Qafqaz uğrunda mübarizə və Azərbaycan faktoru

Ziyad ƏMRAHOV

AMEA, Elm Tarixi İnstitutunun

Tarixşünaslıq və Mənbəşünaslıq şöbəsinin müdiri,

tarix üzrə fəlsəfə doktoru, dosentemail: zamrahov@gmail.com

(Üçüncü məqalə)

Erməni xainliyinin rəmzi olan “Daşnaksütyun”

Birinci Dünya müharibəsinin başlanması Qafqaz cəbhəsində yeni Rusiya-Osmanlı sərhəd xəttini müəyyənləşdirdi. Müharibənin əvvəllərində çar Rusiyasının apardığı təbliğat və təşviqat hərəkətləri də Rusiyanın mövqeyini bir qədər möhkəmləndirdi. Təbliğatın və təşviqatın əsas aləti,həmişəki kimi,Qafqazda və Anadoluda yaşayan ermənilər idi. Özlərinə Azərbaycan və Osmanlı torpaqları hesabına vətən yaratmağı planlaşdıran ermənilər isə gah Qərb dövlətləri, gah da Rusiya arasında “Kimin tərəfində olmalı, hansı dövlətin köməyindən faydalanmalı və son məqsədə nə yolla çatmalı” sualları ilə dolu bir seçim qarşısında qalmışdılar.

Müharibənin əvvəlində çar II Nikolayın Qafqaza gəlməsi, Tiflisdə ermənilərə müraciət etməsi Qafqaz və Anadolu ermənilərini bir qədər ürəkləndirmişdi. II Nikolayın müraciətində səsləndirdiyi “Siz – xristian ermənilər – böyük qardaşlarınızın köməyi ilə öz istəyinizə nail olacaqsınız” kimi fikirlər Qafqaz cəbhəsində hərbi əməliyyatların gedişinə də əhəmiyyətli təsir etmişdi. Bütün cəbhə boyunca ermənilər Rusiyaya kəşfiyyat məlumatları ötürür, Qafqaz cəbhəsində Osmanlı qüvvələrinin zəif tərəflərini xəbər verirdilər. Qeyd olunan bu amillər Şərqi Anadoluda Rusiyanın uğurlu qələbələrinə yol açmışdı.

Bununla yanaşı, ermənilərin Rusiyaya sədaqəti sonadək davam etmədi. Rusiyanın Avropa cəbhəsindəki ardıcıl məğlubiyyətləri erməniləri yenidən seçim qarşısında qoymuşdu. Bu dəfə onlar Avropanın xeyrinə seçim etməyə çalışırdılar. Rus-yapon müharibəsindəki məğlubiyyət zamanı erməni siyasi və dini xadimlərinin səsləndirdikləri fikirlər (məğlub imperiyanın himayəsində yaşamaqdansa, qalib Yaponiyanın yanında yer almaq lazımdır) yenidən gündəmə gəldi. “Məğlub Rusiyadansa, qalib Avropanın yanında yer almaq” həvəsi “erməni başbilənləri”ni getdikcə daha çox cəlb edirdi.

Müharibənin sonlarında çar Rusiyasında baş vermiş inqilab, monarxiyanın devrilməsi, müvəqqəti hökumətin yaradılması nəinki Rusiya imperiyasında yaşayan erməniləri, eyni zamanda Osmanlı imperiyasında yaşayan erməniləri də ikinci xəttin xeyrinə döndərdi. 1917-ci ilin oktyabrında Petroqradda bolşevik çevrilişinin baş verməsi məsələni qətiləşdirdi.

Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi, Birinci Dünya müharibəsində Rusiyanın məğlub olması Qafqazın geosiyasi vəziyyətində yeni bir mərhələ açmışdı. Brest-Litovsk sülhündən sonra Qafqaz cəbhəsindən geri çəkilən rus qoşunlarının yerini indi Osmanlı qüvvələri tutmuş, Cənubi Qafqazın müstəmləkə əsarətində olan respublikalarında milli-azadlıq hərəkatı güclənmişdi.

