Qafqaz uğrunda mübarizə və Azərbaycan faktoru

Ziyad ƏMRAHOV

AMEA, Elm Tarixi İnstitutunun

Tarixşünaslıq və Mənbəşünaslıq şöbəsinin müdiri,

tarix üzrə fəlsəfə doktoru, dosent

email: zamrahov@gmail.com

(Birinci məqalə)

Əlverişli coğrafi mövqeyi olan Qafqaz regionu tarixən istər qonşu dövlətlərin, istərsə də Qərbin maraq dairəsində olub. Şərqlə Qərbin kəsişməsində yerləşən Qafqaz bölgəsinin əhəmiyyətini hələ qədim zamanlardan bir çox amillər aktuallaşdırmışdır. Bu amillər içərisində Şərqdən Qərbə uzanan əlverişli ticarət yollarının Qafqazdan keçməsi xüsusilə diqqəti cəlb edir. Hələ eramızdan əvvəl 2-ci minillikdə qədim Çində sinifli cəmiyyət və ilk dövlətlərin yaranmasından sonra çinlilərin təsərrüfatında əkinçilik və maldarlıq mühüm rol oynamağa başlamışdı. Bu dövrdən etibarən, həm də tut ağaclarının becərilməsinə xüsusi fikir verilir, tut yarpağı ilə ipəkqurdu yemlənir, barama yetişdirilir, baramadan isə ipək sap alınırdı. Təsərrüfatda əldə olunan bu artım, daxili tələbatı ödəməklə yanaşı, qısa zamanda yüksək sıçrayışlara səbəb olur, məhsul xarici ölkələrə də satılırdı.

Əlverişli coğrafi mövqeyi olan Qafqaz regionu tarixən istər qonşu dövlətlərin, istərsə də Qərbin maraq dairəsində olub. Şərqlə Qərbin kəsişməsində yerləşən Qafqaz bölgəsinin əhəmiyyətini hələ qədim zamanlardan bir çox amillər aktuallaşdırmışdır. Bu amillər içərisində Şərqdən Qərbə uzanan əlverişli ticarət yollarının Qafqazdan keçməsi xüsusilə diqqəti cəlb edir. Hələ eramızdan əvvəl 2-ci minillikdə qədim Çində sinifli cəmiyyət və ilk dövlətlərin yaranmasından sonra çinlilərin təsərrüfatında əkinçilik və maldarlıq mühüm rol oynamağa başlamışdı. Bu dövrdən etibarən, həm də tut ağaclarının becərilməsinə xüsusi fikir verilir, tut yarpağı ilə ipəkqurdu yemlənir, barama yetişdirilir, baramadan isə ipək sap alınırdı. Təsərrüfatda əldə olunan bu artım, daxili tələbatı ödəməklə yanaşı, qısa zamanda yüksək sıçrayışlara səbəb olur, məhsul xarici ölkələrə də satılırdı.

Makedoniyalı İsgəndərin Şərqə yürüşü bu ticarət əlaqələrini bir qədər də yaxşılaşdırdı, dövlətlər və xalqlar arasındakı əlaqələri yeni müstəviyə çıxardı. Ticarət yolları o zaman mövcud olan bütün dövlətləri birləşdirirdi. Artıq eramızdan əvvəl 2-ci əsrin sonlarında dünya ticarət yollarına Çindən gələn ticarət yolu da qoşuldu. Bu yolla Çindən Yaxın Şərq ölkələrinə və Aralıq dənizi hövzəsinə ipək, lak, çini gil qablar və s. məhsullar gətirilirdi. Bu ticarət malları arasında əsas yeri ipək tuturdu. Buna görə də Çin karvan yolu Böyük İpək Yolu adlanırdı. İpək yolu Çindən Şimali Afrikaya və İspaniyaya qədər ərazidə yerləşən çoxlu dövlət və xalqları birləşdirirdi. Bu yolun ən işlək xətlərindən biri isə Xəzər dənizinin qərb sahilləri boyunca cənubdan şimala istiqamətlənərək, Azərbaycandan keçirdi.

Artıq eramızın əvvəllərinə doğru Qafqaz regionunun əlverişli coğrafi və strateji mövqeyi yeni bir imperiyanın diqqətini cəlb etmişdi. Bu, Aralıq dənizinin şərq sahillərində işğallarını genişləndirmiş Roma imperiyası idi. Qısa zamanda Roma imperiyası öz sərhədlərini Suriya və Kiçik Asiya yarımadasına kimi genişləndirə bildi. Misir, Yaxın Şərq və Qafqaz regionu Romanın itaəti altına düşdü. Romalılar Xəzər dənizinin sahillərini tutaraq, Albaniya ərazisindən keçən Hindistanla Qara dəniz sahillərini birləşdirən ticarət yoluna nəzarət etməyi hədəfə almışdılar.

