ABŞ-İran: müharibə başlayarsa…

Vasif MƏMMƏDOV

Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumdan sonra ABŞ-İran münasibətlərində artan gərginlik iki ölkə arasındakı müharibə təhlükəsini kəskin şəkildə yüksəldib. Artıq ABŞ prezidenti Donald Tramp güman edilən bu hücumla əlaqədar Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib. Bunu ABŞ-ın müdafiə naziri Mark Esper söyləyib. Onun sözlərinə görə, prezident Donald Tramp, əsasən, hava və raket hücumundan müdafiəyə yönələcək ABŞ qüvvələrinin yerləşdirilməsini təsdiqləyib.

Hücumun regionda gərginliyi faciəvi surətdə artdırdığına diqqət çəkən Esper “Bütün əlamətlər təcavüzdə İranın məsuliyyət daşıdığını göstərir. Lakin buna baxmayaraq, ABŞ İranla müharibəyə can atmır… amma çoxlu sayda hərbi əməliyyat variantları mövcuddur”, – deyə o, əlavə edib.

Yada salaq ki, dronların sentyabrın 14-də “Saudi Aramco” dövlət şirkətinin NEZ-lərinə hücumunu Yəmənin üsyançı husiləri öz üzərinə götürüb. Lakin ABŞ əvvəlcədən bildirib ki, hadisənin arxasında Tehran dayanır. Rəsmi Tehran isə bu ittihamları rədd edib.

Bundan əlavə, ABŞ İranın Milli Bankına sanksiya tətbiq edib. Bu barədə Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib. O, bu sanksiyanın indiyədək İrana qarşı tətbiq olunan ən sərt məhdudlaşdırıcı tədbir olduğunu diqqətə çatdırıb. Jurnalistlərin İrana qarşı mümkün hərbi əməliyyatlar barədə sualını cavablandıran ABŞ prezidenti “həmişə hazırıq” deyə bəyan edib.

Diplomatik resursların zəruriliyi

Son bir neçə il ərzində Azərbaycan İranın rəqibləri – İsrail və ABŞ-la sıx iqtisadi əlaqələr qurub. Eyni zamanda bu dövrdə Azərbaycan İranla da iqtisadi əlaqələrini inkişaf etdirmək üçün addımlar atıb – birgə nəqliyyat layihələri həyata keçirilib və rəsmilər arasında yüksək səviyyəli görüşlər təşkil edilib. Lakin ABŞ və İran arasında baş verə biləcək müharibədə rəsmi Bakının mövqeyinin, mümkün hadisə baş verdiyi təqdirdə, Azərbaycana necə təsir göstərəcəyi sual doğurur.

ABŞ-İran münasibətlərinin gərginləşməsi fonunda ilk günlərdən rəsmi Bakı hər iki dövlət arasındakı artan gərginliyin sonda diplomatik yolla həll ediləcəyinə ümidlə baxır. Məsələn, bir müddət əvvəl Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev BBC News-a açıqlamasında bildirb ki, Azərbaycan xarici siyasətində heç bir tərəfi kənarlaşdırmır.

O, ABŞ-İran əlaqələrində gərginlik ritorikasının Azərbaycanı “qonşu dövlət, region dövləti kimi narahat edən bir amil” olduğunu deyərək, Azərbaycanın bu prosesləri yaxından izlədiyini qeyd edib.

“Düşünürük ki, məsələnin həll edilməsi üçün diplomatik resurslar tükənməmişdir… Həmçinin ümidvar olmağa çalışırıq və istəyirik ki, bu məsələlər məhz diplomatik resurslar vasitəsilə öz həllini tapsın”, – deyə Hikmət Hacıyev vurğulayıb.

Daha sonra Hikmət Hacıyev münaqişə halında Azərbaycanın hər hansı fəal rol oynamayacağını bildirib. Bu isə, geosiyasi baxımdan, təbii bir mövqe olduğunu göstərir və İranda bir müharibədən, regionun sabitliyinə kəskin zərərgətirici qüvvəyə malik bir hadisədən xəbəb verir.

“Qaçqın axını” baş verərsə…

Vaşinqton-Tehran münasibətlərinin pisləşməsi fonunda İrandan Azərbaycana, kütləvi də olmasa, artıq axın var. Bunu son bir neçə ayda müşahidə etmək mümkündür. Son aylarda Bakının bir neçə yaşayış kompleksində evlər alanlar arasında iranlılar çoxluq təşkil edir. Lakin müharibə halında İrandan şimala qaçqın və məcburi köçkün axınının yaranması Azərbaycanı və hətta Rusyanı belə narahat etməyə bilməz.

Buna səbəb isə İranın regional baxımdan nəhəng sayda əhalisi olduğu üçün, qaçqın və ya məcburi köçkün axınının Azərbaycan iqtisadiyyatına kəskin mənfi təsir göstərə bilməsi ehtimalıdır. Elə bu səbəbdən Azərbaycanın ABŞ-İran münasibətlərindəki gərginliyə müsbət yanaşmaması məntiqlidir.

Hazırda isə ABŞ-ın tətbiq etdiyi sanksiyaların yaratdığı iqtisadi qəfəs İranın ticarət potensialını boğmağa davam edir. Bu üzdən İran zənginlərinin, sahibkarlarının Azərbaycanda biznes maraqlarının arta biləcəyini hesab edənlər var. Bunun isə Azərbaycan iqtisadiyyatına zərər yox, əksinə, xeyir gətirə biləcəyi hesab edilir.