Özlərinin gələcək siyasi taleyini həll etməyə çalışan Cənubi Qafqazın Azərbaycan, Gürcüstan və Rusiyanın himayə etdiyi “erməni vilayəti”nin erməni icması arasında vahid fikrin olmaması regionda yeni müstəqil respublikaların yaradılmasından xəbər verirdi. Rusiyada monarxiyanın devrilməsindən sonra yaradılmış Cənubi Qafqaz Komissarlığı, sonralar Cənubi Qafqaz Seymi regionun gələcək taleyini birlikdə həll etməyə çalışsalar da, heç bir nəticənin olmaması regionun aqibətini ağırlaşdırmışdı.

Regionda siyasi vəziyyəti çətinləşdirən amillərdən biri Osmanlı imperiyasının hərbi hissələrinin Qafqaza daxil olması və Seym fraksiyaları arasında hökm sürən anlaşılmazlıq idi. Cənubi Qafqaza daxil olmuş Osmanlı hərbi qüvvələri ilə gürcü və erməni fraksiyaları arasında yaranmış narazılıqlar bu mürəkkəb vəziyyəti bir qədər də ağırlaşdırmışdı.

Regionun siyasi vəziyyətini daha da çətinləşdirən digər bir məqam isə Rusiyada bolşeviklərin, hakimiyyəti ələ aldıqdan sonra, Cənubi Qafqazın əldə saxlanılması ilə bağlı cızdığı gizli və açıq planlar idi. Bakı nefti və Azərbaycanın strateji əhəmiyyəti, Gürcüstanın Qara dəniz sahilləri bolşevikləri daha da şirnikləndirirdi. Elə bu məqsədlə Cənubi Qafqaza – əvvəlcə Tiflisə, sonralar isə gizli yolla Bakıya gələn Stepan Şaumyan bolşeviklərin lideri V.Lenindən gizli direktivlər almışdı. “Nəyin bahasına olursa olsun, Bakını əldə saxlamaq”, “Bakı nefti olmadan, Rusiyanın gələcək taleyini həll etmək müşkül olacaq” kimi fikirlər həm Bakıda bolşeviklərin, həm də daşnak qüvvələrinin əlində güclü silaha çevrilmişdi. Qısa zamandan təşkilatlanan daşnak-bolşevik qüvvələri Cənubi Qafqazdakı milli hökumətin olmamasından da məharətlə istifadə edərək, Bakıda hakimiyyəti Bakı Kommunası şəklində əlində cəmləşdirmişdi. Leninin mərkəzdən göndərdiyi direktivləri, S.Şaumyanın göstərişlərini icra edən Bakı Kommunası təkcə bununla kifayətlənməyib, etnik təmizləmə siyasətinə girişmiş, 1890-cı ildə Tiflisdə yaradılmış “Daşnaksütyun” erməni terror təşkilatının planı əsasında da iş başına keçmişdi. Plan əvvəlcə Bakını, sonra isə Azərbaycanın digər bölgələrini yerli əhalidən, Azərbaycan türklərindən təmizləmək idi.

Bolşeviklərin də mənafeyinə uyğun olaraq addım atan Bakı Kommunası Cənubi Qafqaza yenicə daxil olmuş Osmanlı hərbi qüvvələrini elə sərhəd-keçid məntəqələrində zərərsizləşdirib, planını icra etməyə çalışırdı. Lakin gözləntilər istənilən nəticəni vermədi.

Tiflisdə yerləşən Cənubi Qafqaz Seyminin dağılmasından sonra bölgədə yeni bir siyasi vəziyyət ortaya çıxmışdı. Seymdən ayrılan hər üç fraksiya üzvləri müstəqilliyini elan edərək, siyasi mərkəzlərinə yaramağa çalışırdı. Bu baxımdan gürcü fraksiyasının vəziyyəti nisbətən ümidverici idi. Ən çətin vəziyyətdə qalan Azərbaycan tərəfi və Seymin erməni icması idi. Azərbaycan fraksiyası üçün məsələni çətinləşdirən hal Bakının daşnak-bolşevik qüvvələrinin nəzarəti altında olması idisə, erməni fraksiyası üçün belə bir vəziyyət mövcud deyildi. İndiyə kimi Rusiyanın və Avropanın himayəsində özlərinə dövlət yaratmağı planlaşdıran, lakin ərazi baxımından Şərqi Anadoluya, tarixi ədəbiyyatda Türkiyə Ermənistanı kimi xatırladılan ərazilərə iddia edən ermənilər Osmanlı imperiyasının sərt və haqlı etirazlarından sonra tam olaraq yersiz-yurdsuz qalmışdılar. İndiyə kimi heç bir dövlətçilikləri olmayan ermənilər üçün yaranmış siyasi şərait, bir növ, göydəndüşmə idi. Siyasi şəraiti necə və hansı yolla qiymətləndirmək məsələsi isə ən çətin problem olaraq qalırdı.