Roma imperiyası dağıldıqdan sonra Qafqaz regionunu ələ keçirməyə, bölgədən keçən ticarət yollarına nəzarəti əldə saxlamağa çalışan siyasi qüvvələr ortaya çıxmışdı. Bunlardan biri əvvəlki Roma imperiyasının varisi olan Şərqi Roma imperiyası və yaxud Bizans imperiyası, digəri isə Şərqdə, Ərəbistan yarımadasında yenicə yaranmış və qısa zamanda çox böyük ərazilərə yiyələnmiş Ərəb xilafəti idi.

Bizans imperiyası bu zaman Qərbdən gələn ticarət yollarına, xüsusilə İberiya (indiki Gürcüstan), Kiçik Asiya yarımadasına, Ərəb xilafəti isə Şərqdən gələn ticarət yollarına nəzarət edirdi. Bu dövrdə Qafqaz bölgəsinin əhəmiyyətini artıran amillər sırasına indi yeni nüanslar da daxil olmuşdu. Bu, bir tərəfdən Qafqazda, tarixi Azərbaycan ərazisində yaranmış yeni müstəqil dövlətlərlə müttəfiqlik əlaqələrini genişləndirmək, digər tərəfdən isə Azərbaycanda, Bakı yaxınlığında, Abşeron yarımadasında hələ qədimdəm məlum olan, tarixi ədəbiyyatda “Midiya yağı” kimi tez-tez xatırladılan, indi isə müharibələrdə, piyada ordularının silahlanmasında və düşmən qüvvələrinin vahiməyə salınmasında mühüm rol oynayan neftin o zamankı ordu işlərində istifadəsi idi. Piyada qoşun növlərində ox və yayların neft məhsulları ilə təchiz edilərək düşmən cəbhəsinə atılması, yanğınlar törədilməsi bu baxımdan da bölgəyə marağı artırmış, Azərbaycan uğrunda ölüm-dirim savaşı başlamışdı. Lakin bölgənin əhəmiyyətini artıran amillər təkcə bununla yekunlaşmırdı. Abşeron ətrafında, Xəzər dənizində balıq vətəgələrinin, yeni duz mədənlərinin, eyni zamanda bölgədə marena, qırmızı boyanın əhəmiyyəti məsələni daha da aktuallaşdırmışdı.

Nəhayət, bu mübarizədə Ərəb xilafətinin üstünlüyü Qafqazda qısa zamanda təmin olundu. Region ucsuz-bucaqsız ərazilərə nəzarət edən Xilafətin tərkibinə qatıldı. İndi Xilafət təkcə həmin dövr üçün əhəmiyyət kəsb edən yeraltı və yerüstü resursları istismar etmir, həm də Qafqazın şimalından və Qafqazın qərbindən gələn xarici təhlükələri neytrallaşdırmağı, yeni müdafiə istehkamları tikməyi və beləliklə də Qafqaza təkbaşına sahib olmağı qarşısına məqsəd qoymuşdu.

Lakin iki əsrə yaxın Qafqazda hegemon olan Ərəb Xilafəti sonadək istəyinə nail ola bilmədi. Xilafətin qısa zamanda dağılması regionda azad nəfəsin yaranmasına səbəb olmuşdu. Buna, bir tərəfdən, Qafqazda gedən milli-azadlıq hərəkatları nəticəsində yeni müstəqil dövlətlərin yaranması (xüsusilə Azərbaycan və Gürcüstanda), digər tərəfdən daxili çəkişmələr və bölgəyə yeni nüfuz dairələrinin artması təsir edirdi. Bununla belə, bəhs olunan dövr Qafqaz regionu üçün bir renessans çağı hesab oluna bilər. Yeni müstəqil dövlətlərin yaranması, daxili və xarici ticarətin bir mərkəzdən idarə olunması həm də nisbi sabitliklə müşayiət olunur, əvvəllər dağıdılmış şəhər həyatı yenidən canlanırdı.

