1995-Cİ İL, MART HADİSƏLƏRİNİN PƏRDƏARXASI…

Elçin QƏMBƏROV, vəkil

(Birinci məqalə)

Azərbaycan İctimaiyyətinə tanış olan simalar Fərman Dəmirkol və Turqut Ər son zamanlar müxtəlif KİV-də, onlayn TV-lərdə, sosial şəbəkələrdə aktivləşiblər. Onların çıxışlarını diqqətlə izləyib, bir nəticəyə gəldim: F.Dəmirkol və T.Ər siyasi konyunktura uyğun Azərbaycanın ən yeni tarixini, baş vermiş hadisələri və eləcə də öz fəaliyyətlərini təhrif edirlər, özlərini demokratiya uğrunda fədakar mübariz kimi qələmə verməyə çalışırlar. Təbii ki, əsas mövzu 1994-1995-ci illərdə Azərbaycanda baş vermiş hadisələrdir.

Xüsusilə T.Ərin “Azadlıqdan tiranlığa” adlı kitabını qeyd etmək istəyirəm. Bu kitabı oxuduqda təəccübləndim: gör Türkiyə kimi qüdrətli ölkənin diplomatı, gizli xəfiyyəsi nə dərəcədə dəyaz ağla, savadsızlığa, yalançılığa malikdir! Eyni zamanda müəllif şəxsi, heç bir əsası olmayan fikirlərini son instansiya həqiqət kimi təqdim etmək cəhdini, özündənrazılığı açıq şəkildə büruzə verir.

İllər keçdikcə,F.Dəmirkol və T.Ər “OMON” qiyamıyla bağlı əsl həqiqətlərdən savayı, müxtəlif, bir-birinə zidd fikirlər səsləndirirlər. Lakin həqiqət birdir və onun ayrı-ayrı variantları olmur. O həqiqət ki, F.Dəmirkolun, T.Ərin və onlarla bərabər digər şəxslərin Azərbaycan xalqının faciəsindəki rolunu ortaya qoyur.

Surət Hüseynov dövlət başçısı olmaq iddiasını gizlətmirdi

Bu adlar Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD, “OMON”) 1995-ci ilin mart qiyamı üzrə cinayət işi ilə bağlı yaddaşımda qalıb.

1995-1996-cı illərdə mən sabiq xarici işlər naziri Tofiq Qasımovun hüquqlarını müdafiə edirdim. O, keçmiş dövlət müşaviri Adil Hacıyevlə, Türkiyə və Avstriya vətəndaşı Kənan Gürellə birlikdə Vətənə xəyanətə və dövlət çevrilişi törətmək cəhdinə görə cinayət məsuliyyətinə cəlb olunmuşdu.

Cinayət işi ilə yaxından tanış olan bir vəkil olaraq, mən o illərdə baş verən hadisələri nəinki yaxşı bilirəm, hətta geniş ictimaiyyətə bəlli olmayan bir çox ciddi məqamlardan da xəbərdaram. Həmin cinayət işində Türkiyənin Azərbaycandakı keçmiş səfiri Altan Karamanoğlunun, səfirliyin mətbuat katibi Turqut Ərin, Strateji Araşdırmalar Mərkəzinin (AŞAM) rəhbəri Fərman Dəmirkolun, səfirliyin əməkdaşları Ərtoğrul Güvən, Əbdülqədir Sezgin, Əngin Alan və s., həmçinin Türkiyənin bir sıra rəsmi və qeyri-rəsmi şəxslərinin adları hallanırdı.

F.Dəmirkolun və T.Ərin yazılarındakı və çıxışlarındakı bəzi məqamlara diqqət yetirincə heyrətlənirdim. Məni təəccübləndirən o idi ki, yüzlərlə Azərbaycan gəncinin həlak və məhkum olmasının, onların minlərlə ailə üzvünün, xüsusilə qadın və uşaqların acınacaqlı həyatının səbəbkarları indi Azərbaycana, onun xalqına “eşq” elan edir.

