“RÖVŞƏN CAVADOV PREZİDENTİN SƏFƏRLƏRİ BARƏDƏ MƏLUMATI HƏMİN XANIMDAN (?) ALIRDI”

Elçin QƏMBƏROV, vəkil

1995-ci ilin mart hadisələrinin pərdəarxası…

(Beşinci məqalə)

Türkiyə səfirliyinin keçmiş əməkdaşı Turqut Ər öz kitabında Fərman Dəmirkol haqqında belə yazmışdır: “Dəmirkol çılğın bir insan idi. Ehtiyatlılıq və söz saxlamaq bacarığı yox idi. Türkiyəyə, Azərbaycana zərər verəcək bir insan deyildi. Dostluq anlayışı güclü idi. Hiylə, fırıldaq bilməyən dürüst bir insan idi. Özünə aid olmayan işlərə qarışmaq xasiyyəti onun 1995-ci il mart hadisələrində iştirak etdiyi görüntüsü yaratdı.

Əliyevin “KQB” rejimi F.Dəmirkolun bu xüsusiyyətlərini yaxşı təhlil edərək, bundan istifadə etdi. F.Dəmirkol vasitəsilə Türkiyə səfirliyini mart hadisələrində iştirak etmiş kimi göstərdi”.

Turqut Ər, Siz hansı görüntüdən bəhs edirsiniz? Dəmirkolun Azərbaycan Strateji Araşdırmalar Mərkəzini təsis etdiyini, Azərbaycanın qanuni Prezidentini devirmək cəhdini, Dövlət Şurasını yaradıb və özünün Azərbaycan rəhbərliyində təmsil olunmasını, Kələki kəndinə gedib, Elçibəyi Cavadovun qiyamına qoşmasını, Mütəllibovun silahlı dəstələrinin qiyamda iştirakını təşkil etdiyini nəzərdə tutursunuz?

Türkiyə səfirliyi o zaman birmənalı şəkildə mart qiyamının təşkilatçılarından idi. Səfirliyin, başda səfir Altan Karamanoğlu olmaqla, müşavirləri Ərtoğrul Güvən, Əbdülqadir Sezgin, Əngin Alan, Osman Gəzəkər və Siz – Turqut Ər – Azərbaycanda qanuni hakimiyyətin devrilməsi istiqamətində konkret fəaliyyət göstərmisiniz.

Daha sonra Turqut Ər yazır: “Heydər Əliyevin olayların içinə Türkiyəni soxmasının səbəbi F.Dəmirkol və K.Gürelin Rövşən Cavadovla olan əlaqələri idi. Dəmirkol və Gürelin Ərtoğrul Güvəni Cavadovla tanış etməsi də bu səbəblərdən biri idi. Ərtoğrul bəyin vəzifəsi hər təbəqə ilə görüşmək, əlaqə saxlamaq və münasibət qurmaqdan ibarət idi. Onun vəzifəsindən irəli gələn işinə görə günahlandırılması absurd idi. Türkiyə MİT-in əməkdaşı kimi Azərbaycanda təmsil olunması da ona geniş imkanlar yaradırdı. MİT-in Bakı nümayəndəsi olaraq, Azərbaycanın bütün təbəqələrdən olan tanınan və tanınmayan simaları ilə münasibət yaratmaq onun vəzifə borcu idi. Eyni zamanda, Daxili işlər nazirinin müavini R.Cavadovla da əlaqələri bu səviyyədə idi. Cavadovla Ərtoğrul bəyin münasibətlərində məxfi bir şey axtarmaq uydurma və böhtandan başqa bir şey deyildi. Ancaq kommunist təfəkkürlülər belə düşünmürdü və ya düşünmək onlara gərəkdeyildi”.

Axı “kommunist təfəkkürü” neyləsin ki, Ərtoğrul Güvən Türkiyədən gələn, dövlət çevrilişində iştirak edən emissarlar qrupuna rəhbərlik edir, K.Gürelin ofisində onlarla məxfi şəraitdə görüşüb, maliyyələşdirib, təlimatlandırır, ASAM-ın iclaslarında mütəmadi iştirak edirdi? Ərtoğrul Güvən MİT-in rəhbərinin müavini Yalçın Ərtanın rəhbərliyi altında Cavadov qiyamının praktiki təşkilatçılığı ilə məşğul idi.