Qafqaz regionunun strateji-coğrafi mövqeyi XI əsrdən bölgədə yenidən xarici işğallarla diqqəti cəlb edir. Bölgədə və xüsusilə Azərbaycanda vahid dövlətin olmaması, siyasi çəkişmələrin hökm sürməsi bölgəyə xarici müdaxiləni bir qədər də asanlaşdırdı. Xarici müdaxilənin hədəfi indi Orta Asiyadan yürüş edərək, İran yaylasına yayılmış və oradan da Qafqaza daxil olmuş Səlcuq türkləri idi. Orta Asiyadan İraqa, Yaxın Şərqə və Kiçik Asiyaya kimi yayılmış Səlcuq imperiyası əvvəlki ənənələri qorumağa çalışsa da, köçəri həyat, işğalçılıq yürüşlərinin ara verməməsi bölgədə nəinki sabitliyi təmin edə bilmədi, hətta əvvəlki ticarət yolları tənəzzülə uğradı, rabitə əlaqələri pozuldu. Bununla yanaşı milli identikliyin, milli dövlətçiliyin inkişafı istiqamətində mühüm addımlar atıldı.

Avropa işğalçılarının “müqəddəs missiyası”…

və ya xristian dəyərlərini müsəlmanlardan xilasetmə bəhanəsi

Klassik orta əsrlərin sonunda Qafqaz regionunda, tarixi Azərbaycan ərazilərində, indiki Gürcüstan ərazilərində yeni feodal dövlətlərin yaranması Avropa ilə əlaqələrin yeni müstəvidə qurulmasını zəruri amilə çevirmişdi. Şərq, xüsusilə Qafqaz regionu ilə əlaqələrin qurulmasında Avropa dövlətləri də olduqca maraqlı idilər. Bu maraqları bir çox amillər şərtləndirirdi. Əvvəla, hələ XI əsrdən başlayan və xristian kilsəsinin iki hissəyə – Qərb (katolik, yəni “ümumdünya kilsəsi”) və  Şərq (pravoslav, yəni “həqiqi din kilsəsi”) düşərgələrinə parçalanmasından sonra Qərbi Avropada katolik kilsəsinin yeganə mütəşəkkil qüvvə olması amili. Roma Papasının Klermon şəhəri yaxınlığında çıxışında səsləndirdiyi “Şərq ölkələrinə yürüş edib, İsanın qəbrini kafirlərin, yəni müsəlmanların əlindən xilas etmək” çağırışları Şərq ölkələrinin əhəmiyyətini yeni müstəviyə çıxardı. Bu çağırışlarda işğalçılıq yürüşləri ön plana keçsə də, Avropa dövlətlərinin, xüsusilə İtaliya tacirlərinin Suriya, Fələstin, Krım və Qafqazda ticarət məskənləri yarandı.

Qafqazın strateji-coğrafi əhəmiyyətini dərindən qiymətləndirən Avropa dövlətləri Şərqin ipək ticarətini ələ keçirməyə çalışırdı. Bu dövrdə Avropa dövlətləri, xüsusilə Portuqaliya kralları, Şərqə yeni yollar axtarmaq məqsədilə XV əsrdən etibarən dünya okeanlarında ekspedisiyalar təşkil etməyə başlamışdı. Beləliklə, həm yeni-yeni ərazilər kəşf olunur, həm də ilk müstəmləkə işğalları başlayırdı. Tədricən qitələr arasında əlaqələr genişlənir, dünya ticarəti yaranırdı.

Bəhs olunan dövrdə Azərbaycanın ən güclü feodal dövlətlərindən olan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri Avropa ilə ticarət əlaqələrinin yaradılmasında, dünya ticarətinə qoşulmasında olduqca maraqlı idilər. Bütün orta əsrlər boyunca davam edən bu proses Qafqazda, Azərbaycanda, Gürcüstanda vahid dövlətlərin olmaması ilə paralel şəkildə özünü göstərirdi.

Şərqdə iki nəhəng imperiyanın, tarixi Azərbaycan torpaqlarında Səfəvilər imperiyasının, Kiçik Asiya yarımadasında Osmanlı imperiyasının siyasi səhnədə güclənməsindən sonra Avropa dövlətləri üçün Qafqazın əvvəlki strateji əhəmiyyəti indi sual altına düşmüşdü. Buna bir çox amillər təsir edirdi. Əvvəla, Anadoluda Osmanlı imperiyasının güclənməsi, Avropaya doğru irəliləməsi, Almaniya və Avstriya kimi dövlətlərin qüdrətli Osmanlı imperiyasından asılı hala düşməsi Avropa dövlətlərini çox təlaşlandırmışdı. Digər tərəfdən isə əvvəlki, Avropadan Asiyaya uzanan ticarət yolları üzərində nəzarət indi birbaşa Osmanlı imperiyasının əlində idi. Buna, bir tərəfdən, həm də bir çox Avropa dövlətlərin siyasi dağınıqlığı, mərkəzləşmiş dövlətlərin olmaması şərait yaradırdı.