“OMON”un 1994-cü ilin oktyabr – 1995-ci ilin mart qiyamlarının “xaç ataları”nın fəaliyyəti xalqımıza saysız bəlalar gətirdi. Onlar Azərbaycanı sevmirdilər, onlar nefti, pulu və öz mənafelərini sevirdilər. Bu “sevgi” uğrunda F.Dəmirkol və T.Ər yüzlərlə azərbaycanlını qurban verməyə və minlərlə insan taleyini məhv etməyə hazır idilər.

Bəlkə də o vaxtlar biz dərk etmirdik, ancaq illər keçdikcə, bugünün prizmasından görürük ki, Heydər Əliyev necə titanik əməyin, qlobal düşüncənin, qətiyyət və iradənin hesabına xaos içində olan respublikadan güclü dövlət yaratdı. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan Respublikası və Azərbaycan xalqı dövlət kimi özü ilə fəxr etməyə başladı.

Tarix sübut edir ki, dövlətin kataklizmlərdən, xüsusilə müharibə şəraitində olaraq düşdüyü kritik vəziyyətdən çıxmasının bir yolu var: dəmir ələ, geniş miqyaslı düşüncəyə, siyasi qrossmeysterliyə malik liderin mövcudluğu.

ABŞ-ın Franklin Ruzvelt, Fransanın Şarl De Qoll, Türkiyənin Mustafa Kamal Atatürk, Çinin Mao Tzedun, Misirin Camal Əbdül Naser, Böyük Britaniyanın Uinston Çörçill kimi liderləri buna nümunədir. Şübhəsiz, Heydər Əliyevin adı bu cərgədədir. Qeyd olunan ölkələrin bugünkü inkişafının təməlini həmin tarixi şəxsiyyətlər qoyub.

1994-1995-ci illər Azərbaycanın müstəqil dövlət kimi qalib gəlməsinin kulminasiyasıdır. Bu dövrdə baş verən respublika üçün taleyüklü hadisələr öyrənilməsini və təhlilini gözləyir.

Hörmətli oxucular, sizi “OMON” qiyamının və onunla bağlı digər hadisələrin bəzi gizlinləri, əsl motiv və məqsədləri ilə tanış edəcəyəm.

Yazdıqlarımın əsasında faktlar və cinayət işinin materialları durur.

Qarşıdurma kabusu

1994-1995-ci illərdə Azərbaycan Respublikasında və onun ətrafında dövlət çevrilişlərinə cəhdlər, siyasi qətllər, silahlı qarşıdurmalarla müşayiət olunan amansız daxili və geosiyasi mübarizə gedirdi.

Tarixi paralellər apararaq əmin olursan ki, heç bir postsovet respublikası öz müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ictimai-siyasi münasibətlərin və dövlət institutlarının formalaşdırılması yolunda Azərbaycan qədər insan qurbanı verməyib.

Respublikadakı ictimai-siyasi həyat siyasi qüvvələrin, silahlı birləşmə və qruplaşmaların cürbəcürlüyü, rəngarəngliyi ilə səciyyələnirdi. XX əsrin 70-ci illərinin Beyrutu kimi, Bakı bir çox xarici xüsusi xidmət orqanları üçün bir poliqona çevrilmişdi. Eyni zamanda, Bakı daxili və xarici qüvvələrin qarşıdurmasının savaş meydanına dönmüşdü.

Qarşıdurmalar Bakını, Gəncəni, Sumqayıtı, Lənkəranı, Qazaxı, Balakəni, Qusarı və daha bir neçə rayonu bürümüşdü. Ölkənin ictimai-siyasi həyatı qarşıdurmalar meydanına çevrilmişdi. Müdafiə Nazirliyinin divarları arxasında, Milli Təhlükəsizlik Nazirliyinin koridorlarında, Daxili İşlər Nazirliyinin kabinetlərində, Baş Prokurorluğun mərtəbələrində sanki qarşıdurma kabusu dolaşırdı.