Hələ əvvəllər çar Rusiyasının dövründə Azərbaycanın İrəvan və Naxçıvan xanlıqlarının ərazisində yaradılmış “erməni vilayəti” də siyasi mərkəz kimi düşünülmüşdü. Azərbaycan tərəfinin zəif olması, siyasi iradə nümayiş etdirə bilməməsi, hələ Tiflisdə məskunlaşması, Gəncəyə köçə bilməməsi, Bakının daşnak-bolşevik qüvvələrinin tam nəzarəti altında olması, digər tərəfdən isə, Osmanlının Azərbaycan tərəfinə təzyiqləri ermənilərin istəklərini gerçəkləşdirdi. Artıq Şərqi Anadoludan əli üzülmüş erməni fraksiyasına Osmanlı rəsmilərinin təzyiqi ilə İrəvan şəhəri siyasi mərkəz kimi güzəştə gedildi və Cənubi Qafqazda Ermənistan adlı yeni bir xristian dövləti yaradıldı.

Lakin Qafqazda Ermənistan adlı dövlətin yaradılmasına dair də Osmanlının hakim dairələri arasında vahid bir fikir yox idi. Bir qisim rəhbər dairələr, xüsusilə Tələt və Camal paşalar “çibanı kökündən təmizləməyin” vacibliyini vurğulasalar da, son qərar arzuolunan deyildi. Beləliklə, Cənubi Qafqazda Azərbaycan yeni bir zərbə almış oldu.

Bununla yanaşı, Batum müqaviləsinin müvafiq maddələri ilə Osmanlı rəhbər dairələri Azərbaycanı dövrün siyasi burulğanından nisbətən xilas edə bildi. Qafqaz İslam Ordusunun yaxından dəstəyi ilə Bakı və Azərbaycanın digər qəzaları daşnak-bolşevik qüvvələrindən xilas oldu, milli hökumət Bakıya köçdü, parlamentli respublika formalaşdırıldı, demokratik dövlət quruculuğu prosesində olduqca mühüm addımlar atıldı.

23 aylıq respublika dövründə Cümhuriyyət xadimləri Azərbaycan milli kimliyini özünə qaytara bildi. Onun strateji yol xəritəsini cızdı. Lakin gedilən yol o qədər də asan olmadı.

Cənubi Qafqaz respublikaları dünya dövlətləri sırasında

Birinci Dünya müharibəsinin yekunları Qafqazın siyasi mənzərəsinə yeni rəng qatdı. Cənubi Qafqaz uğrunda meydana yeni güclər daxil olmuşdu. Məğlub olmuş Osmanlı qüvvələrinin yerini indi ingilis hərbi qüvvələri tutmuşdu. Digər yandan dünya siyasi xəritəsində nəhəng güc mərkəzlərindən olan ABŞ da Cənubi Qafqazda öz üstünlüyünü təmin etməyə çalışırdı. Beləliklə, Avropa ilə yanaşı, ABŞ-ın da mübarizəyə qoşulması bir tərəfdən Cənubi Qafqaz üçün etibarlı müttəfiq demək idisə, xüsusilə də keçmiş Rusiya müstəmləkələrinin yenidən dirçəlməkdə olan bolşevik Rusiyasından asılılığının yarana biləcəyi baxımından, digər tərəfdən,Qərbin Cənubi Qafqaz respublikalarına özünün protektoratlığını təklif etməsi, general-qubernatorluqlar yaradılması istiqamətində planları Cənubi Qafqaz respublikalarının bu dəfə də gözləntilərini doğrultmamışdı. Müstəqil xarici siyasət, daxili sabitliyin təmin olunması, təbii sərvətlərin xarici bazarlara nəqli və s. məsələlərin müstəqil həlli “dalana dirənmişdi”. Yenicə yaranmış gənc respublikaların müstəqilliyinin beynəlxalq güclər tərəfindən hələ də tanınmaması daxildə siyasi gərginliyi və şimaldan gözlənilən bolşevik qiyafəsindəki təhlükəni xeyli artırmışdı.

