Paşinyan iqtidarı çökür

Vasif MƏMMƏDOV

Azərbaycanın xarici siyasətinin əsas istiqaməti ölkəmizə qarşı xarici təhdidlərin, eləcə də Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni əməllərin qarşısının alınmasıdır.

Onu da qeyd edək ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən başqa, beynəlxalq münasibətlərdə gərginliyin artdığı, beynəlxalq hüquq norma və prinsiplərinin kobud şəkildə pozulduğu, beynəlxalq terrorizm təhlükəsinin artdığı, dövlətlərin daxili işlərinə müdaxilə edildiyi, qonşu regionlarda toqquşmaların davam etdiyi, yeni münaqişə ocaqlarının yarandığı, geosiyasi çətinliklər, eləcə də erməni lobbi dairələri və onları dəstəkləyən qüvvələrin Azərbaycana qarşı apardıqları dezinformasiya, təxribat kampaniyaları şəraitində müstəqil xarici siyasət həyata keçirməkdədir.

Lakin Ermənistan rəhbərliyinin “müharibə” ritorikasına baxmayaraq, münaqişə Azərbaycan ərazilərini işğal edən ermənilər üçün həll variantı deyildir. Son günlər təcavüzkar rejimin baş naziri Nikol Paşinyanın, eləcə də xarici işlər naziri Zöhrab Mnatsakyanın Azərbaycanın ünvanına tamamilə reallıqdan uzaq və danışıqların mahiyyətinə uyğun olmayan iddiaları belə deməyə əsas verir.

Digər tərəfdən isə, N.Paşinyan vəziyyəti qərəzli şəkildə gərginləşdirməklə, daxili auditoriyanın rəğbətini qazanmağa və bununla da hakimiyyətdəki mövqeyini qoruyub-saxlamağa çalışır. Təbii ki, N.Paşinyan Ermənistanda “məxməri inqilabla” Serj Sarkisyan rejimini devirdikdən sonra və bunun ardınca “süni islahatlar” adı altında oliqarxlaşmış, sabiq SSRİ və Rusiyaya yaxın məmur qvardiyasını kənarda qoymaqla, özünə kifayət qədər düşmən qazandığını yaxşı anlayır. N.Paşinyan onu da yaxşı bilir ki, sələfiləri Serj Sarkisyan və Robert Köçəryan, həmçinin onların himayədarları onu tutduğu mövqeyinə görə heç vaxt bağışlamayacaqlar. Bundan ehtiyat edən N.Paşinyan məhz vaxtaşırı Azərbaycanın işğal altında olan ərazilərinə səfər edərək, “Qarabağ Ermənistanındır”, “Qarabağ xalqı” və s. bu cür sərsəm iddialarla Dağlıq Qarabağ separatçılarının rəğbətini qazanmaq niyyətli çıxışlar edir.

Mesaj alındı

Məlum məsələdir ki, N.Paşinyanla Dağlıq Qarabağ separatçıları arasında fikir ayrılığı getdikcə dərinləşməkdədir. Buna misal olaraq, separatçıların lideri Bako Saakyanın və onun yaxın ətrafının N.Paşinyanı və Ermənistan hakimiyyətinin digər üzvlərini qəbul etməməsini göstərmək olar. Qarabağ separatçılarının isə iki tanınmış nümayəndəsi – Robert Köçəryan və Serj Sarkisyanın qohumlarına qarşı korrupsiya ittihamları ilə bağlı açılan cinayət işləri, həbslər məsələni daha da dərinləşdirərək, N.Paşinyan hakimiyyətinin laxlamasına gətirib çıxarda bilər.

Digər tərəfdən isə, Rusiya prezidenti Vladimir Putinin Ermənistanın həbs altında olan eks-prezidenti Robert Köçəryanın 65 illiyi ilə əlaqədar “Çoxillik dövlət fəaliyyətinizlə xaricdə də həmvətənləriniz arasında böyük hörmət qazanmısınız, müasir Ermənistanın inkişafına, Zaqafqaziyada təhlükəsizliyin və sabitliyin təmin edilməsinə mühüm töhfə vermisiniz və sizi dövlətlərimiz arasında müttəfiqlik münasibətlərinin möhkəmlənməsi üçün çox işlər görmüş Rusiyanın gerçək dostu kimi tanıyırıq” səpkili təbrik məktubu göndərməsi baş nazir N.Paşinyana mesaj göndərliməsi hesab etmək olar.