Bəzi ekspertlərin fikrincə isə, Azərbaycanla İran arasında ticarət, bu ölkəyə qarşı tətbiq edilən sanksiyalar və hətta müharibə təhlükəsi Bakı-Tehran münasibətlərinin genişlənməsinə maneələr yaradır. Məhz bu səbəbdən də indiyə qədər Azərbaycan və İran qarşılıqlı münasibətlərini istədikləri şəkildə qura bilmirlər.

ABŞ-ın İranla bağlı bir neçə ssenarisi mövcuddur. Bu barədə İranın problemlər üzrə eksperti, RF EA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Vladimir Sajin “Rosbalt” agentliyinə bildirib. Onun sözlərinə görə, ABŞ İrana qarşı müharibəni məhz müsəlman dövlətlərinin əli ilə aparmağa çalışır.

“ABŞ-a İranla birbaşa müharibə etmək gərək deyil. Tramp administrasiyası bu müharibəni Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının tərkibində görmək istəyir. Məsələ ondadır ki, regionun qaynar qazana çevrilməsi ABŞ üçün əhəmiyyət daşımır. Elə bundan sonra da ABŞ İrana qarşı müttəfiqlərini səfərbər etməyə çalışacaq. Bir sözlə, bölgə inamla fəlakətə sürüklənir”, – deyə ekspert bildirir.

Ekspertin sözlərinə görə, bu gün İran rejiminin qalmasında ən maraqlı ölkə kimi Rusiyanın adı çəkilir.

“Moskva “burnunun dibində” amerikapərəst bir rejimin olmasında maraqlı deyil. İrana sahib olmaq Orta Şərq, Cənub-Qərbi Asiya, Cənubi Asiya, Cənubi Qafqaz, Orta Asiya, Fars körfəzi, Ərəb dənizi, Xəzər dənizinə çıxış əldə etmək deməkdir. ABŞ-ın buna sahib olması isə Rusiyanın maraqlarına cavab vermir”, – deyə ekspert vurğulayır.

Məsələ ilə bağlı Rusiya Elmlər Akademiyası Təhlükəsizlik Problemlərinin Tədqiqatı üzrə Mərkəzin eksperti Konstantin Bloxin Antitezis.az portalına eksklyuziv olaraq fikir bildirib.

Ekspert Konstantin Bloxin

“Bu gün İrana genişmiqyaslı müdaxilə variantı inandırıcı deyil. ABŞ, çox güman ki, İrana təsir göstərməyə davam edəcək, lakin iş hərbi müdaxilə və ya raket zərbələrinə qədər irəliləməyəcək. Rəsmi Vaşinqton başa düşür ki, Tehran cavab verə bilər və İran raketləri ABŞ-ın regiondakı müttəfiqlərinin ərazisinə qədər gedib çatacaq. Bu isə Yaxın Şərqdə daha da güclü nizamsızlığa səbəb olacaq.

Prezident Donald Tramp dəfələrlə qeyd edib ki, ABŞ dövləti Yaxın Şərqdə müharibə aparmaq üçün 7 trilyon dollar həcmində vəsait xərcləyib. Əgər onun administrasiyası bu cür avantüraya, yəni yeni müharibəyə əl atmağa qərar verərsə, bu səfər “Yaxın Şərq bataqlığına” düşmüş olacaqlar.

Tramp Amerikanı daha effektiv və rəqabət qabiliyyətli ölkəyə çevirmək istəyir və bunu Ağ Evin dünyanın hər yerindəki müdaxiləsinə sərf olunan maliyyə xərclərini azaldaraq həyata keçirmək niyyətindədir. Lakin İrana qarşı hərbi əməliyyatların aparılması baş tutarsa, ABŞ bu xərcləri minumuma endirə bilməyəcək”, – deyə tanınmış ekspert bildirib.

Region qanlı savaşlardan təngə gəlib

“İki ölkə arasında ziddiyyətlər güclənsə də, müharibəyə, qanlı və sonu görünməyən savaşa gətirib çıxarmayacaq”. Bunu yerli mətbuata millət vəkili, Milli Məclisin (MM) Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü Hüseynbala Mirələmov İran-ABŞ gərginliyinə münasibət bildirərkən söyləyib.

Millət vəkilinin sözlərinə görə, hər iki dövlət “soyuq müharibəni” davam etdirsə də, proseslər “isti müharibəyə” doğru getməyəcək.

“Bugünə kimi iki ölkə dəfələrlə qarşı-qarşıya gəlib, qarşıdurma, ziddiyyətlər pik həddə çatıb, amma son anda müharibə variantı, hərbi yola əl atılması arxa plana keçirilib. Odur ki, bu dəfə də belə olacağını ehtimal edirəm.

Eyni zamanda, Azərbaycan tarixən İranla qonşu, dost dövlət kimi ABŞ-la yüksək əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinə malik ölkə kimi İran-ABŞ arasında yaranmış konfliktin aradan qaldırılmasında maraqlı olub. Ona görə Azərbaycan öz mövqeyinə, öz siyasətinə sadiq qalaraq, yaranmış qarşıdurmanın aradan qaldırılmasını istəyir və bu istiqamətdə addımlar atır. Dünya, yaşadığımız region qanlı savaşlardan, müharibələrdən, qırğınlardan artıq bezib, təngə gəlib. Odur ki, yeni savaş, yeni müharibə kimsəyə gərək deyil”, – deyə millət vəkili əlavə edib.