Kənan Gürel öz ifadəsində göstərirdi: “Söhbət zamanı Fərman bəy və Ərtoğrul bəy lazım gələrsə Heydər Əliyev hökumətinin çevriliş yolu ilə kənarlaşdırılmasının labüd olduğunu iddia edirdilər. Yeni dövlət quruluşunda birinci şəxslər sırasında Əbülfəz Elçibəyi və onun iqtidarda olduğu vaxt prezident müşaviri işləmiş, sonradan, yəni Əbülfəzin Kələkiyə qaçdığı vaxt Türkiyəyə getmiş, Türkiyə-Azərbaycan Cəmiyyətinin sədri Nihad Çətinqayanı görmək və özləri də faydalanmaq niyyətində idi. Ərtoğrul Güvənlə və F.Dəmirkolla aparılan söhbətlərdən başa düşürdüm ki, nəzərdə tutulan çevrilişdən sonra F.Dəmirkol da özünü yaradılacaq Dövlət Şurasının tərkibində görürdü. F.Dəmirkolun səfirliyin müşaviri Əbdülqadir Sezginlə sıx əlaqədə olması və eyni məqsədlə fəaliyyət göstərmələri Elçibəyin hakimiyyətə gətirilməsi məqsədinə xidmət etmişdir. Türkiyənin millət vəkili seçilmək yolunda tamamilə müflis vəziyyətə düşən Nihat Çətinqaya millət vəkili seçilə bilmədi və Elçibəyin bir illik hakimiyyəti dövründə Azərbaycanda özünə çoxlu pul, qazanc toplayaraq, aradan çıxdı. F.Dəmirkolun isə yüksək vəzifə almaqvə varlanmaq xülyası Elçibəyin dövründə həyata keçirilməli idi. Bu fikir Türkiyənin bir sıra vəzifəli şəxslərində də mövcuddur, ona görə də müəyyən qruplar Elçibəyin hakimiyyətinə gətirilməsinə daha çox üstünlük verirdi.Fərman Dəmirkolun, Ərtoğrul bəyin, Əbdülqadir bəyin təsiri ilə Elçibəyin Rövşən tərəfindən qəbul edilməsi vəziyyətiyarandı. Heydər Əliyevə qarşı təklikdə mübarizə aparılmasının qeyri-mümkünlüyü Mütəllibov-Əbülfəz birliyinin yaranmasına gətirib çıxardı”.

Qeyd etdiyim kimi, Kənan Gürel MİT-in rəhbər müavini Yalçın Ərtana Cavadovun hər addımı barədə məlumat verirdi. Rabitə Nazirliyinin Bakı şəhərlərarası danışıq məntəqəsindən götürülmüş sənədlərdən məlum olmuşdur ki, K.Gürel “Traza” firmasının ofisindən Y.Ərtanın 344-41-41 nömrəli xidməti telefonuna, 490-24-86 nömrəli ev telefonuna mütəmadi zənglər etmiş və müvafiq danışıqlar aparmışdır. Y.Ərtan olmadığı halda, Gürel onun katibəsi Ruslat xanıma, Ərtanın müavini Aytəkinə və müşavir köməkçisi Təkinə tapşırıqlar üzrə məlumatlar verirdi.

Məlumatların biri də Prezident Heydər Əliyevə sui-qəsdlə bağlı idi. Belə ki, 09 mart 1995-ci il tarixdə K.Gürel R.Cavadovdan tələb etmişdir ki, o, “N” adlı xanımla əlaqələrinə son qoysun. Bu əlaqələr Cavadovun ailəsinə məlum idi və Gürel üçün xoşagəlməz vəziyyət yaranmışdı, çünki Gürel bu cütlüyü Türkiyə səfərində müşayiət etmişdir. R.Cavadov Gürelə bildirdi ki, o, “N” xanımdan öz məqsədləri üçün istifadə edir, belə ki, Prezidentin keçirəcəyi tədbirlər, səfərlər, uçuş, qayıdış və s. xəbərlər barədə mühüm əhəmiyyət kəsb edən məlumatları onun vasitəsilə öyrənir. Xanımın həyat yoldaşının tutduğu vəzifə bu məlumatların əldə olunmasına imkan verirdi.

K.Gürelin ifadəsindən: “O, (R.Cavadov) Prezidentə qarşı sui-qəsd hazırlayırdı və bu sui-qəsdin Prezidentin Danimarkadan qayıtdığı vaxt həyata keçiriləcəyi ehtimal olunurdu. Ona görə də mən həmin vaxt Prezidentin artıq Danimarkada olduğunu bilərək, öz mənzilimdən Yalçın bəyə zəng vurub, belə bir hərəkətin Rövşən Cavadov tərəfindən hazırlandığını ona çatdırdım”.