Aydın məsələdir ki, bu vaxta qədər Paşinyan Ermənistan xalqı və beynəlxalq birlik qarşısında verdiyi vədlərə dair heç bir əhəmiyyətli və ya ümumiyyətlə hər hansı bir inkişafa nail olunmayıb. Əksinə, Ermənistanda baş alıb gedən dərin yoxsulluq “beyinlərin” ölkəni tərk etməsinə gətirib çıxarıb. Bundan əlavə, Ermənistanın bütün energetika seqmenti hələ də Rusiya oliqarxlarına məxsus olduğu halda, heç də gələcəkdə Paşinyan hakimiyyətinə xoş günlər vəd etmir.

Ermənistan: “Köhnə hamam, köhnə tas” prinsipi

Hakimiyyətə gəldiyi gündən “iqtisadi inqilab”dan dəm vuran Paşinyanın Ermənistanda yeni hökumətin korrupsiyaya qarşı mübarizə barədə bəyanatlarına baxmayaraq, rəsmi mənbələr bu cür halların çoxaldığını etiraf etməli olub.

Bu barədə işğalçı ölkənin sabiq Milli Təhlükəsizlik Xidmətinin rəisi David Şahnazaryan iddia edərək, erməni xalqının oyanışının Nikol Paşinyanın hökuməti üçün təhlükəli həddə çatdığını bildirib. Onun sözlərinə görə, əvəllər Ermənistanda açıq-aşkar mövcud olan korrupsiya mexanizmləri nəinki aradan qaldırılmayıb, hətta daha da təkmilləşdiriliblər. Paşinyan hökuməti ən azı daha üç yeni mexanizm yaradıb.

Şahnazaryanın sözlərinə görə, indi Paşinyanın həyat yoldaşı tamamilə qeyri-şəffaf fondlar yaradır, onun adamları iri və orta biznes nümayəndələrinə qarşı reketçilikdən istifadə edirlər. O, istehza ilə xatırladıb ki, beynəlxalq təşkilatın adında olan “transparency” kəlməsi məhz “şəffaflıq” deməkdir.

Milli Təhlükəsizlik Xidmətinin sabiq başçısı onu da bildirib ki, Ermənistan hökuməti “inqilab” adı altında ölkədə vətəndaş cəmiyyətini məhv edib. Məsələn, mətbuat azadlığının qorunması ilə məşğul olan təşkilatlar müstəqil medianı boğmağa başlayıblar.

Bundan əlavə, bu yaxınlarda “Yerevan Today” xəbər portalı Ermənistan əhalisi arasında sorğu keçirib. Sorğuda iştirak edən Yerevan sakinləri bildiriblər ki, artıq Ermənistanda yaşamaq dözülməz həddə çatıb. Sakinlər daha çox maddi problemlərdən və işsizlikdən şikayətləniblər.

Diqqətə çatdırılıb ki, hazırki ölkə rəhbəri Nikol Paşinyan xalqa verdiyi vədlərin heç birinə əməl etməyib, insanlar aclıq və səfalət içində yaşayır. Yeni iş yerləri açılmır, gənclər və orta yaşlı insanlar işləmək üçün xarici ölkələrə üz tuturlar.

Ümumilikdə isə respondentlərin 75 faizi yeni hökumətə inanmadığını bəyan edib. Adıçəkilən KİV sorğunun nəticələri əsasında “Paşinyan xalq arasında nüfuzdan düşüb” adlı yazı dərc edib.

Bu minvalla küçə demokratiyası ilə hakimiyyəti ələ almış Nikol Paşinyanın iqtidarı, deyəsən, uzun sürməyəcək. Neçə deyərlər, hay-hayla gələn vay-vayla gedər…