşunlarının çar fərmanı ilə Azərbaycandan çıxarılması 1797-ci ilin dekabr ayında başlandı. Elə həmin vaxt Rimski-Korsakovun dəstəsi Gəncə xanlığının hüdudlarını tərk etdi. Bununla bağlı olaraq A.A.Bakıxanov yazırdı ki, ruslar Gəncə qalasını tərk etdikdə, onu Cavad xana deyil, gürcü valisinə verdilər. Gürcü çarı İrakli, qarabağlı İbrahim xan, şəkili Səlim xan qoşunları ilə Gəncəyə gəldilər ki, Şəmşədilli Əli Sultanı İraklinin adından onun valisi təsdiq etsinlər. Cavad xan qaçmaq istədi, lakin arvadı Şükufə xanım onu dayandırdı və Əli Sultana xəbər göndərib yadına saldı ki, o, həbsxanada, ölüm hökmünü gözləyərkən, Şükufə xanım Cavad xandan onu azad etməsini və bağışlanmasını xahiş etmişdi. Yadına düşənlərdən mütəəssir olmuş Əli Sultan xan o saat Cavad xanın yanına gəldi, ona itaət göstərib, valilik iddialarından imtina etdi. Onda camaat və bütün başqa xanlar onun alicənablığına heyran olub, Cavad xanı öz məziyyətində saxladılar.

Ağa Məhəmməd xanın şimal xanlıqları üzərində təsiri

Rus qoşunlarının Cənubi Qafqazdan çəkilməsindən sonra Azərbaycanın cənub torpaqlarında hakimiyyəti ələ almağa çalışan Qacarlar nəslindən olan Ağa Məhəmməd xanın şimal xanlıqları üzərində təsirləri güclənməyə başladı.

Qeyd etmək lazımdır ki, Ağa Məhəmməd xanın ilk yürüşündən sonra Azərbaycanın şimal bölgələrində aclıq hökm sürürdü. Bu yürüşlərdən ən çox ziyan çəkən isə Gəncə və Qarabağ xanlıqları idi. Mirzə Adıgözəl bəy yazır ki, Gəncədə bir çərək çörək 30 gümüş rubla satılırdı. Aclıqdan burada taun epidemiyası yayılmış, əhali doğma yerlərini tərk etməyə başlamışdı [Y.Hüseynov. “Qarabağnamələr. Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi”. Bakı: Elm, 2007].

1797-ci ildə Ağa Məhəmməd şah Azərbaycanın şimal torpaqlarına ikinci dəfə yürüşə çıxdı. Bu vaxt Gəncə xanlığında tüğyan edən aclıq, viranəlik və xəstəliklər Cavad xana Qacar ordusuna layiqli müqavimət göstərmək imkanı vermədi. Mənbələr yazır ki, Ağa Məhəmməd şah Cavad xanı ruslara müqavimət göstərmədiyinə görə ölümlə hədələyərək, bu vaxt onu zindana saldırır. A.A.Bakıxanovun yazdığına görə, bakılı Hüseynqulu xanın da aqibəti elə olur.

Dövrün sənədlərindən aydın olur ki, Ağa Məhəmməd şahın Şuşa qalasında öldürülməsindən istifadə edən Cavad xan zindandan qurtularaq, Gəncəyə gəlir. Mirzə Camal Cavanşirin məlumatına görə, gürcü çarı və şamaxılı Mustafa xan kimi, o da həmin vaxt hələ də Balakəndə olan İbrahim xana dəstək olduğunu bildirir.

Beləliklə, məlumatlardan da göründüyü kimi, XVIII əsrin 90-cı illərinin sonunda Gəncə xanlığı yenidən siyasi və iqtisadi müstəqillik əldə edir, Cavad xan isə yenidən öz mülklərini möhkəmləndirməyə, qonşu dövlətlərlə münasibətlərin tənzimlənməsinə yönəldilmiş müstəqil siyasət yürütməyə başlayır.