Dünya siyasi səhnəsinə yeni imperiyaların çıxması indi Avropanı düşünülmüş addım atmağa sövq edirdi. Həm Osmanlı əsarətindən xilas olmaq, həm də əvvəlki iqtisadi və ticarət qüdrətini geri qaytarmaq üçün yollar axtarılırdı. Belə yollar sırasında Osmanlı imperiyası ilə düşmən mövqedə dayanmış Səfəvi imperiyası ilə müttəfiqlik əlaqələrini qurmaq daha ağlabatan görünürdü. Avropa dövlətləri bununla iki əsas hədəfə çatmağı düşünürdü. Həm Avropada Osmanlı əsarətinə son qoyan, həm də Qafqaza birbaşa nəzarət edən Səfəvilərin əsas müttəfiqi olmaqla, əvvəlki ticarət əlaqələrini bərpa edə bilərdilər.

Səfəvi imperiyası bir çox baxımdan Osmanlı imperiyası ilə müharibələr aparırdı. Osmanlı imperiyasının əlverişli keçid məntəqələrini, ticarət yollarını ələ keçirdikdən sonra Səfəvi imperiyası əvvəlki ticarət gəlirlərindən, demək olar ki, məhrum olmuşdu. Büdcəyə Avropadan axan gəlirlər nəinki azalmış, hətta ticarət tənəzzülü başlamışdı. Digər tərəfdən isə, Osmanlı imperiyası ilə Səfəvi imperiyası arasında dini qarşıdurma halları özünü açıq şəkildə göstərirdi. Şərqi Anadolu bölgəsində Səfəvilərin şiəlik cərəyanını təbliğ etmələri Osmanlı sarayında qıcıq yaratmışdı. Qafqaza doğru yürüşlər edən Osmanlı imperiyası indi geniş əraziləri ələ keçirmiş və dünya ticarət yolları üzərində açıq meydan savaşı açmışdı.

Yuxarıda göstərilən bütün bu hallar Avropanın da diqqətindən yayınmamışdı. Osmanlı imperiyasına birbaşa savaş aça bilməyən Avropa dövlətlərinin saraylarında Səfəvilərlə müttəfiqlik məsələsi əsas müzakirə mövzusuna çevrilmişdi. Bu işə birbaşa rəhbərlik edənlər isə Fransa, İngiltərə və hələ də siyasi dağınıqlıq şəraitində yaşayan və Roma Papasının birbaşa nəzarətində olan İtaliya şəhər dövlətləri və Almaniya knyazlıqları idi. Avropa üçün hər tərəfdən əlverişli olan “bu müttəfiqlik necə qurulmalı və haradan başlamalı” məsələsi də kəskin sual kimi qarşıda dayanırdı.

Bu dəfə də xristian kilsəsi, Roma papaları liderliyi öz üzərlərinə götürdülər. Roma papaları tərəfindən istiqamətləndirilən katolik kilsələri fəaliyyətə keçdilər. Avropada “türk təhlükəsi” problemini əldə rəhbər tutan Papa VIII Klement Səfəvilər dövlətinə müxtəlif vaxtlarda dini missiyalar göndərməyə başladı. Yazışmalarda və səfəvi şahları ilə görüşmələrdə Səfəvilər imperiyasında yaşayan kafirlərin (burada kafir deyərkən, daha çox qriqorian məzhəbinə xidmət edənləri nəzərdə tuturdu – Z.Ə.) döndərilməsi, dini ayrıseçkiliklə mübarizə, İncilin təbliğ olunması müzakirə olunsa da, əsas hədəf xristian aləminin türklərdən (Osmanlılardan) qorunması üçün Səfəvi hökmdarları ilə dostluq münasibətlərinin qurulması idi.