Dünyanın siyasi xəritəsinin yenidən Parisdə həll olunduğu bir vaxtda Rusiyada bolşeviklərin təkrar fəallaşması Qərb dövlətlərinin də diqqətindən yayınmamışdı. Onlar köhnə Rusiya imperiyasının yeni qiyafədə dirçəlməsinin qarşısını almaq məqsədilə, bolşevik ideologiyasının Avropa və ABŞ-a ayaq açması təhlükəsini həyəcanla izləyir, müxtəlif planlar cızırdılar. Nəhayət, danışıqlar masasına Cənubi Qafqazın gələcək taleyi məsələsi də daxil edildi.

Uzun və gərgin danışıqlardan sonra Parisdə Cənubi Qafqaz respublikalarının müstəqilliyi de-fakto tanındı. Cənubi Qafqaz respublikaları dünya dövlətləri ailəsinə daxil oldu, beynəlxalq hüququn subyektinə çevrildilər.

Bununla da ABŞ və Avropa dövlətləri Cənubi Qafqazda maraq dairələrini qorumağı bacardı. Bir tərəfdən Rusiyanın təsir dairəsini yarıbayarı azalda bilmiş, digər tərəfdən isə zəngin təbii sərvətləri, əlverişli coğrafi mövqeyi olan regionda söz sahibi olmuşdular.

Bəhs olunan dövrdə Osmanlı imperiyasının mirasının bölüşdürülməsi uğrunda Avropa dövlətləri arasında başlanmış rəqabət Cənubi Qafqazın gələcək taleyinin müəyyən olunmasında da öz rolunu oynadı. Osmanlı imperiyasında başlanmış milli-azadlıq hərəkatı, Antanta qüvvələrinin regiondan çıxarılması istiqamətində genişlənən hərəkat bolşeviklərin Cənubi Qafqazda və Anadoluda yenidən fəallaşmasına əhəmiyyətli dərəcədə təsir edirdi. Anadolu milli-azadlıq hərəkatının gedişində bolşeviklərdən silah-sursat, maddi yardımlar alınması isə bolşeviklərin əl-qolunu əməlli-başlı açmışdı. Bütün bunlar azmış kimi, Avropa dövlətlərinin Osmanlı mirası üzərində kəskin rəqabəti Cənubi Qafqazın gələcək taleyini sual altında qoymuşdu. Yenicə yaranmış müstəqil respublikaların da arasında fikir ayrılıqları, etnik münaqişələrin başlanması, xüsusilə Azərbaycanın Qarabağ və Zəngəzur bölgələrində ermənilərin yenidən fəallaşması, yerli əhalini kütləvi soyqırımlara məruz qoyması xarici düşmənə qarşı mübarizəni çətinləşdirmiş, sərhədləri müdafiəsiz qoymuşdu.

Bütün bunlarla yanaşı, Cənubi Qafqaz respublikaları 2 illik müstəqillik dövründə dövlət quruculuğu, xarici əlaqələrin yaradılması, dünya bazarlarına çıxış imkanları baxımından uğurlu addımlar atdı. Bakı-Tiflis dəmir yolunun çəkilməsindən sonra Azərbaycan nefti dünya bazarlarına çıxış imkanı əldə etdi. Bir çox Avropa şirkətləri Azərbaycanda və Bakıda öz nümayəndəliklərini açdı. Azərbaycanın bir çox Avropa dövlətlərində səfirlik və konsulluq xidməti fəaliyyətə başladı. Azərbaycan Avropanın qabaqcıl təhsil sisteminə inteqrasiya olundu, xeyli sayda tələbə Avropa ali məktəblərində təhsil almaq hüququ qazandı.

