“AYAZ MÜTƏLLİBOVUN EMİSSARLARI RÖVŞƏN CAVADOV VƏ FƏRMAN DƏMİRKOLLA GİZLİ DANIŞIQ APARIRDI”

Elçin QƏMBƏROV, vəkil

1995-ci ilin mart hadisələrinin pərdəarxası…

(Dördüncü məqalə)

1995-ci ilin fevral ayının ortalarında Rövşən Cavadov Ayaz Mütəllibovla əlaqə yaradır. Bu məqsədlə o, A.Mütəllibov hakimiyyəti dövründə dövlət müşaviri işləmiş Adil Hacıyevi onun qohumu Elçin Əmiraslanovun vasitəçiliyi ilə evinə dəvət edir. A.Hacıyev öz ifadəsində göstərirdi: “Mən otağa daxil olarkən, Elçin məni R.Cavadova və onunla birgə əyləşən iki nəfər şəxsə təqdim etdi. Söhbət əsnasında öyrəndim ki, həmin şəxslər Türkiyə vətəndaşları Fərman Dəmirkol və Kənan Güreldir”.

R.Cavadov Heydər Əliyevlə danışıb, Respublikanı böhran vəziyyətindən çıxarmaq yollarının axtarılması məqsədilə, Parlamentin sessiyasını çağırtdıraraq, koalision hökumət yaratmağı, həmin hökumətin tərkibinə Elçibəyi, Mütəllibovu, Vəzirovu dəvət etmək təklifini irəli sürəcəyini bildirdi. Mən R.Cavadova dedim ki, Rövşən bəy, 1992-ci ilin may ayında bizi hakimiyyətdən Siz devirdiniz. O isə “Sizin hakimiyyətinizin devrilməsində mənim də günahım olub, olan olub, keçən keçib”, – deyə cavab verdi. Mən dedim, bəli, tankın üstündə gəlirdin, televiziya həmişə səni göstərirdi. Rövşən dedi ki, bəli, səhv elədik, Xalq cəbhəsini hakimiyyətə gətirdik. Xalq cəbhəsi bir il ərzində Respublikanı müflis elədi, ölkəni taladılar, iqtisadiyyat pozuldu, hər şey geriyə getdi. Sonra Dəmirkol dedi ki, əgər H.Əliyev xoşluqla sessiyanı çağırmaq istəməsə, təzyiq yolu ilə çağıracayıq. Mən Rövşəndən soruşdum ki, təzyiq yolu deyə nəyi nəzərdə tutursunuz? Rövşən bunu aşağıdakı kimi izah etdi: “Naxçıvanda Elçibəy hakimiyyəti ələ alacaq, televiziya və radio vasitəsilə xalqa müraciət edəcək. Müraciətdən sonra bizim bir çox zonalarda, o cümlədən Quba, Xaçmaz, Gəncə və başqa regionlardakı adamlarımız əhalini ayağa qaldıracaq və H.Əliyev məcbur olub, parlament sessiyası çağıracaq”. Mən dedim ki, Heydər Əliyev nə Elçibəydir, nə də Mütəllibov, o, Sizin fitnə-fəsadınıza ram olmaz. Rövşən isə elə olacağı təqdirdə, güc tətbiq edəcəklərini bildirdi.

Sual: Naxçıvanda hakimiyyətin ələ alınması Elçibəy tərəfindən hansı yolla həyata keçirilməli idi?