Baş nazir Surət Hüseynov özünün dövlət başçısı olmaq niyyətini gizlətməyərək, açıq-aşkar meydan oxuyurdu. Baş nazirin ətrafında “kölgə kabineti” formalaşdırılmışdı. Komanda üzvləri rayonları və bölgələri bölüşdürür, bəzi ölkələrin Surət Hüseynovu dəstəkləməsinə dair açıq-aşkar söhbətlər aparırdılar. Bəzi siyasi qüvvələr tələblər, mükafat qismində, “naz etmə” yolu ilə öz adamlarını dövlət hakimiyyəti və idarəetmə orqanlarında yerləşdirə bilmişdi.

Paralel olaraq, Respublika Parlamentində də qarşıdurma gedirdi. Parlamentarizm üçün xarakterik olan siyasi qarşıdurmalarla yanaşı, müxtəlif qruplaşmaların merkantil və korporativ maraqlarının qarşıdurmaları vüsət almışdı. Bəzi deputatlar silahlı qruplaşmalara yiyəlik edib, bununla nümayişkaranə qürrələnir, özlərini regionlarının “tacsız kralları” hesab edirdilər.

Müxtəlif qruplaşmalar iqtisadi təsir dairəsini – neft, daşınmalar, pambıq, spirtli içkilər, tütün biznesi, onların idxal-ixracı, otellər, restoranlar və s. uğrunda şiddətli mübarizə aparırdı. Bu qruplaşmalardan bəziləri neft daşınmaları ilə bağlı dövlət qurumlarından haqq alırdı.

Yuxarıda deyilənlərin fonunda qeyd etmək gərəkdir ki, özünün tanınmış liderlərinin simasında cinayətkar aləm də respublikanın bir çox sahələrində öz təsirini göstərirdi. Bir fakt hamıya bəllidir ki, çətin bir dövrdə Dağıstanda tutulub saxlanmış taxıl “qanuni oğruların” dəstəyi ilə Bakıya gətirilmişdi. Bu, dövlət içində “dövlətin” təsir gücünün göstəricisi idi. İş o yerə çatmışdı ki, qruplaşmaların başçıları kriminal aləmin liderləri ilə nüfuz dairələrini bölüşdürürdü.

Qarşıdurma tərəflərinin liderlərinin çoxu xarici xüsusi xidmət orqanlarının diqqət obyekti idi və hüquqi terminologiya ilə desək, agentliyə yararlı subyektlər idilər.

Yağlı tikəyə göz dikənlər

Dünyanın bütün strateji əhəmiyyətli paytaxtlarında həm marağı olan ölkələrin, həm də transmilli şirkətlərin kəşfiyyat xidmətləri fəaliyyət göstərir. Bu təbiidir. Lakin dünyanın heç bir yerində onlar Bakıdakı və Beyrutdakı qədər açıq-aşkar, qaba və həyasızcasına fəaliyyət göstərməyib. Dayanıqlı dövlət qurumlarının və sabitliyin olmaması əcnəbi xüsusi xidmət orqanlarının bu cür fəaliyyətini mümkün etmişdi. Azərbaycan adlı bol süfrədən yağlı tikə qoparmaq istəyən hər kəs üçün Bakı karvansaraya bənzəyirdi.

Xarici səfirliklər, sonradan aydın olduğu kimi, köhnə “KQB” məktəbi ilə mübarizə üçün xeyli primitiv səviyyəli kadr kəşfiyyatçıları ilə dolu idi. Bu, faktların və qarşıdurmaların yekun nəticələrinin təsbitlənməsidir.

Bundan savayı, müxtəlif xüsusi xidmət orqanları ilə bağlı olan əcnəbi vətəndaşlar, beynəlxalq fırıldaqçılar tərəfindən yaradılmış analitik mərkəzlər, institutlar, qeyri-hökumət təşkilatları da fəaliyyət göstərirdi. Onların bir qismi KİV-in “ulduzlarına” çevrilmiş, özlərini müxtəlif tədbirlərdə “gözə soxurdular”, digərləri isə özlərini heç nə ilə büruzə vermədən, kölgədə fəaliyyət göstərməyi tərcih edirdi.