Turqut Ər mart hadisələri barədə yazır: “Adi bir polis əməliyyatı ilə başlanan olayların təxribata çevrilməsi bizi narahat edirdi. Biz də yavaş-yavaş baş verənlərə “dövlət çevrilişinə cəhd” kimi inanmağa başlamışdıq”. Turqut Ər belə təsəvvür yaratmaq istəyir ki, bu hadisələr onlar üçün gözlənilməz olmuşdur. Faktlar isə əksini göstərir. Fərəc Quliyev öz ifadəsində göstərmişdir: “13-17 mart 1995-ci il tarixlərdə təşkil olunmuş dövlət çevrilişinin hazırlanması, onun hərəkətverici qüvvələri barədə ilkin məlumatlar mənə və Kələki kəndində yaşayan Əbülfəz bəyə hələ 1995-ci ilin fevral ayının əvvəllərində daxil olmağa başlamışdı Bu kimi məlumatlar ilk vaxtlarda, eləcə də sonralar Türkiyədən “peyk” telefon rabitəsi vasitəsi ilə bilavasitə Əbülfəz bəyin özünə daxil olurdu. Həmin telefon rabitəsi Əbülfəz bəyə Kələkiyə getdiyi ilk vaxtlardan Türkiyə tərəfindən çatdırılmışdır. Daxil olmuş məlumatlardan görünürdü ki, Azərbaycanda R.Cavadovun və faktiki olaraq onun sərəncamında olan Xüsusi Təyinatlı Polis dəstəsinin gücü və səyi ilə Əbülfəz bəy prezidentlik postuna qayıdacaq və qanuni hakimiyyət kimi öz fəaliyyətini davam etdirəcəkdir”.

Turqut Ərin kitabı qərəzlə, hadisələrin təhrifi ilə, tarixi saxtakarlıqları ilə və ən nəhayət, diplomata yaraşmayan səviyyəsizliyi ilə yazılıb. Misal üçün, o, yazır: “Heydər Əliyev İranda şah rejiminin devrilməsi üçün Moskvanın əmri ilə qurulan “Tudəhli” gizli təşkilatındakı molla dostlarına və fars şovinistlərinə də söyləyirdi ki, Elçibəy bütöv Azərbaycanı istəyir”.

Bir cümlədə nə qədər saxtakarlıqla savadsızlığın olmasına təəccüb edirəm! Qeyd etmək istəyirəm ki, “Tudəhli” adında təşkilat olmayıb. “Hezbə Tudəyə İran”, yaxud kommunist yönümlü İran Xalq Partiyası Sovet İttifaqının dəstəyi ilə 1941-ci ildə Şimali Azərbaycan Demokratik Respublikası zamanında, Sovet qoşunlarının İrana yeridildiyi vaxt yaradılmışdı. Seyid Cəfər Pişəvəri hökumətinin devrilməsindən sonra bu partiya qanundankənar elan olunub və 1979-cu ilin İslam inqilabına qədər gizli fəaliyyət göstərib. Bir il leqal fəaliyyətdən sonra Xomeyni hakimiyyəti partiyanı məhv edib, onun sonuncu lideri Nurəddin Kiyanuri başda olmaqla, rəhbərləri dövlətə qarşı fəaliyyətdə ittiham edilərək edam olunmuş, minlərlə funksionerlər ya məhv, ya da uzunmüddətli həbs cəzasına məhkum edilmişlər. Hər halda, 1992-1993-cü illərdə bu partiyadan əsər-əlamət qalmamışdı. “Tudə” partiyasının əsasını və əksəriyyətini farslar yox, azərbaycanlılar təşkil edirdi. Mollaların isə kommunist partiyasında olması ümumiyyətlə mümkün deyildi. O ki qaldı Elçibəyin istəyinə, o, heç vaxt bütöv Azərbaycan ideyasını gizlətmirdi və bunu açıq-aydın hər zaman bəyan edirdi.

Türkiyə xüsusi xidmət orqanları dövlət çevrilişi üçün münasib vaxt seçmişdilər. Prezident Heydər Əliyev Kopenhagendə idi. Hadisələr 12 mart 1995-ci il tarixində Qazaxda başladı. Bu, Turqut Ərin dediyi kimi, adi bir polis əməliyyatı deyildi, hərtərəfli hazırlanmış dövlət çevrilişinin başlanğıcı idi.