Cavab: Bu barədə mənə heç nə demədilər, onların proqramları əvvəlcədən hazır idi. Ümumi şəkildə mənə məlum idi ki, bu proqram Türkiyənin dəstəyi ilə hazırlanmışdır. Bu, mənə sonradan məlum oldu. Mən Rövşənə bildirdim ki, dövlətin ordusu var, sizin ona gücünüz çatmaz. O isə “OMON”nun bir nəfəri 5 ordu əsgərinə bərabərdir”, – deyə cavab verdi. Daha sonra onlar koalision hökumət yaranmayacağı təqdirdə, Parlamentin qarşısına Dövlət Şurasının yaradılması məsələsini qoyacaqlarını, Dövlət Şurasına Elçibəy, Mütəllibov, Vəzirov, Dəmirkol və Cavadovun özünün daxil olacağını, digər iki nəfəri isə parlamentdə özlərinin təqdim edəcəklərini bildirdilər. Mən soruşdum ki, Dövlət şurasının sədri kim olacaq? Dəmirkol cavab verdi ki, sədr Ə.Elçibəy olacaq. Mən əsəbi halda güldüm və dedim ki, Siz “fili çıxarıb, yerinə milçəyi qoymaqla”, Respublikanı böhrandan çıxaracağınızı zənn edirsiniz? Dəmirkol dedi ki, Elçibəyi Türkiyə, Amerika müdafiə edir, o, əvvəlki səhvlərinə yol verməyəcək.

Bu görüşdən sonra Adil Hacıyev Ayaz Mütəllibovla telefon əlaqəsi yaradaraq, görüş barəsində danışıb, onun münasibətini öyrənməyə çalışdı. Mütəllibov əvvəlcə “Bizi hakimiyyətdən uzaqlaşdıran elə Cavadovun özü deyildimi?!” – deyə əsəbləşdi. A.Hacıyev də “R.Cavadov üzr istəyir, səhvini başa düşüb və güclərin birləşdirilməsini rəklif edir”, – deyə cavab verdi.

A.Mütəllibov buna cavab olaraq bildirdi ki, o, Məmmədəli Əliyevə lazımi tapşırıqları verəcək, zərurət yarandığı təqdirdə də müəyyən güclə Cavadova kömək edəcəklər. Abşeron Rayon Polis İdarəsinin sabiq rəisi Məmmədəli Əliyev “Ceyran” kafesində A.Hacıyevlə görüşlərin birində demişdir ki, “bir şey olsa, məndə silahlı adamlar var”.

F.Dəmirkol R.Cavadovla birlikdə A.Mütəllibovun elçisi A.Hacıyevlə gələcək Dövlət Şurasının tərkibini, hakimiyyət dəyişikliyini və s. məsələləri müzakirə etdiyinə baxmayaraq, öz ifadəsində göstərirdi ki, “Türkiyə Ayaza razı deyildi, çünki onun rusların əlində olduğunu yaxşı bilir”.

“Rövşən bəy, Türkiyə sənin Ayazla əməkdaşlığına razı olmaz”

Ayaz Mütəllibovun digər emissarları da R.Cavadov və F.Dəmirkolla danışıqlar aparırdılar. Bu barədə F.Dəmirkol göstərir: “Ayaz Mütəllibovun biznesmenliklə məşğul olan bir adamı var, adını bilmirəm. Ondan soruşdum ki, Siz nə istəyirsiniz, qardaşım, nədir fikriniz? O da dedi ki, vallah, bizim fikrimiz odur ki, Rövşən qəhrəmandır, təmizdir və Rövşən bəylə Ayaz qüvvələrini birləşdirməlidirlər. Biz Azərbaycanda çox güclüyük, qüvvətliyik, əməkdaşlıq etməliyik, bərabər olmalıyıq. Dedim ki, bəzi suallarım var Sizə. Ayaz girovdur, yoxsa azaddır, niyə R.Cavadovu seçirsiniz, başqasını seçin? Xalq cəbhəsi var, “Musavat” var, başqa partiyalar var. Niyə Ayaz Moskvaya qaçıb? Bizim müstəqil dövlətimizi ruslar aldıqları üçün, onları söyürdük. İndi bu adam gedib rusların “qucağında oturub”.

Sonra bu adam getdi. Mən Rövşən bəyə dedim ki, “Bu Ayazın adamları ilə əməkdaşlıq etmək mümkün deyil. Mən onların gəlişini Türkiyə səfirliyinin hərbi müşaviri, təhlükəsizlik müşaviri və səfir Altan bəyə çatdıracam. Açığını da deyim ki, Rövşən bəy, Türkiyə Ayazla sənin əməkdaşlığınıza razı olmaz !”