Lakin rus qoşunlarının bəhs olunan dövrdə Gürcüstanda yerləşdirilməsi Azərbaycan xanlıqlarını rahat buraxmırdı. Gürcü çarı XII Georgi Qafqazda yerləşmiş rus qoşunlarının gücünə arxalanaraq, gürcü taxtındakı mövqeyini möhkəmləndirməklə yanaşı, həm də qonşu ərazilərə işğalçılıq yürüşlərinə çıxırdı. Bununla belə, 1800-cü ilin 28 dekabrında ağır xəstəlikdən sonra XII Georginin ölümü vəziyyəti nisbətən yaxşılaşdırmışdı. Gürcü çarının ölümündən sonra Şəmşədil sultanlığını sülh yolu ilə qaytarmaq ümidini itirən Cavad xan əzəli torpaqlarını hərb yolu ilə qaytarmaq qərarına gəlir. 1801-ci ilin yazında Cavad xanın qoşunu Şəmşədilə ilk hücumlarını edir. Lakin Şəmşədili qaytarmaq üçün qüvvəsinin azlığını dərk edən Cavad xan yerli ağaları Gəncə xanlığı ərazisinə köçməyə dəvət edir.

Aparılan araşdırmalar göstərir ki, Cavad xanın bu addımı bölgədə artıq möhkəmlənmiş rus qoşunlarının başçıları tərəfindən müsbət qarşılanmır. Cavad xanın bu tədbirlərinin qarşısını almaq üçün Qafqaz qoşunlarının ali baş komandanı Knorrinq Lazarevə göstəriş verir ki, Gəncə xanlığına köçənlərin qarşısını almaq üçün Borçalı və Şəmşədilin özündə batalyon yerləşdirsin. Elə bu vaxt Gürcüstanda olan alaylara nömrə verilməsi sərəncamı çıxır: Lixaçov və Lazarevin alayları 16-cı və 17-ci yeger alayları kimi qeydə alınır.

Mənbələrdən aydın olur ki, Cavad xanın rus qoşunlarının ali baş komandanına göndərdiyi cavab məktubu da tutarlı dəlillər üzərində qurulmuşdu. Cavad xan israrla göstərirdi ki, Şəmşədil Gəncəyə məxsusdur və heç kəsin onu bizdən alıb-verməyə haqqı yoxdur. Daha sonra o yazırdı: “Bəzən elə olub ki, bu tayfanın bir hissəsi bizə olan hansısa narazılığa görə Gürcüstana qatılardı, lakin axırda yenə də öz xoşu ilə, ya dost qonşuluq münasibətlərini gözləyən gürcü hökmdarlarının öyüdü ilə özümüzə qayıdırdı. Hər halda, bu tayfanın bizdən savayı ağası olmayıb…”

Beləliklə, məlumatlardan aydın olur ki, I Aleksandrın Rusiya taxtına yiyələnməsi Qafqazda da vəziyyəti kökündən dəyişmişdi. Rusiyanın yeni imperatoru I Aleksandrın Azərbaycan xanlarını Rusiyanın tərəfinə çəkmək və Gürcüstanın sərhəd rayonlarını möhkəmləndirmək cəhdləri getdikcə daha təhlükəli şəkil alırdı.

Hadisələrin Gəncə xanlığı üçün gözlənilməz istiqamətdə cərəyan etməsini Cavad xan da qəbul etmirdi. Tezliklə Cavad xan Şəmşədildəki hakimiyyətini möhkəmləndirmək üçün tədbirlər gördü. Mənbələr yazır ki, bu xəbəri alan general Knorrinq Cavad xana göndərdiyi məktubunda Şəmşədilin Gürcüstana mənsub olduğunu əsas gətirərək, yenidən təhdidlərə başladı. Bütün bunları tutarlı dəlillərlə təkzib edən Cavad xan məktubunda yazırdı: “Siz başqa ölkələrdəki qonşulardan soruşsanız bilərsiniz ki, Şəmşədil bizim tabeliyimizdə olub. Əgər o Gəncəyə mənsub olubsa, Sizin nə sözünüz ola bilər? Əgər bütün Gəncənin iddiasındasınızsa, bu, başqa məsələ. Məlumdur ki, nə qədər sağam, mən Gəncədən əl çəkmərəm”.

Gəncəli Cavad xanın israrlı və tutarlı mövqeyini bütün gücü ilə təkzib etməyə çalışan Knorrinq cavabında yazırdı: “Şəmşədil çar Georginin vaxtında Gürcüstanın tabeliyində olubsa, Gürcüstanın əlahəzrət imperatorunun qüdrətli idarəsi altına keçməsi ilə mən Gürcüstanı onun sonuncu çarının dövründə olduğu hüdudlarda saxlamalıyam…”.

Göründüyü kimi, Şəmşədil məsələsini bəhanə gətirən Knorrinq, nəyin bahasına olursa-olsun, Cavad xanı susdurmağa, son nəticədə isə, Şimali Azərbaycan xanlıqları üzərində təsir qazanmağa çalışırdı.

(Davamı var)