Yeni təhlükənin cəngində və ikinci müstəqillik

Lakin regionun əlverişli coğrafi mövqeyi və təbii sərvətləri yenə də onun taleyində rahat, müstəqil yaşamaq imkanlarını məhdudlaşdırdı. Şimaldan gələn təhlükə Cənubi Qafqaz respublikalarını öz cənginə aldı. Bolşevik Rusiyası Cənubi Qafqaz respublikalarını işğal edib, öz tərkibinə qatdı. Müstəqil dövlətçilik ənənələrinin üzərindən xətt çəkildi. ABŞ və Avropanın lazımi təsir imkanlarının olmaması regionun gələcək taleyini də müəyyən etdi.

Beləliklə, Cənubi Qafqazda 70 illik yeni bir dövr – sovet əsarəti dövrü başladı. SSRİ adlı məkanda Avropa və ABŞ-la əvvəlki əlaqələr kəsildi, daxili və xarici siyasət bütünlüklə Mərkəzin istəyinə uyğunlaşdırıldı. Bu dövrdə Azərbaycanın, Cənubi Qafqaz respublikalarının ittifaq tərkibində bir çox nailiyyətləri də müşahidə olunurdu. Xüsusilə Azərbaycanın, Bakının neft və qaz sənayesinin inkişafında yeni mərhələ başlamışdı. Xəzərin Azərbaycan şelfində neft daşlarının salınması, yeni şəhərlərin təməlinin qoyulması və bir çox məsələlər ölkəni, az da olsa, inkişafa aparırdı. Lakin neft və digər sahələrdən gələn gəlirlərin respublika büdcəsinə deyil, ittifaq büdcəsinə daxil olması, respublikanın deyil, ittifaq respublikalarının inkişafı üçün xərclənməsi Azərbaycana vurulan ən böyük zərbələrdən idi.

XX əsrin ortalarından SSRİ və Qərb dünyası arasında gedən “soyuq savaş” Cənubi Qafqaz regionuna da təsirsiz ötüşmədi. İqtisadiyyatın və siyasətin totalitar idarəetmə aparatına tabe edilməsi SSRİ adlı imperiyanın gələcək taleyini sual altında qoydu, nəhəng imperiya XX əsrin sonlarında dağılaraq, müstəqil respublikalara parçalandı.

İmperiya məngənəsindən xilas olmuş Cənubi Qafqaz regionu da öz gələcək taleyini müəyyənləşdirdi. 1991-ci ildə Cənubi Qafqaz respublikaları özlərini ikinci dəfə müstəqil elan etdilər.

1991-ci ildən davam edən müstəqillik həyatı bir çox çətinliklərlə yadda qalsa da, Azərbaycan ərazilərinin 20%-i Ermənistan hərbi qüvvələri tərəfindən işğal edilsə də, Azərbaycan 1994-cü ildən etibarən öz daxili və xarici sabitliyini bərpa edib, müstəqil inkişaf yoluna qədəm qoydu.

1994-cü ildə dünyanın bir çox dövlətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanı yenidən dünya dövlətlərinin əsas diqqət mərkəzinə daxil etdi. 1998-ci ildə Bakıda tarixi İpək yolunun bərpası istiqamətində keçirilmiş Beynəlxalq Konfrans, 2001-ci ildə Avropa Şurasına üzv qəbul edilməsi isə Azərbaycanı Cənubi Qafqazda etibarlı tərəfdaşa çevirdi, Azərbaycanın Asiya və Avropa arasında ticarət əlaqələrindəki əlverişli coğrafi mövqeyinə təzə bir nəfəs qatdı, Avropa ilə əlaqələr yeni müstəviyə ucaldı.

Beləliklə, təhlillər açıq şəkildə göstərir ki, Cənubi Qafqaz regionu, tarixən olduğu kimi, bu gün də özünün əhəmiyyətini qoruyub-saxlaya bilmiş, hətta yeni baxış bucağı müəyyənləşdirməyə nail olmuşdur. Cənubi Qafqazda özünün xüsusi əhəmiyyəti ilə seçilən Azərbaycan isə, regional və qlobal güclərin regiondakı maraqlarını balanslaşdırılmış xarici siyasəti ilə tənzimləyərək, öz mövqeyini hazırda da gücləndirmişdir.