Vilayət İsmayılovun müşayiəti ilə Qazaxa səfər

12 mart tarixində Kənan Gürel R.Cavadovun yaxını Vilayət İsmayılovun müşayiəti ilə Qazaxa gedir. Bu barədə o, öz ifadəsində göstərir: “Hadisələrdən bir neçə gün əvvəl Ərtoğrul Güvənin evinə gəldi və təcili Qazaxa çıxmalı olduğunu bildirib, Elçin (Əmiraslanov) vasitəsilə Yener Aksoyu tapmalı və ona Bakıya qayıtmasın çatdırmalı olduğunu söylədi. Mən İsmayılov Vilayətlə görüşüb, Rövşənin “Honda” maşını ilə Qazaxa çıxdım. Orada Vilayətin bələdçiliyi ilə Elçinin əsgərlərlə toplaşdığı və döyüş vəziyyətinə gətirdiyi yeri tapdıq. Mən Elçindən Yenerlə görüşməyimə şərait yaratmasını xahiş etdim. 20-30 dəqiqədən sonra Yeneri gətirdilər. Onunla söhbət zamanı ondan Türkiyə ilə əlaqəsinin olub-olmadığını soruşdum? O da vaxtaşırı Türkiyəyə məlumat verdiyini bildirdi. Son hazırlıqlar, yəni Elçinin “OMON”çu əsgərlərinin silahlandırılması, qüvvə toplaması, sərhəd zonasına hücum edərək, Azərbaycan əsgərlərindən tanklar ələ keçirilməsi, vəziyyətin gərginləşməsi barədə Türkiyəyə son məlumat vermişdir. Mən ona bildirdim ki, Türkiyə onun təhlükəsizliyinin təmin edilməsi baxımdan narahatdır”.

Yener Aksoy Türkiyədən gələn emissarlar qrupundan idi, “peyk” ötürücü cihazla təchiz olunmuş və Qazaxda yerləşdirilmişdi. Aksoy birbaşa Yalçın Ərtanla əlaqə saxlayırdı.

Ancaq K.Gürelin Qazaxa gəlişi tək Aksoyla bağlı deyildi. “OMON”un Qazax regionu üzrə əməkdaşı Babək Vəliyev öz ifadəsində göstərirdi: “12 mart 1995-ci il tarixdə saat 16 radələrində “Qarapapaq” ləqəbli hərbçinin dəstəsinin və 30-40 nəfər mülki şəxsin toplaşdıqları qərargaha “Honda” maşını ilə R.Cavadovun yaxın adamları kimi tanıdığı K.Gürelin və V.İsmayılovun gəldiyini görmüş, onların Əmiraslanovla görüşmək istədikləri barədə ona müraciət etməsindən sonra, şəxsən özüm gedib, Əmiraslanovu çağırmışdım. K.Gürel və V.İsmayılov Əmiraslanovla birlikdə onun qaldığı evə keçdilər. Orada Gürel Əmiraslanova dedi: “Nəyə görə başlamırsınız? Naxçıvan, Lənkəran sizi gözləyir, bir gün yubanmısınız, siz Qazaxda, Ağstafada dövlət orqanlarını tutmalısınız. Naxçıvanda hökuməti Xalq Cəbhəsi, Lənkəranda isə Ələkrəm Hümbətovun adamları tutacaq”. Əmiraslanov isə bu barədə əmr verilmədiyini dedikdən sonra, Gürel ona Cavadovun yanından gəldiklərini və dövlət orqanlarını tutmasının məhz Cavadovun tapşırığı olduğunu bildirmişdir. Bundan sonra Əmiraslanov bildirdi ki, “Axşam fəaliyyətə başlayacağıq, siz gedin, səhər yollar bağlı olacaq” və Gürel İsmayılovla çıxıb getdilər. Əmiraslanov dərhal həyəcan siqnalı ilə şəxsi heyəti yığdı və gecə əməliyyata başlayacaqları barədə əmr verdi. Onun göstərişi ilə mən 30 nəfər silahlı “OMON” əməkdaşları və mülki şəxslərlə Qazax rayon polis şöbəsinə hücum edib, oranı zəbt etdik”.

B.Vəliyev daha sonra “abi” adlandırdıqları Yener adlı türk vətəndaşının “OMON” əməkdaşı və Əmiraslanovun Şahin və “Canavar” ləqəbli Rauf adlı yaxın qohumları tərəfindən Qazaxa 1995-ci ilin fevral ayının əvvəllərində gətirildiyini, Yenerin rabitəçi olmaqla, Naxçıvan və Türkiyə ilə müntəzəm danışıqlar apardığını göstərmişdir.

13 mart 1995-ci il tarixində Qazaxda və Ağstafada baş vermiş hadisələrlə bağlı Daxili işlər naziri Ramil Usubovun göstərişi ilə nazirin birinci müavini Zahid Dünyamalıyev, nazir müavini R.Cavadov və “OMON”un komandiri Nizami Şahmuradov Qazaxa ezam olundular.

14 mart 1995-ci il tarixində R.Cavadov Bakıya iş yeri olan nazirliyə yox, birbaşa “OMON”un 8-ci km qəsəbəsində yerləşən qərargahına gəlir. Artıq “OMON”çular səfərbərliyə alınmışdılar.

(Davamı var)