Rusiyanın hədəfində

Böyük coğrafi kəşflərdən sonra Yaxın və Orta Şərqdə, Qafqaz regionunda maraqları toqquşan həm regional, həm də qlobal güclərin sırasına yenisi də daxil olmuşdu. Bu, Qızıl Ordunun zəifləməsindən sonra rus torpaqlarının birləşdirilməsi uğrunda mübarizəyə qoşulmuş Moskva knyazlığı idi. Hələ IV İvanın dövründə Qazan və Həştərxan xanlıqlarını işğal edən Rusiya, cənub və şərq sərhədlərini xeyli genişləndirərək, Qafqaza qədər gəlib çatmışdı. Genişlənməkdə olan yeni imperiyanın fəal işğalçılıq siyasəti Romanovlar sülaləsi dövründə daha aktiv fazaya qədəm qoydu. Xəzər dənizində hərbi-dəniz donanması yaradılması üçün ilk cəhd edildi. Elə bu dövrdən etibarən Rusiyanın xarici siyasətində üç məsələ – birincisi, Ukrayna və Belorusiya torpaqlarının işğal edilməsi, ikincisi, Baltik dənizinə çıxışın əldə edilməsi, üçüncüsü, Qara dənizə çıxışın əldə edilməsi – mühüm yer tuturdu. Beləliklə, Qafqazın şimalından yeni bir imperiyanın artan siyasi təsirləri regionun gələcək taleyini çox çətin sınaqlar qarşısında qoymuşdu. Bir tərəfdən Osmanlı imperiyası, digər tərəfdən Səfəvi imperiyasının timsalında müttəfiq axtarışında olan Avropa dövlətləri və nəhayət, Rusiya imperiyası Qafqazda nüfuz dairələri uğrunda mübarizəyə başlamışdılar. Sonuncunu fəal hərbi işğallara şirnikləndirən əsas məsələlərdən biri də I Pyotrun dövründə Şimal müharibəsində hərbi əməliyyatların uğurla başa çatması idi. Uğurlu hərbi əməliyyatlar çar Rusiyasını sərhədlərini təkcə Qafqaza doğru deyil, həm də Orta Asiya ərazilərinə doğru genişləndirməyə sövq edirdi.

Cənubi Qafqazın strateji əhəmiyyətini, əlverişli coğrafi mövqeyini dərk edən, onun zəngin yeraltı və yerüstü sərvətlərini ələ keçirməyə çalışan Rusiya və Qərb dövlətləri əvvəlki siyasi güclərin regionda zəifləmiş mövqelərini bütün vasitələrlə, hərbi və diplomatik yollarla doldurmağa çalışırdılar. Dünyanın üç qitəsində söz sahibi olmuş Osmanlı imperiyası XVIII əsrin sonu – XIX əsrin əvvəllərində müharibələr nəticəsində zəifləmiş, daxili sarsıntılar dövrünə qədəm qoymuşdu. Bundan istifadə edən İngiltərə və Fransa Osmanlı dövlətini özlərindən asılı vəziyyətə salmaq siyasəti aparırdılar. Qərb dövlətləri həm də bu yolla Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi vasitəsilə Yaxın Şərqdə, Qafqazda güclənməyə çalışan çar Rusiyasının qarşısını almağa çalışırdı. Rusiyanın Qara dənizdə, Balkan yarımadasında, Qafqazda möhkəmlənməsi Avropa dövlətlərini narahat edirdi. Beləliklə, sonralar “Şərq məsələsi” adlanan siyasətin əsası qoyuldu.

Bu siyasətin kökündə əvvəlcə Osmanlı imperiyasının Avropada işğallarının qarşısını almaq, sonralar isə nəhəng imperiya mirasına yiyələnmək və türk dünyasının bütövlüyünü parçalamaq dayanırdı. Hələ bu məqsədlə Avropada çağırılmış Vyana konqresindən sonra çar I Aleksandrın təklifi ilə bir “Müqəddəs İttifaq” da yaradılmışdı. Lakin sonralar çar Rusiyasının Qafqazda işğallarının genişlənməsi, xüsusilə Orta Asiyada nüfuz dairəsi uğrunda Böyük Britaniya ilə ciddi ixtilafa girişməsi Avropa dövlətlərini bu məsələdə bir qədər düşünülmüş addım atmağa sövq etmişdi. Getdikcə Rusiyanın Qafqazda, Orta Asiyada güclənməsi, Qara dənizə çıxış imkanlarının artması Avropanı çətin duruma salmışdı. Məhz bütün bu parametrlərdən çıxış edən Avropa siyasətçiləri, xüsusilə İngiltərə, Fransa və XIX əsrin sonunda siyasi dağınıqlıq mərhələsini geridə qoymuş Almaniya Balkan yarımadasından Aralıq dənizinə, Aralıq dənizi vasitəsilə Yaxın Şərq, Qafqaz və Hindistana kimi uzanan geniş ərazili coğrafi mövqeləri əllərində saxlamağı, bu ərazilərin bir qismində hegemonluq edən Osmanlı imperiyasının mülklərinə təkbaşına sahib olmağı hədəfə almışdılar.

İndi “Şərq məsələsi” artıq hədəfini dəyişmişdi. Avropadan başlayan hücum strategiyası geniş ərazili Osmanlı mülklərini də keçməklə, Hindistana kimi uzanmalı idi. Hədəfə necə çatmaq lazım idi, bu istəyi hansı qurbanlar və itkilərlə daha tez gerçəkləşdirmək olardı?

(Davamı  var)