F.Dəmirkol sözdə A.Mütəllibovu qəbul etmədiyinə baxmayaraq, qanuni hakimiyyətin devirilməsində onun da qüvvələrindən istifadə etmək niyyətində idi.

Kənan Gürelin Mərkəzə ötürdüyü məlumatda deyilirdi: “Düşmən kimi tanıdığınız və ya bizə elə tanıdılan şəxslərlə heç bir əlaqə və ya qarşılıqlı söhbət etmədiyimiz halda, verilən qərarların nə dərəcədə doğru ola biləcəyinə diqqət edilməlidir”.

Türkiyənin A.Mütəllibovu qəbul etmədiyinə inanmaq olar, lakin Türkiyə xüsusi xidmət orqanlarının Dövlət Şurasında A.Mütəllibovun olmasını dəstəkləməsinin səbəbi təkcə Mütəllibovun silahlı dəstələri ilə əlaqədar deyildi.

Onların, mən deyərdim ki, çox primitiv düşüncəsinə əsasən, Dövlət Şurasında Mütəllibovun təmsilçiliyi Rusiyanın yeni hakimiyyətə loyallığına səbəb ola bilərdi.

Türkiyə xüsusi xidmət orqanları Azərbaycanda dövlət çevrilişinin həyata keçirilməsi istiqamətində bir sıra hərbi və siyasi qurumlarını cəlb etməklə bərabər, etnik separatçılarla bu və ya digər şəkildə kontakt yaratmışdı.

Qeyd etdiyim kimi, 5 nəfərdən ibarət emissarlar qrupu Bakı, Qazax, Lənkəran, Qusar və Şəki rayonlarında yerləşdirilmişdir. Çevrilişin ssenarisinə müvafiq hərbi çıxışlar məhz bu rayonlarda baş verməliydi. Bundan əlavə Lənkəran, Qusar və Balakən rayonlarında milli çaşqınlıq yaratmaq nəzərdə tutulmuşdu. Beləliklə, Bakıda “OMON” və mərkəzi qüvvələr, Qazaxda Elçin Əmiraslanovun “OMON” dəstəsi, Qusarda “Sadval” separatçı ləzgi təşkilatı, Lənkəranda Ələkrəm Hümbətovun separatçı talış yaraqlı dəstələri, Balakəndə Əli Ansuxskinin separatçı avar qüvvələri dövlət çevrilişinə cəlb olunmuşdular.

Fərəc Quliyev öz ifadəsində göstərirdi: “Fərman Dəmirkol Kələki kəndində Əbülfəz bəylə görüşü zamanı hakimiyyətin ələ keçirilməsinin heç bir çətinlik olmadan reallaşdırılacağı barədə tam və qəti fikir söyləməklə, respublikanın bütün regionlarında öz adamlarının olması və yerləşdirilməsi haqda məlumat verərək, Balakən regionunda Əli Ansuxskinin bu fəaliyyətə rəhbərlik edəcəyini xüsusi olaraq qeyd etmişdi”.

Lənkəranda isə vəziyyət daha da gərgin idi. Belə ki, 21 sentyabr 1994-cü ildə Milli Təhlükəsizlik Nazirliyi təcridxanasından qaçan Ələkrəm Hümbətov Lənkəran rayon ərazisində gizlənməklə bərabər, yaraqlı dəstələr formalaşdırırdı.

Beləliklə, Türkiyə xüsusi xidmət orqanları Azərbaycanda dövlət çevrilişini əsaslı şəkildə planlaşdırmış, bu əməliyyata “OMON” hərbi birləşmələri ilə bərabər Ayaz Mütəllibovun, Əli Ansuxskinin, Ələkrəm Hümbətovun, sadvalçıların qüvvələrini cəlb etmişdi.

Bu əməliyyatın baş tutacağı halda Azərbaycanda misli görünməmiş fəlakətlərin baş verəcəyini təxmin etmək heç də çətin deyil, necə deyərlər, qan su yerinə axacaqdı. Yəni neft payının 3-4 faizi bu fəlakətlərə dəyərmi?