Respublikada azacıq da olsa nüfuz sahibi olan bəzi şəxslər özləri belə xarici xidmət orqanlarının təsiri altına düşürdü. “Kor-koranə” istifadə olunanlar da var idi. Onların təşəxxüsü ilə oynayaraq, iddialarının reallaşmasında hər cür köməklik vəd edərək, xüsusi xidmət orqanlarının əməkdaşları fəal şəkildə “təsir agentləri” şəbəkələri formalaşdırırdı.

Bununla paralel olaraq, qeyri-aşkar şəkildə “Hizbullah”, “Hiz-Bud-Təhrir”, “Ceyşullah” kimi şiə, “Camaat” kimi vəhhabi yönümlü ekstremist dini təşkilatlar da fəallaşırdı.

Şimali Qafqazda müharibə təbii surətdə Azərbaycana da təsirsiz ötüşmürdü. İordaniyadan, Səudiyyə Ərəbistanından, Türkiyədən, Əfqanıstandan, Pakistandan olan emissarlar üçün Bakı hərtərəfli əlverişli “yuvaya” çevrilmişdi. Bakının otelləri müxtəlif rəngli çeçen yaraqlıları ilə dolu idi. Ağır vəziyyətdə olan dövlət üçün bu həm beynəlxalq problem, həm də növbəti “qaynar nöqtə” idi.

Geosiyasi aspektdə də Azərbaycan ətrafında qarşıdurmalar baş verirdi. Rusiya, ABŞ, Böyük Britaniya, Türkiyə, İran kimi dövlətlər Azərbaycanı öz nüfuz dairəsinə salmaq uğrunda şiddətli mübarizə aparırdı. “Ortaya” neft və Respublikanın geosiyasi məkanı qoyulmuşdu. Geosiyasi mübarizənin arxasında transmilli korporasiyaların və dünya bank kapitalının siluetləri görünürdü.

Geosiyasi qarşıdurma Bakıda özünü tam gücü ilə büruzə verirdi. Bəzi ölkələrin səfirlikləri daxili qarşıdurmaların liderlərinin ziyarətgahına çevrilmişdi. Şəxsi iddialarının “aşıb-daşdığı” vaxtda bu şəxslər xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə siyasi, maliyyə, maddi-texniki, təchizat məsələlərini həll edirdilər.

Maraqlı olan ölkələrin səfirliklərində xüsusi xidmət orqanları əməkdaşları diplomatik statusu arxasında az qala açıq şəkildə bəzi ictimai-siyasi təşkilatları, QHT-ləri, KİV-i himayə edib, öz iradələrinə tabe etmişdilər. Bir neçə səfir isə elementar diplomatik etiketə məhəl qoymadan, TV-də və KİV-də respublikanın daxili işlərinə qarışırdı.

Siyasi mübarizənin bəzi strateqləri hesab edirdilər ki, hakimiyyəti yalnız aşağıdakı formula cavab verən qüvvə ala bilər: “siyasi müxalifət + hərbi müxalifət + xarici dövlətin dəstəyi”. Cəbbəxanası yalnız bu komponentlərə malik olmaqla, ən azı respublikanı idarə etmək və iqtisadi resursların bölgüsündə həmiştirakçılığı təmin etmək olar.

Əsas vəzifə siyasi və hərbi müxalifətin birliyinə nail olmaq idi. Bu məqsəd üçün müxtəlif mərkəzlər, qeyri-hökumət təşkilatları, ictimai-siyasi fiqurlar səfərbər edilmişdi.

Hədsiz ambisiyaların ağır sonucları

Qarabağ müharibəsi minlərlə Azərbaycan gəncinin həlak olması ilə, əlil olması ilə bitmişdı. Hər bir müharibə, ən başlıcası, bərkiməmiş gənclərə psixoloji travmalar yetirir. Onların əksəriyyəti elementar həyat təcrübəsindən məhrum, müharibədən başqa heç nə görməmiş cəbhəçilər idi. Deyilənlər tam şəkildə “OMON”çulara da aiddir. “OMON” Qarabağda qəhrəmanlığı ilə hörmət qazanmışdı. Bununla yanaşı, “OMON”çuların əksəriyyəti dinc həyata uyğunlaşa bilmirdi. Cəzasızlıq, “ərköyünlük”, minnət qoyma və ambisiyalar, nəticə etibarilə, ağır sonuclara səbəb olan cinayətə gətirib çıxardı.

Dövlətə tabe olmayan silahlı dəstədən yararlanmağa hazır olan qüvvələr ortaya çıxırdı. Bu “material” manipulyasiya, istifadə üçün yararlı olmuşdu. Allen Dallesin sözlərinə görə, material “plastilinləşəndən” sonra, ondan nəyə və kimə qarşı istəsən yararlanmaq, lazım olmadıqda isə arxivə təhvil vermək olardı.

Yalnız 1994-1995-ci illərdə Azərbaycandakı şəraiti təhlil edərək, “OMON”un 1995-ci il mart qiyamının əsl motivlərini başa düşmək olar. “OMON”un mart qiyamı bundan qabaq baş vermiş silsilə hadisələrin – “Əsrin müqaviləsi”, MTN-in təcridxanasından qaçış, Parlamentin vitse-spikeri A.Cəlilovun və Prezident yanında Xüsusi İdarənin rəisi Ş.Rəhimovun qətlləri, Baş Prokurorluğun ələ keçirilməsi və Gəncədəki qiyamın kulminasiya nöqtəsi idi.

1994-cü ilin oktyabr hadisələri “OMON”a və onun hamilərinə zahiri effektdən savayı heç bir real dividend vermədi. “OMON”dan istifadə edənlər başa düşürdü ki, onun faydalı iş əmsalı durmadan azalır. Bu vaxta “OMON” öz davranışı ilə artıq cəmiyyətin hörmət limitini tükətmişdi. Qoçuluq (reket), azğınlıq, silahlı toqquşmalar, kriminal – bu da “OMON”un dinc həyat dövründə fəaliyyətinin natamam siyahısıdır. Sıravi “OMON”çular öz komandirlərinin əlində bir alətə çevrilmişdi. Komandirlər “daha yüksək dairələrin” əlində oxşar alət olmasaydılar, siyasətbazlıqla məşğul olmaqdansa, öz vəzifə borclarını yerinə yetirsəydilər, bəlkə də “OMON”çuların və onların ailələrinin sındırılmış taleləri başqa cür ola bilərdi.

Liderlərindən fərqli olaraq, sıravi “OMON”çuların durumu çox acınacaqlı idi. Cavadovlar klanının var-dövləti sayəsində respublikada sayılıb-seçilən olduqlarına baxmayaraq, onların öz kasıb əsgərlərinə qayğısı müalicəyə yardımdan, cüzi pul vəsaitləri verməkdən ibarət idi. Əsl qayğı o olardı ki, eqoistik hisslərini kənara qoyub, gənc döyüş yoldaşlarına dinc dövrdə həm maddi, həm də mənəvi cəhətdən uyğunlaşıb, özünə yer tutmaqda kömək edəydilər. Elə kütləvi həbslər bitən kimi onların ailələrinin, uşaqlarının, qocalarının necə acınacaqlı vəziyyətdə olduğu aydın oldu.

Dəliqanlı, silahlı, peşəkar döyüşçülər rəislərinə sərvət toplamaq üçün bir vasitə idi. Ancaq 1994-cü ilin oktyabrından sonra “OMON”un sıralarında sanki bir daxili məhkumluq var idi. Onlar başa düşürdülər ki, Heydər Əliyev onların əməllərini cəzasız qoymayacaq və “körpülərin yandırılması” onları daha aqressiv, qeyri-adekvat edirdi. İstənilən hadisə silahlı qarşıdurmaya gətirib çıxara bilərdi.

Respublikada silahlı qarşıdurmalara son qoyulması ilə nəticələnən sonuncu qiyam baş qaldırmaqda və bunun ardınca hərbi müxalifətin darmadağın edilməsi yaxınlaşmaqda idi.

(Davamı var)